EN

"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir

"Kapital Bank"ın məhsul yönümlü düşüncə tərzini gücləndirmək və gənc istedadları bu sahəyə cəlb etmək məqsədilə həyata keçirdiyi “PO Growth” inkişaf proqramı uğurla başa çatıb. Proqram iştirakçıları məhsulun ideyanın yaranmasından — ilkin tədqiqat və ehtiyacların müəyyənləşdirilməsi mərhələsindən başlayaraq istifadəyə verilməsi və sonrakı post-analiz mərhələsinə qədər olan bütün inkişaf dövrünü əhatəli şəkildə öyrənmək imkanı əldə ediblər.

Proqrama 493 nəfər müraciət edib və onlardan yalnız 33 nəfər seçim mərhələlərini uğurla keçərək layihədə iştirak hüququ qazanıb. Dörd ay davam edən proqramda iştirakçılar 5 modul üzrə intensiv təlimlərə cəlb olunublar. Təlimlər yalnız nəzəri deyil, həm də praktiki nümunələr, testlər və interaktiv vörkşoplar vasitəsilə iştirakçıların biliklərinin möhkəmləndirilməsi də təmin olunub.

Proqramın fərqləndirici cəhətlərindən biri də ondan ibarət olub ki, iştirakçılar yalnız biznes sahəsində deyil, texniki aspektlər üzrə də məlumatlandırılıblar. Onlara məhsulun inkişafında sistemli yanaşma və müştəri ehtiyaclarının düzgün təhlili ilə bağlı praktiki biliklər qazandırılıb. Eyni zamanda liderlik, komanda işi və effektiv ünsiyyət kimi yumşaq bacarıqlar da proqram çərçivəsində inkişaf etdirilib.

Təlimlər Kapital Bank-ın müxtəlif sahələrindən olan təcrübəli rəhbər heyət üzvləri, məhsul sahibləri və çevik idarəetmə üzrə ixtisaslaşmış peşəkarlar tərəfindən keçirilib. Bu isə iştirakçılara real təcrübədən öyrənmək və bütün suallarına əhatəli cavab almaq fürsəti yaradıb.

Chosen
2
50
publika.az

10Sources