“Rusiyanın avtomobil bazarı dərin böhran keçirir: satışlar azalıb, anbarlar dolub, yerli istehsalçılar Çin modelləri ilə rəqabət aparmaq iqtidarında deyil. Avtovaz hökumətin vəziyyətə təcili müdaxilə etməsini istəyir”.
Avtosfer.az xəbər verir ki, bu barədə “The Moscow Times” nəşri məlumat yayıb.
Nəşr yazır ki, iyunda satışların canlanmasına olan ümidlər puç olub. Ölkə üzrə 500 mindən çox təzə avtomobil müştəri gözləyir. Ekspertlərin fikrincə, bu tendensiya il sonunadək davam edəcək. 34 faiz endirimə rəğmən Lada avtomobillərinin satışları mayda 36 faiz geriləyib. Ötən ay cəmi 25 552 maşın satılıb. Ümumilikdə isə avtomobil bazarı ötən ay 28 faiz kiçilib.
Çin modellərinin kəskin qiymət endirimi Ladanın satışlarını iflic vəziyyətinə gətirib. Şirkətin rəhbərliyi bildirir ki, daha aşağı qiymətə satış mümkün deyil. Hökumət müdaxilə etməsə maşınları pulsuz vermək lazım gələcək.
UAZ-ın satışları qənaətbəxş olmasa da, zavodun ümumi vəziyyəti pis deyil. Yeganə səbəb ordunun sifarişlərinin yerinə yetirilməsidir.
2024-cü ilin mayında Volga brendi ilə elektromobil istehsalına dair layihə sonradan yaddan çıxdı. Rusiyanın bir çox saytından bu brendin dirçəldilməsinə dair məlumatlar silinib. Həmin tədbirdə Baş nazir Mişustinin sözü dillərdə əzbər olmuşdu. Avtomobilin sükanındakı Çin dilində loqonu görə hökumət başçısı demişdi: “heç olmazsa sükanı özümüz düzəldək”.
Bu da bir daha göstərir ki, 30 ildən çoxdur bazar iqtisadiyyatına keçən Rusiyanın avtomobil zavodları hələ də rəqabət şəraitində işləyə bilmir. Buna görə də dövlətdən sovet dövründəkinə bənzər rejim yaradılması tələb edilir: sərhəd bağlansın, xaricdən maşın gəlməsin, üstəgəl, hökumət istehsalata dotasiya versin. Artıq Rusiya büdcəsində bu cür dotasiyalara da vəsait tapılmır. Digər tərəfdən, vətənpərvərlik nağılları ilə artıq istehlakçıları aldatmaq çətinləşib.
Vüqar