EN

Musiqi məktəbləri müəllimlərinin attestasiyası necə gedir? - FOTOLAR

Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası davam edir.

"Cebheinfo.az" xəbər verir ki, iyulun 1-də Bakı Xoreoqrafiya Akademiyasında keçirilən attestasiya prosesi ilə yaxından tanışlıq məqsədilə növbəti infotur təşkil olunub.

Attestasiya prosesi haqqında məlumat verən mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov deyib ki, nazirliyin tabeliyindəki təhsil müəssisələrində çalışan müəllimlərin attestasiyası onların ixtisasına, peşəsinə müvafiq olaraq tutduqları vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə həyata keçirilir. Diqqətə çatdırıb ki, 2025-ci il üçün nəzərdə tutulan attestasiya prosesi yekunlaşır.

Onun sözlərinə görə, nəzarət otağındakı monitorların hər biri attestasiyanın keçirildiyi müxtəlif otaqlara həm səsli, həm də görüntülü formada bağlıdır. “Hətta burada da kameralar var, nəzarət edən insanların özünə də nəzarət olunur. Bu addımlar bütün prosesin şəffaf olması üçün atılıb. Dördaylıq prosesin sonunda dəyərləndirmə ilə bağlı hər hansı mənfi hal aşkarlanmayıb. Şübhəsiz ki, insanlar öz nəticələrindən narazı ola bilərlər və bu, hər zaman mümkündür. Bununla bağlı müraciətləri biz həmin kamera görüntülərindən sonra dəyərləndiririk və xüsusi ayrılmış komissiya tərəfindən dəyərləndirilir. Əgər müvafiq müdaxilələr varsa, buna uyğun olaraq rəy verilir və müxtəlif qərarlar qəbul edilir. İlk dəfə olaraq bu prosesi Mədəniyyət Nazirliyi icra edir və 13 mindən çox müəllimin hamısını attestasiya prosesindən keçirəcəyik. Bu il bunun üçdəbiri yekunlaşıb. Bu, böyük komanda işidir. Xüsusi olaraq Bakı Musiqi Akademiyasına, Azərbaycan Milli Konservatoriyasına, Dövlət Rəssamlıq Akademiyasına, Bülbül adına musiqi məktəbinə, İncəsənət məktəbinə təşəkkürümü bildirirəm”,- deyə C.Valehov əlavə edib.

Mədəniyyət nazirinin müşaviri qeyd edib ki, attestasiyanın qanunvericiliyə uyğun iki cavabı var: uyğundur və ya deyil. Komissiya tərəfindən musiqi və incəsənət məktəblərinin müəllimlərinin attestasiya prosesində attestasiya komissiyası tərəfindən müvafiq olaraq 3 əleyhinə, 2 lehinə səslə qiymətləndirilən təhsilverənlər təlimlərə cəlb olunmaqla onlara yenidən şans yaradılıb. Belə ki, Mədəniyyət Nazirliyinin hesabına həmin müəllimlər üçün təlimlər keçirilir. Təlimlər Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən təşkil olunur. Test və müsahibə mərhələsindən keçən müəllimlər əvvəlki iş yerlərində öz vəzifələrini tutmaq imkanı əldə edəcəklər. Bu proses oktyabrda reallaşacaq.

“Bütün ölkə ərazisini əhatə edəcək musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiya prosesi 2026-cı ilin sonuna kimi yekunlaşacaq”,- deyə o əlavə edib.

İmtahandan sonra jurnalistlərə açıqlama verən Qusardan gəlmiş xor-dirijorluq ixtisası üzrə müəllim Eflan Kərimov bildirib ki, imtahan yüksək səviyyədə keçib. O düşünür ki, nəticəsi də yaxşı olacaq.

İmişli Rayon İncəsənət Məktəbinin rəssamlıq ixtisası üzrə müəllimi Gülçöhrə Həsənovanın sözlərinə görə, imtahana üç saat vaxt ayrılıb. Rəngləri natürmorta tətbiq edib, ardınca isə, müsahibə mərhələsi keçiriləcək.

Qeyd edək ki, attestasiya prosesinə cari ilin fevral ayından başlanılıb və ilkin olaraq fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə müəllimlər attestasiyaya cəlb edilib.

"Cebheinfo.az"

Chosen
10
50
cebheinfo.az

10Sources