EN

ABŞ-ın bu addımı Rusiya və İrana qarşı strateji cavabdır – Trampın Suriya siyasəti ilə bağlı İLGİNC DETALLAR

“ABŞ Prezidenti Donald Tramp administrasiyası Suriyaya qarşı tətbiq edilən iqtisadi sanksiyaları ləğv etmək qərarı verib. Bu addım uzun illər ərzində Bəşər Əsəd rejiminə qarşı aparılan təcridetmə siyasətindən mühüm dönüş kimi qiymətləndirilir. Suriyaya qarşı sanksiyalar ilk dəfə ABŞ-ın İraqa hərbi müdaxiləsindən (2003) sonra tətbiq edilmişdi. Həmin dövrdə Bəşər Əsədin ABŞ-ın İraq siyasətinə qarşı sərt çıxışları Vaşinqton-Dəməşq xəttində münasibətləri gərginləşdirmişdi. ABŞ bu sanksiyalarla Suriya iqtisadiyyatını təcrid etməyə, ölkənin təbii resurslarının beynəlxalq bazarlara çıxışını məhdudlaşdırmağa çalışırdı”.

Bu fikirləri politoloq Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında səsləndirib.

Zeynal

“Son illərdə Suriya daxilində baş verən siyasi dəyişikliklər fonunda, xüsusilə, Əsəd rejiminin süqutu və yeni hökumətin formalaşmasından sonra, Qərblə münasibətlərin normallaşması istiqamətində cəhdlər müşahidə olunur. Yeni rəhbərlik Suriyanın enerji resurslarını qərb sərmayəsinə açmaq və regionda sabitlik yaratmaq üçün çalışır. ABŞ-ın addımı da məhz bu prosesi təşviq etmək məqsədi daşıyır”.

Ekspert hesab edir ki, sanksiyaların ləğvi Suriyaya Qərb şirkətlərinin axınını stimullaşdıracaq. Bu həm ölkənin iqtisadi dirçəlişinə təkan verəcək, həm də hazırkı hökumətin mövqeyini gücləndirəcək. Bundan əlavə, bu addım ABŞ-ın bölgədə Rusiya və İranın artan təsirinə qarşı strateji cavabı kimi dəyərləndirilir.

“Suriyanın enerji sektorunda son illərə qədər əsas təsirə malik olan Rusiya və İran sanksiyaların ləğvindən sonra rəqabətli mövqeyə düşə bilər. Belə ki, Qərb şirkətlərinin enerji layihələrinə qoşulması bu ölkələrin iqtisadi və hərbi təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədər.

Tramp administrasiyasının bu qərarı həm də İsrailin təhlükəsizlik prioritetləri baxımından əhəmiyyətlidir. Çünki bölgədəki güc balansının dəyişməsi İranın Livan, Suriya və İraqdakı mövqelərinə birbaşa təsir göstərir. Beləliklə, Suriyaya qarşı sanksiyaların ləğvi ABŞ-ın bölgədəki geosiyasi maraqlarının yenidən dizayn edilməsi, Rusiya və İran təsirinin azaldılması və yeni hökumətin Qərblə inteqrasiyasının təşviqi baxımından strateji addım kimi qiymətləndirilir.”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
5
1
konkret.az

2Sources