EN

Niyə polkovniki bu cür rəzil etmək istəyirlər? – ŞOK MÜRACİƏT

Mirzə Cəlilov “özünə polkovnik rütbəsi verdiyi zaman” dövlətin rəsmi qurumları hara baxırdı?

Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin sabiq rəisi, polkovnik Mirzə Cəlilovun Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. İyunun 24-də Naxçıvan Hərbi Məhkəməsində hakim İlham İbrahimovun sədrlik etdiyi prosesdə çıxışlar olub.

Bəzi saytlar yazır ki, məhkəmə baxışı zamanı, Mirzə Cəlilovun öz-özünə polkovnik rütbəsi verməsi ilə bağlı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunduğu da müəyyən edilib.

Dövlət ittihamçısı çıxışında Mirzə Cəlilovun vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və rüşvət almaqda təqsirli bilinməklə 10 il müddətinə azadlıqdan məhrum olunmasını istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış edərək həmin dövrdə olan vəziyyətlərin nəzərə alınmasını, cəzanın yüngülləşdirilməsini, AR Cinayət Məcəlləsinin müvafiq maddəsinə əsasən təqsirləndirilən şəxsə şərti cəza verilməsini məhkəmədən xahiş edib.

Mirzə Cəlilov məhkəmədə son söz deyib. O, sadəcə verilən tapşırıqları icra etdiyini, buna görə də özünü qismən günahkar hesab etdiyini və ona şərti cəzanın verilməsini məhkəmədən xahiş edib.

Məhkəmə qərar vermək üçün müşavirəyə gedib. Müşavirədən sonra hökm oxunub. Məhkəmə M.Cəlilovu ittiham edildiyi maddələrlə təqsirli hesab edib. Hökmə əsasən o, 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

Qeyd edək ki, Mirzə Cəlilova qarşı səslənən ittihamlar, xüsusilə də “öz-özünə polkovnik rütbəsi verməsi” haqda iddialarla əlaqədar “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Müəllif qeyd olunan iddianı tamamilə absurd hesab edir. Məktubu olduğu kimi dərc edirik:

“Hörmətli redaksiya”

İlk öncə, 13.05.2025-ci il tarixində “Hürriyyət”də Səfərbərlik Xidmətinin Naxçıvan Baş İdarəsində rüşvət və korrupsiyaya yol verən dəstə başçısı və üzvləri barəsində faktları ictimaiyyətə çatdırdığınıza görə, sizlərə dərin təşəkkürümüzü bildirik. Mövzumuzu isə, "Mirzə Cəlilov Naxçıvanın bəzi keçmiş nazir və komitə rəhbərləri kimi 128 milyon, yoxsa 140 milliyon mənimsəyib? Yoxsa Naxçıvanın Hərbi Məhkəməsi məhkəmədə adları çəkilən rüşvətxor dəstənin mənimsədiyini Mirzə Cəlilovun üstünə “bələmək” istəyir?" adı ilə sizlərə bildirmək istəyirik.

Məhkəmənin gedişatında belə aydın oldu ki, Mirzə Cəlilovun vəkili Vüsal Həsənov ya tutduğu postu, Naxçıvan Vəkillər Kollegiyasının sədri vəzifəsini itirməkdən qorxur, ya da vəkilliyini düzgün icra edə bilmir.

Odur ki, Mirzə Cəlilovun məhkəməsində adları çəkilən, üzəduran rüşvətxor dəstə barəsində Azərbaycan Respublikası qanunları çərçivəsində düzgün qərarın verilməsi üçün buradan cənab Prezidentə səsimizin çatdırılmasını istəyirik. Ölkə başçısına bildirmək istəyirik ki, Mirzə Cəlilovun barəsində 23.12.2024-cü il tarixdən başlayan məhkəmə istintaq prosesində adları sadalanan, yaxşıca rüşvət, korrupsiya işinə görə mayor rütbəsindən polkovnik-leytenant rütbəsinə və vəzifəcə irəli çəkilən dəstə başçı Lətif Şükürlü, dəstənin üzvləri, “siyasətinə heyran olduğum” adı ilə tanınan, restoranı və evləri olan Anar Aqilov, “İzmirli oğlan” kimi tanınan Hafiz Nəcəfov, Kərəm Mustafayevin “əlöpənliyi” ilə 24 ildir hərbi komissarlıqdan şöbə rəisi vəzifəsinə kimi yüksələn və hazırda da fəaliyyət göstərən, Bakının “Ağ şəhər”ində evləri olan Vüsal Məmmədov, Babək rayonunda “baytar mayor” kimi tanınan Amil Həsənov, “qədeş” kimi namı gəzən Məmməd Hüseynov, öz rüşvət əməlinə görə Ordubad rayonunda keçmiş hərbi komissarın üzünə dirənərək, onu tutdurub vəzifəsinə keçən və indi də Baş idarədə şöbə rəisi işləyən Vüqar Rəhimli, Mirzə Cəlilov tərəfindən hərbi xidmətdən qovularaq və ehtiyata buraxılmasına baxmayaraq, dəstə başçısı Lətif Şükürlü ilə əlbir olub, özünə taksilər, dükanlar, evlər alan, “evyıxan” adı ilə tanınan Cəfər Hüseynov və onun “oğulluqları” adı ilə tanınan Coşqun, Elşad və digərləri barəsində Naxçıvan Hərbi Məhkəməsinin hakimi və ya Mirzə Cəlilovun vəkili Vüsal Həsənov tərəfindən heç bir icbari və ya inzibati tədbirlər görülməmişdir. Hətta həmin dəstənin inzibati məsuliyyətə cəlb olunması barədə heç bir hüquqi addımlar atılmamışdır.

Əgər vəkil Vüsal Həsənov həmin proseslərdə bu dəstə barəsində Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Qanunlarını düzgün, qərəzsiz icra etsəydi, ilk öncə onların korrupsiya əməllərinə görə keçmiş “gestapo” Cəlil Rüstəmovun hesabına onlara verilən prezident adına medallardan başlayardı. Çünki həmin medallar şəhidlərimizin və qazilərimizin adına verilən medallardan biridir. İndi siz deyin ey vətən oğulları, sizlərin qanı, canı bahasına alınan o medallar bunlara halaldır, yoxsa haram? Əlbəttə, bunlar Prezidentin fərmanı ilə yaranan bu qurumda, yəni Səfərbərlik Xidmətinin Naxçıvan Baş İdarəsinin tabeliyində etdikləri korrupsiya əməllərinə görə vəzifəcə irəli çəkilirsə, dövlətin hakimi və vəkili də bunlara göz yumursa, yəqin ki, bunlara hakim Şərəf ordeni də verər və bu dəstənin dövlət qulluğundakı yeni "üzədurma ştatı"na görə, dövlət adına fəxri fərmanla da Azərbaycan Respublikası Səfərbərlik Xidmətinin rəisinə göndərər.

Hörmətli redaksiya!

Onu da bildirirəm ki, Mirzə Cəlilov 27.04.2020-ci il tarixində vəzifəyə təyin olunanda, ona Naxçıvan MR Ali Məclisi sədrinin öz imzası və möhürü ilə təsdiq edilmiş 1/13 nömrəli polkovnik rütbəsinin verilməsi barədə vəsiqəni də Ali Məclisin keçmiş hüquq şöbəsinin müdiri, “gestapo” Cəlil Rüstəmov şəxsən təqdim etmişdir. O, bu vəsiqəni Mirzə Cəlilova təqdim edərkən, "bu, cənab sədrimizin sənə göstərdiyi böyük etimatdır", - deyə bildirmişdik. İndi məhkəmin hakimi İlham müəllim qərar çıxarıb ki, guya Mirzə Cəlilov öz-özünə polkovnik rütbəsi veribmiş, özü də kimin vaxtında, keçmiş sədr Vasif Talıbovun. Buyurun, bu da Ali Məclisi sədrinin imza və möhürü ilə təqdim edilmiş həmin polkovnik vəsiqəsi.(FOTO)

“Gestapo” Cəlil Rüstəmov da yaxşı bilirdi ki, Talıbovun vaxtında ondan xəbərsiz heç kim özünə rütbə nədir, heç vəzifə də verdirə bilməzdi. Yenə yaxşıdır, hakim qərar çıxarmadı ki, Mirzə Cəlilov özünə general-mayor rütbəsi veribmiş.

Məhkəmin hakimi və Vəkillər Kollegiyasının sədri Vüsal Həsənov bu prosesdə vəzifə və səlahiyyətlərini Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası qanunlarına yox, özlərinə xeyir edən, qanundan kənar şəkildə yaxşı icra etdilər. Bir hakim ki, vəsiqənin üzərində olan möhür və imzanı araşdırıb düzgün qərar verə bilmirsə, deməli, Azərbaycanda ya qanun işləmir, ya da təyin olunan belə hakimlər və Vəkillər Kollegiyasının sədri verilən qərarları yox, özlərinə xeyir edən qərarları icra edirlər və cəmiyyətin dövlətin qanunlarına etibarını sarsıdırlar. Bəs bilmirlər ki, onları təyin edən Prezidentimizin siyasətinə xələl gətirirlər? Bilmirlər ki, cənab Ali baş komandanın onlara göstərdiyi etimatdan sui-istifadə edirlər?!

Xatırladaq ki, Mirzə Cəlilov DTX tərəfindən həbs edilib. DTX-nin İstintaq baş idarəsində istintaq olunan iş üzrə Mirzə Cəlilov AR Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3, 32.5, 321.1 və 341.1-ci maddələri təqsirləndirilir.

Mirzə Cəlilov Naxçıvan MR-in Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi vəzifəsindən əvvəl Naxçıvan Şəhər Polis İdarəsinin rəisi işləyib.

Hazırladı: Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

 

Chosen
39
hurriyyet.az

1Sources