Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsinə və mövcud infrastrukturun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Fəaliyyət Planı”nın məqsədi cəzaçəkmə müəssisələrində peşə təhsilini əmək bazarının tələblərinə uyğunlaşdırmaq, bununla bağlı mövcud infrastrukturunu təkmilləşdirmək, məhkumları yenidən cəmiyyətə qazandırmaq, təkrar cinayət hallarını azaltmaqdır. Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsi Nazirlər Kabinetinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) tərəfindən həyata keçiriləcək.
“İki sahil”in məlumatına görə, İİTKM-in Monitorinq və qiymətləndirmə şöbəsinin aparıcı məsləhətçisi Samir Rəhimov bildirib ki, peşə təhsili cəza sistemində yalnız bərpa aləti deyil, həm də sosial yenidənqurma vasitəsi kimi rol oynayacaq. Bu sistem cəmiyyətə faydalı üzvlərin yetişdirilməsinə, təkrarlanan cinayət hallarını azaldılmasına və sosial rifahın artmasına töhfə verəcək.
Fəaliyyət Planı çərçivəsində cəzaçəkmə müəssisələrində fəaliyyət göstərən peşə təhsili müəssisələrində normativ hüquqi bazanın təkmilləşdirililməsi nəzərdə tutulub. Bu, peşə təhsilinin cəzaçəkmə müəssisələrinin daxili nizam-intizam və idarəçilik strukturuna uyğunlaşdırılmasına şərait yaradacaq, həmçinin təhsilin dayanıqlı, şəffaf və sistemli aparılmasına zəmin yaradacaq. Bu yanaşma yalnız inzibati mexanizmləri deyil, həm də insan həyatının dəyişməsini hədəfləyəcək. Samir Rəhimov vurğulayıb ki, islahatlar nəticəsində məhkumlar peşə öyrənərək azadlığa ümidlə çıxacaq, işəgötürənlər riskə yox, fürsətə və əməyin nəticəsinə baxacaq, cəmiyyət isə daha təhlükəsiz və sosial ədalətli olacaq.
Bununla yanaşı, cəzaçəkmə müəssisələrində peşə təhsilindən yararlanmış şəxslərin işlə təmin olunması istiqamətində dövlət tərəfindən sahibkarlara (işəgötürənlərə) dəstək mexanizmlərinin formalaşdırılması, məhkumlara dair təhsil və peşə məlumatlarını əks etdirən vahid informasiya sisteminin yaradılması və bu istiqamətdə normativ hüquqi bazanın təkmilləşdirilməsi də nəzərdə tutulub. Beləliklə, sahibkarlar tərəfindən cəzaçəkmə müəssisələrinin ərazisində yeni istehsalat və xidmət sahələrinin yaradılması və məhkumlara münasibətdə peşə təhsili proqramlarının cəzaçəkmə müəssisələrinin daxili qaydalarına uyğunlaşdırılması təmin ediləcək.
Fəaliyyət Planında peşə təhsili məhkumların sosial reabilitasiyası və asayişin bərpası baxımından həlledici vasitə kimi qiymətləndirilib. Tədqiqatlar göstərir ki, peşə bacarıqları qazanan məhkumların həbsdən sonra təkrar cinayət törətmə riski əhəmiyyətli dərəcədə azalır. Ümumilikdə peşə təhsilinin gücləndirilməsi və infrastrukturun təkmilləşdirilməsi cəza sistemində transformasiya önəmi daşıyaraq məhkumları yalnız bacarıqlı və bazara çıxışı olan əməkçi kimi hazırlamaqla deyil, eyni zamanda cəmiyyətin ümumi təhlükəsizliyinə və sosial rifahına, məhkumluqdan azad edilmiş şəxslərə qarşı formalaşmış mənfi fikirlərin aradan qaldırılmasına və onların islah olunmasına birbaşa təsir göstərəcək. Bu sahədə əlaqələndirilmiş dövlət və özəl sektor, qeyri‑hökumət təşkilatları və ekspertlərin əməkdaşlığının təmin olunmasına dair şəffaf fəaliyyətin aparılması effektiv sistemin qurulmasında mühüm rol oynayacaq.
Cəzaçəkmə müəssisələrində ənənəvi peşələrlə yanaşı, artıq İKT sahəsində də tədrisin təşkili, ixtisaslaşmış mütəxəssislərin dəvət olunması, məhkumların əməyə marağının artırılması, onların ixtisaslarına uyğun iş imkanları və karyera perspektivləri baxımından istiqamətləndirilməsi, peşə təhsili almış məhkumların psixoloji vəziyyətinin öyrənilməsi və ən nəhayət məhkumların azadlığa buraxıldıqdan sonra əmək bazarında tələb olunan peşələrə sahib olması, cəza siyasətindən reabilitasiya siyasətinə keçidin mühüm göstəricilərindən biri kimi qəbul ediləcək.
Məhkumların cəzaçəkmə müəssisələrində ödənişli fəaliyyətə cəlb edilməsi ilə bağlı prioritet istiqamətdə göstərilən tədbirlərin icrası isə müasir cəza siyasətinin təkcə cəza vermək yox, həm də islah və yenidən cəmiyyətə qazandırma funksiyasını daşımalı olduğunu bir daha ortaya qoyacaq. Bu baxımdan məktəbli məhkum modelindən bacarıqlı işçi modelinə keçid zərurəti özünü getdikcə daha qabarıq göstərəcək. Məhkumların öyrəndikləri peşə üzrə ödənişli fəaliyyətə cəlb olunması onların iqtisadi asılılığını azaldacaq və azadlıqdan sonra əmək bazarına uğurlu keçidini təmin edəcək.
Samir Rəhimov əlavə edib ki, məhkumların cəmiyyətə uğurlu reinteqrasiyası üçün onların əmək bazarının real tələblərinə uyğun sahələrdə peşə təhsili alması vacibdir. Bunun üçün Fəaliyyət Planına əsasən zəruri infrastruktur yaradılacaq, əmək bazarının tələb etdiyi peşələr üzrə sertifikatlaşdırılmış və tətbiq yönümlü kursların təşkili üçün təlim-tədris proqramları uyğunlaşdırılacaq. Yəni bu, yalnız bir hüquqi tədbir deyil, eyni zamanda vətəndaş qürurunu bərpa edən, cəmiyyətin gələcəyini möhkəmləndirən əsaslı bir sosial islahatdır.