EN

Xankəndi sammit ərəfəsində: Bir neçə ölkənin prezidenti Qarabağa gələcək - FOTOLAR

XANKƏNDİ, 1 iyul. TELEQRAF

Xankəndi bir neçə gün sonra regional və beynəlxalq diqqətə səbəb olacaq mühüm bir tədbirə ev sahibliyi etməyə hazırlaşır.

Teleqraf-ın Qarabağ bürosunun məlumatına görə, İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) 17-ci Sammiti məhz Xankəndi şəhərində keçiriləcək.

3-4 iyul tarixlərində İƏT-ə üzv ölkələrin dövlət və hökumət başçıları Qarabağda bir araya gələcəklər.

Hazırda şəhərdə sammitlə bağlı genişmiqyaslı hazırlıq işləri görülür. Küçə və prospektlərə tədbirin vaxtını və keçirildiyi məkanı göstərən plakatlar yerləşdirilib. Yol infrastrukturu yenidən qurulur, yollara yeni asfalt örtüyü çəkilir. Bununla yanaşı, bir çox yaşayış binası və ictimai obyekt təmir olunur.

Şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Sakinlər Xankəndidə beynəlxalq iqtisadi toplantının keçirilməsini tarixi və simvolik hadisə kimi qiymətləndirirlər. Bu sammit, eyni zamanda, uzun illər erməni separatizminin mərkəzinə çevrilmiş Xankəndinin yenidən regionun siyasi və iqtisadi gündəminə qayıtdığını göstərir.

Xankəndidə baş tutacaq bu beynəlxalq tədbirdə İƏT-ə üzv dövlətlər arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, bölgənin gələcək inkişafı və dünyada baş verən aktual proseslərin müzakirəsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, 1992-ci ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv qəbul olunub. Təşkilatın hazırkı üzvləri bunlardır: Azərbaycan, Türkiyə, İran, Qazaxıstan, Qırğızıstan, Pakistan, Tacikistan, Türkmənistan, Əfqanıstan və Özbəkistan.

Xatırladaq ki, İƏT-in 16-cı Zirvə Görüşü 2023-cü ilin 9 noyabr tarixində Özbəkistanın paytaxtı Daşkənddə keçirilmişdi.

Chosen
11
42
teleqraf.com

10Sources