EN

Bu kokteyllər risklidir? AÇIQLAMA

Metbuat saytına istinadən ain.az xəbər verir.

Yay aylarında havaların həddindən artıq isti keçməsi ilə əlaqədar insanlar sərinlədici içkilərə daha çox üstünlük verirlər. Xüsusilə də küçələrdə, yol kənarlarında satılan rəngarəng kokteyllər çox sevilir. Maraqlıdır, bu dadlı içkilərin hansısa riskləri var?

Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova Metbuat.az-a açıqlamasında bildirib ki, kokteyl daha çox süd məhsulları tərkibli olduğuna görə yüksək risk qrupuna aid qidalar sırasına daxildir.

Onun sözlərinə görə, xüsusilə soyuq içkilərin saxlanmasında temperatur rejiminə ciddi diqqət yetirilməlidir. Əgər bu içkilər düzgün temperaturda saxlanılmazsa, sağlamlıq üçün ciddi risklər yarana bilər:

“Bəzən kokteyllər hazırlanarkən artıq qalan hissələr və ya istifadə olunan buzlar soyuducu və ya buz dolabında saxlanmır. Bu isə temperatur dəyişikliyinə məruz qalan içkilərin tərkibində mikroorqanizmlərin sürətlə çoxalmasına səbəb olur. Eyni zamanda, təmiz içməli sudan istifadə olunmaması da vəziyyəti daha da təhlükəli edir. Belə hallarda içkilərin tərkibində E.coli, salmonella və digər zərərli mikroblar ola bilər ki, bu da qida zəhərlənmələrinə yol açır. Sanitar-gigiyena qaydalarına riayət edilməməsi, istifadə olunan avadanlıqların — blender, bıçaq, stəkan və s. səliqəsiz yuyulması da zəhərlənmə riskini artırır. Yol kənarında satılan içkilər əlavə olaraq fiziki çirklənməyə, toz, həşərat və digər xarici təsirlərə məruz qala bilər”.

M.Hüseynova qeyd edib ki, hazırlayan şəxsin əl gigiyenasına və ümumi sanitar normalara əməl etməməsi nəticəsində də içkilərə mikroorqanizmlər keçə bilər. Bundan başqa, içkilərdə istifadə olunan meyvələr və digər əlavələr təmiz yuyulmadıqda, köhnə və ya əzik olduqda zəhərlənmə riski daha da artır:

“Bütün bu riskləri nəzərə alaraq, belə məhsulların yalnız rəsmi icazəsi olan, gigiyena qaydalarına əməl edən etibarlı məkanlardan alınması tövsiyə olunur. Əgər buzun mənşəyi məlum deyilsə, ondan istifadə etməmək daha təhlükəsizdir. Eyni zamanda, tərkibində süd, qatıq, yoqurt və ya çiy yumurta olan kokteyllər daha tez xarab ola bildiyi üçün xüsusilə diqqətli olmaq lazımdır. Bu cür qidalar immun sistemi zəif olan insanlarda — azyaşlı uşaqlarda, yaşlılarda, xroniki xəstəliyi olan şəxslərdə, hamilə və süd verən qadınlarda daha tez zəhərlənməyə səbəb ola bilər. İmmun sistemi güclü olan insanlarda zəhərlənmə əlamətləri müşahidə olunmasa da, maddələr mübadiləsi və həzm sistemində pozulmalara yol aça bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
11
38
metbuat.az

10Sources