Avropa İttifaqında (Aİ) 6 aylıq dövri əsasda həyata keçirilən sədrliyi bu gündən etibarən Polşadan Danimarkaya keçib.
"Cebheinfo.az" xəbər verir ki, yeni dövrdə Danimarka sədr ölkə olaraq müdafiə, rəqabət qabiliyyəti, “yaşıl keçid”, miqrasiya və genişlənmə mövzularına üstünlük verəcək.
Danimarka, ilin ikinci yarısında Aİ gündəminin formalaşmasında əsas rol oynayacaq və bu müddət ərzində sədrliyini “Dəyişən bir dünyada güclü bir Avropa” şüarı ilə həyata keçirəcək.
Kopenhagen rəhbərliyi, Avropanın müdafiə sahəsində strateji muxtariyyətini gücləndirmək, Aİ ölkələrinin qlobal bazarlarda rəqabət gücünü artırmaq, ittifaqın 2050-ci il karbon neytrallığı hədəfinə çatmasını asanlaşdırmaq, nizamsız miqrasiya ilə mübarizə aparmaq və genişlənmə prosesinə töhfə vermək niyyətindədir.
Qeyd edək ki, Danimarka, sədrliyi 1 yanvar 2026-cı ildə Cənubi Kipr Rum İdarəçiliyinə (CKRİ) təhvil verəcək.