EN

Yurdumuzu qoruyan ordumuz qəhrəmanlıq salnaməmizin müəllifidir - TƏHLİL

Silahlı Qüvvələrimiz  İkinci  Qarabağ müharibəsində qazandıqları Zəfərlə XXI əsrin beşinci nəsil müharibə tarixini yazdılar

Ulu Öndər Heydər Əliyevin  müasir Azərbaycan Ordusunun daha da qüdrətlənməsi istiqamətində apardığı islahatları  uğurla davam etdirən Prezident İlham Əliyev  Ali Baş Komandan kimi sərkərdəlik missiyasını da  şərəf və ləyaqətlə davam etdirir.  Varlığımızın, müstəqilliyimizin qarantı, sərhədlərimizin qoruyucusu,  ölkədə sabitliyin təminatçısı olan   Silahlı Qüvvələrimizin  Aprel döyüşlərində, İkinci Qarabağ müharibəsində göstərdiyi  şücaətin, hərbi hazırlığın, ən müasir döyüş texnikalarını idarətetmə  qabiliyyətinin beynəlxalq ekspertlər tərəfindən   etiraf  edilməsi   bir reallığı əks etdirir: Azərbaycanın Silahlı Qüvvələri Gənubi Qafqaz bölgəsinin  ən güclü ordusudur. Dünyada sayılıb-seçilən ordular sırasında  adının çəkildiyini  rəşadəti, hərbi hazırlığı, döyüş təcrübəsi,  ən müasir hərbi avadanlıq və  texnika ilə təmin olunması ilə təsdiqləyən  Silahlı Qüvvələrinin əsgər və zabitləri   XXI əsrin beşinci nəsil müharibə tarixini yazdılar.

2016-cı ilin   Aprel döyüşlərində , 2018-ci ilin mayında baş verən  Günnüt  əməliyyatlarında  gücünü göstərən  ordumuzun qüdrəti düşməni qorxuya saldı. Naxçıvan Muxtar Respublikasında  Əlahiddə Ümumqoşun Ordunun müdafiə zolağının ön xəttinin dövlət sərhədi boyu əlverişli mövqelərə irəli çəkilməsi Ermənistanı daha da sarsıtdı.

2020-ci ilin iyulunda  Tovuz rayonu istiqamətində təxribatlar törətməklə özlərinə qəbir qazan Ermənistanın sınıq-salxaq ordusu  onları gözləyən gücün, qüdrətin qarşısında  təslim oldular. Ali Baş Komandan İlham Əliyevin vurğuladığı  kimi, hər gün irəliyə gedən Azərbaycan əsgərləri qarşısında tab gətirə bilməyən ermənilərin fərarilərdən ibarət cılız dəstələrinə başçılıq edən, sinələrini dəmirlərlə bəzəyən  zabitləri belə   ilk günlərdən məhvə məhkum olduqlarını ağılların belə gətirə bilmədilər  2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində  Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə təkcə Azərbaycan tarixində deyil, dünyanın  hərb  tarixində də mühüm izlər qoydu. Cəmi 44 gün davam edən İkinci Qarabağ döyüşlərində düşmənə sarsıdıcı zərbələr vuran,   Kəlbəcəri, Laçını və digər əraziləri  silah işlətmədən  siyasi qüdrəti, diplomatiyasının gücü ilə azad edən Azərbaycanın  qəhrəmanlıq salnaməsinə  yeni səhifələr yazıldı. Bölgədə yaratdığı yeni  geostrateji və geosiyasi üstünlüklərini 2023-cü ilin sentyabrında  Qarabağda cəmi  23 saat ərzində aparılan lokal xarakterli  antiterror tədbirləri  sayəsində suverenliyini tam və qəti təmin edən Azərbaycan Ordusunun şücaəti hazırda dünyanın hərbi məktəblərində öyrənilir, təhlil olunur.

Azərbaycan xalıqını yenilməz iradəsinin  nəticəsi olan  Xocavənd rayonunun Hadrut qəsəbəsində,  Kəlbəcərdə  yeni  hərbi hissələrin yaradılması ilə komando birləşmələrinin   hazırlığının artırlması istiqamətində islahatların davam etdirilməsi müdafiə qüdrətimizin möhkəmlənməsinə göstərilən diqqətin təzahürü idi. Hadrut əməliyyatından sonra  Füzulinin,  Zəngilanın, Qubadlının,  Laçın rayonunun cənub hissəsinin  işğaldan azad edilməsi ilə  Şuşanın  işğaldan azad olunmasını tarixi hadisə adlandıran Prezident İlham Əliyevin vurğuladığı kimi, dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində Şuşa əməliyyatı haqqında indi müzakirələrin aparılması, Silahlı Qüvvələrimizin döyüş taktikasının öyrənilməsi ordu quruculuğunda davamlı  aparılan islahatların, ordumuzun ən müasir hərbi texnika və avdanlıqlarla təmin olunmasının nəticəsidir. Ermənistanla sərhəddə açılan hərbi hissələr hesabına  mövqelərimiz möhkəmlənir, ordu quruculuğu prosesi sürətlə  davam edir.

Müzəffər Azərbaycan Ordusu tarixi missiyasını şərəflə yerinə yetirdi. Azərbaycan xalqı  haqq-ədaləti öz gücü ilə bərpa edərək Ermənistanı kapitulyasiya aktını imzalamağa məcbur etdi. Güclənən maliyyə  imkanları hesabına  Silahlı Qüvvələrimizin ən müasir hərbi texnika, avadanlıqlarla təmin edilməsi  iqtisadi müstəqilliyimizin, Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrimizin hazırlığına göstərdiyi diqqətin,  xalq –ordu birliyinin, gənclərimizdə daim yüksək olan  vətənpərvərlik ruhunun  nəticəsidir.
«Bu gün Azərbaycan gəncləri vətənpərvər gənclərdir, Vətənə bağlıdır və Vətən müharibəsi bunu bütün dünyaya göstərdi. Bizi Qələbəyə aparan ən başlıca amil milli ruh, ləyaqət, Vətənə sevgi idi və bunu gənc nəslin nümayəndələri, müstəqillik dövründə yetişən gənclər etdilər. Öz canlarını fəda edərək, ölümə gedərək bunu etdilər» söyləyən Prezident  İlham Əliyevin  vurğuladığı kimi,  torpaq uğurunda  şəhid olan gənclərimiz öz qanları ilə Azərbaycanın qəhrəmanlıq tarixinə yeni səhifələr yazdılar.

44 gün davam edən Vətən müharibəsində 30 illik işğala son qoyan  Silahlı Qüvvələrimiz  əcdadlarımızın ruhu və gələcək nəsillər qarşısında tarixi missiyanı yerinə yetirdi. Ermənistan ordusu 44 gündə darmadağın edildi.   « Azərbaycan torpaqlarını heç vaxt azad edə bilməz» iddiası ilə  işğal etdikləri torpaqlarda əbədi yaşayacaqlarını zənn edən ermənilərin, onların havadarlırının sərsəm xəyalarını cəarətləri, yenilməzlikləri ilə  yox edən   qəhrəman   əsgər və zabitlərimiz düşmənin  «yenilməz ordu  mif»ni dağıtdılar. Havadarları Fransanın dəstəyi ilə  «möhkəmləndirdikləri» istehkamlarını dəf etdilər. Ermənistanın sınıq-salxaq hərbi texnikaslarının  paytaxtımızda salınan Hərbi Qənimətlər Parkında  hələ də  yuxuya getmələri şanlı ordumuzun  cəsarət salnaməsidir. Bu gün də Ermənistanda özlərinə tərəfdaş toplayaraq hakimiyyətə gəlmək istəyən bu ölkənin sabiq prezidentləri Serjik Sarkisyanın, Robert Koçaryanın, hazırda Azərbaycan ədalət məhkəməsi qarşısında cavab verən  cinyətkarların formalaşdırdıqları «ordularının»  yasını tutmaları bir həqiqəti subut edir: Ermənistan heç bir zaman qalib Azərbaycanla müqayisə olunmayacaq dərəcədə zəif toplumdur.  Prezident İlham Əliyevin «Ancaq biz Serjiki məğlub etmişik, onu diz çökdürmüşük, onun belini qırmışıq. O, bizim qabağımızda, onun qurduğu ordu bizim qabağımızda diz çöküb. Bu gün mən buradayam, Ali Baş Komandan kimi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisindəyəm. Serjikin kişiliyi çatırsa, gəlsin bura. O, kişilikdən danışır. Qafqazda kişilikdən danışır. Birincisi Qafqaza bunun millətinin heç bir aidiyyəti yoxdur. Onlar gəlmədirlər, haradan gəliblər, hamı yaxşı bilir. İkincisi, kişilikdən danışırsansa, gəl kişi kimi buraya. Bax, mən burada dayanmışam. Sənin «Madagiz”» adlandırdığın Suqovuşanda dayanmışam. Kişiliyin varsa, gəl buraya. Yoxsa orada - İrəvanda oturub banlamaqla özündən qəhrəman düzəldə bilməzsən. Demişəm bir dəfə, hələ sinəsində gəzdirdiyi o dəmir-dümürləri zibil yeşiyinə atsın. Onların heç bir qəpik də qiyməti yoxdur. Ona ən yaxşı cəzanı da erməni xalqı verib, 2018-ci ildə bir təpiklə onu vəzifədən qovub» sözlərini hələ də kreslo həvəsində olan körpə qatili  Serjik Sarkisyana xatırlatmağın  yeridir.

Ordu quruculuğu  sahəsində  bu gun də davam edən islahatlar Müdafiə Nazirliyi tərəfindən hazırlanan Hərbi Doktrina və «Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq konsepsiyası»” əsasında həyata keçirilir.  Hərbi sahədə beynəlxalq əməkdaşlıq  şaxələndirilmiş prinsiplər əsasında  müəyyənləşdirilir.  Azərbaycan qonşu Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və digər  ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi sahələrdə  əməkdaşlıq edir.  Bu sahədə Türkiyə,  Pakistan, İsrail dövlətləri, NATO bloku ilə münasibətlər daha çox diqqəti cəlb edir.

 İkinci Qarabağ müharibəsində də Azərbaycanın yanında olan qardaş Türkiyə ilə Pakistanın siyasi, mənəvi dəstəkləri xalqımıza, ordumuza güc verdi. 2010-cu il sentyabrın 15-də imzalanmış «Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında» Müqavilə əsasında  ” Azərbaycanla Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması ilə  qarşıdakı illər üçün  nəzərdə tutulan baza formalaşdırıldı. Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsi ilə  hərbi sahədə  əlaqələrin daha da genişlənməsi təmin olundu. 2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın  imzaladıqları Şuşa Bəyannaməsi Cənubi Qafqazda strateji güc balansı və təhlükəsizliyin təminatı üçün Türkiyənin hərbi iştirakının vacib olduğunun təsdiqi idi. İki ölkənin silahlı qüvvələrinin müştərək fəaliyyətlərinin planlaşdırılması, müdafiə sənayesi sahəsində əməkdaşlığın gücləndirilməsi,  ölkəmizdə  Türkiyə hərbi sənayesinin istehsalı olan «Bayraktar”» pilotsuz uçuş aparatlarının  istehsalı ilə bağlı razılıq əldə olunması iki qardaş ölkə arasındakı hərbi əməkdaşlığın davamlı olacağını  bildirir. Türkiyə ilə Azərbaycanın  müxtəlif sahələri əhatə edən hərbi birləşmələrinin birgə iştirakları ilə  «TUR-AZ», «Sarsılmaz dostluq» adlı təlimlər hərbi sahədə əməkdaşlığın daha bir nümunəsidir.

Azərbaycanın hərbi sahədə və xarici siyasətdə mühüm tərəfdaşlarından biri  olan Pakistan İslam Respublikası təkcə  beynəlxalq arenada deyil, hərbi , müdafiə sahəsində də ölkəmizi dəstəkləyir.  Türkiyə kimi Pakistan da daim Azərbaycanın yanında olan qardaş ölkədir. Bu yaxınlarda Laçında  hər üç dövlətin liderlərinin  iştirakı ilə Zirvə görüşünün keçirilməsi bu birliyin sarsılmazlıq nümunəsidir.

NATO ilə  «Sülh Naminə Tərəfdaşlıq»” proqramı çərçivəsində əməkdaşlıq , münaqişələrin baş verdiyi ölkələrdə sülhyaratma  missiyasında iştiak edən Azərbaycanın hərbçilərinin  hazırılığının Şimali Atlantika  Alyansının mütəxəssisləri tərəfindən yüksək dəyərləndirilməsi müdafiə qüdrətimizə verilən qiymətdir. İsrail dövləti ilə hərbi əməkdaşlıq da  Azərbaycanın beynəlxalq hərbi strategiyasında mühüm yer tutur.   Ötən il Qazaxıstanın, Özbəkistanın, Azərbaycanın, Qırğızıstanın və Tacikistanın,  Qazaxıstanda birgə iştirakı ilə keçirilən «Birləşdik – 2024»” hərbi təlimləri Türk Dövlətləri Təşkilatına üzv ölkələrin müdafiə qüdrətinin təzahürü idi.

  Hər il iyun ayının 26-da  paytaxtımızda, respublikanın hər yerində  Silaşlı Qüvvələr Gününün əsl bayram kimi qeyd olunması xalq-ordu birliyinin təzahürüdür.  Müzəffər Ali Baş Komandan  İlham Əliyevin « Əgər Ermənistan sərhədlərin müəyyən edilməsi işində yenə də öz köhnə taktikasına qapılsa, vaxt uzatmağa çalışsa, nəticədə özü peşman olacaq. Biz Ermənistanda baş qaldıran revanşist qüvvələrin hərəkətlərinə diqqətlə baxırıq. Onlar da bunu bilsinlər. Bax, o dağın başında mənim sözlərim yazılıb: «Dəmir yumruq” yerindədir, bunu heç kim unutmasın”» sözləri  qarşıdakı illərdə bir çox hərbi hissələrin açılış mərasimlərində səslənəcək.

Xuraman İsmayılqızı, "İki sahil"

Chosen
4
50
ikisahil.az

10Sources