Son günlər Rusiya ərazisində azərbaycanlılara qarşı artan zorakılıq, təqib və kütləvi həbslər fonunda ictimaiyyətin diqqətini çəkən gözlənilməz bir hadisə baş verdi – uzun müddətdir medianın gündəmindən uzaq düşmüş tanınmış azərbaycanlı milyarder və hüquqşünas İlham Rəhimov qəfil səhnəyə çıxdı.
İlham Rəhimov – Vladimir Putinin tələbəlik dostu, Rusiyada azərbaycanlı icması içində "İlham-Putinka" ləqəbi ilə tanınan şəxs – bəyan etdi ki, azərbaycanlılara qarşı törədilmiş zorakılıq halları araşdırılmalı, günahkarlar tapılıb cəzalandırılmalıdır. Rusiya mediası isə bu çağırışı dərhal şüarla təqdim etdi: “Putinin dostu ədalət tələb edir!”
Bəs bu çıxışın arxasında nə dayanır? Rəhimov həqiqətənmi azərbaycanlıların hüquqlarını qorumağa çalışır? Yoxsa bu, yeni bir siyasi oyunun başlanğıcıdır?
Ədalətə çağırış – doğru niyyət, yoxsa oyun elementidir?
Rusiya kimi hüquq sisteminin “əlçatan” olmadığı bir ölkədə, harada ki, ədalət çoxdan sürgünə göndərilib, qəfil bir milyarderin hüquqi islahat və ədalət çağırışları bir qədər ironik səslənir. İlham Rəhimovun bu çıxışı Rusiyada heç kim tərəfindən ciddi qəbul edilmir. Çünki hamı yaxşı anlayır: bu cür kütləvi zorakılıqlar müstəqil təşəbbüs deyil – bu, mərkəzdən verilmiş sifariş və göstərişlər əsasında həyata keçirilən idarəetmə metodudur.
Əgər Rəhimov həqiqətən obyektiv istintaq tələb edirsə, bəs o zaman niyə sadə, lakin mühüm bir sual vermir: Bu əmri konkret olaraq kim verdi? Hansı vəzifəli şəxs azərbaycanlılara qarşı repressiyalara yaşıl işıq yandırdı?
Moskva və Bakıya mesaj?
Bəzi müşahidəçilər Rəhimovun bu çıxışını təkcə ədalət çağırışı yox, həm də özünü siyasi meydanda yenidən xatırlatma cəhdi kimi qiymətləndirirlər. Həm Moskvaya, həm də Bakıya göstərmək istəyir ki, hələ də “oyunun içindəyəm”. Hələ də təsirli, nüfuzluyam. Hələ də Putinlə eyni süfrə arxasında otura, onunla “işgüzar səhər yeməyi” yeyə bilərəm.
Bəlkə də bu bəyanat, sadəcə Kremlin narazı azərbaycanlıları sakitləşdirmək üçün seçdiyi taktiki bir gedişdir – sanki “baxın, sizin də səsiniz eşidilir, sizin də təmsilçiniz var” görüntüsü yaratmaq üçün.
Gerçək həqiqət: Kremlin razılığı olmadan heç nə olmur
Rusiya kimi avtoritar sistemdə belə aksiyalar – xüsusən də milli azlıqlara qarşı – mərkəzdəki siyasi iradə olmadan mümkün deyil. Heç kim inanmır ki, bu zorakılıq “aşağı səviyyəli” qüvvələrin təşəbbüsü ilə baş verir. Bu səbəbdən də Rəhimovun çıxışı yalnız ritorik səslənir və konkret nəticə vəd etmir.
Əgər Rəhimovun doğrudan da nüfuzu və iradəsi varsa – niyə o, dostu "raşizmin kralına" zəng etmir? Niyə Kremlin repressiv maşınına qarşı açıq mövqe göstərmir?
Sonda
İlham Rəhimovun qəfil və səsli çıxışı bir çox suallar doğurur. Onun bu ritorikası – həqiqi narahatlıqdan doğan ədalət axtarışı, yoxsa siyasi farsın yeni seriyasıdır? Rusiya reallığında cavab çox vaxt ritorik olur. Ədalət tələb edənlər ya susdurulur, ya da “imitasiya” ssenarisinin tərkib hissəsinə çevrilirlər.
Bu baxımdan, Rəhimovun bəyanatı da Kremlin yazdığı, rejissorluğunu isə siyasi təbliğatın etdiyi bir tamaşanın növbəti səhnəsinə bənzəyir. Yalnız tamaşaçılar dəyişir, səhnə isə eyni qalır.
Qeyd: Məqalədə Eynulla Fətullayevin sosial mediada yazdığı statusdan istifadə edilib.