Müasir dövrdə qloballaşmanın sürətlənməsi xalqlar arasında inteqrasiyanı dərinləşdirdiyi kimi, diaspor və lobbi təşkilatlarının da əhəmiyyətini artırıb. Bu gün bir dövlətin gücü təkcə onun iqtisadi və hərbi potensialı ilə deyil, həm də xaricdə formalaşdırdığı güclü diaspor şəbəkəsi və həmin diasporun lobbiçilik fəaliyyətləri ilə ölçülür.
Eyni zamanda, millətin bir amal ətrafında birləşməsi həmin dövlətin dayanıqlığını təmin edən əsas amillərdən biridir.
Rusiyada 30 ildə Azərbaycan diasporunun sanballı şəkildə formalaşmasına mane olunub
Məlum olduğu kimi, son vaxtlar Rusiyada azərbaycanlılara qarşı şovinist əhval-ruhiyyə güclənir, onlar sıxışdırılır, polis zorakılığına məruz qalır və digər xoşagəlməz hallarla üzləşirlər. İyunun 27-də Rusiya FTX-si Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Bunun nəticəsində həmvətənlərimizin həlak olması və bəzilərinin ağır bədən xəsarətləri almasından sonra bəlli olur ki, Rusiyada ötən 30 ildə Azərbaycan diasporunun sanballı şəkildə formalaşmasına mane olan yaxşı idarəçiliyin olmaması olmayıb. Buna səbəb heç də o deyilmiş ki, guya Azərbaycandan oralar yaxşı idarə edilmir. Guya orada diasporun arasında birlik yoxdur və s. Bunun əsl səbəbi o imiş ki, məhz Rusiyada ksenofobiya, özgə millətlərdən olanlara qarşı dözümsüzlük Azərbaycan diasporunun normal şəkildə formalaşmasına imkan verməyib. Bu, Rusiya hökumətinin başqa millətlərdən olan insanlara qarşı dözümsüz siyasətinin nəticəsi olub. Bu səbəbdən Rusiyada disporumuzun inkişafı əngəllənib. İllər əvvəl, yəni 2017-ci ildə böyük diaspor təşkilatı olan Ümumrusiya Azərbaycanlılar Konqresinin qeydiyyatı Rusiya Ədliyyə Nazirliyi tərəfindən ləğv edildi. Halbuki, UAK 2001-ci ildə yaradılmışdı. Bu, Moskvanın mənfur siyasətinin ifadəsi olub. Çünki istəmirdi ki, azərbaycanlıların güclü diaspor təşkilatı olsun.
Azərbaycanlı iş adamlarının sıxışdırılması sistematik xarakter daşıyır
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən yazıçı-publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı hesab edir ki, 2024-cü ilin yayından bəri Rusiyada türksoylu və müsəlman xalqlara, özəlliklə azərbaycanlılara qarşı sistemli şəkildə güclənən şovinist basqıların artıq təsadüfi epizodlar olmadığı bütün çılpaqlığıyla aydındır: “Belə basqılar Rusiya dövlət siyasətinin sabit bir alətinə çevrilməkdədir. İyunun 27-də Yekaterinburq şəhərində Rusiya Federal Təhlükəsizlik Xidmətinin keçirdiyi amansız basqın nəticəsində azərbaycanlı ailələrin üzvlərinin həyatını itirməsi və digərlərinin ağır xəsarətlər alması bu prosesin yeni bir mərhələyə keçdiyini göstərdi. Sual yaranır: niyə Azərbaycan diasporu 30 il içində bu qədər əhali potensialına, iqtisadi gücə, nüfuz dairəsinə baxmayaraq, Rusiyada sanballı, təşkilatlanmış güc kimi formalaşa bilmədi? Cavab çoxları üçün yeni səslənsə də, acı həqiqəti ifadə edir: məsələ bizim diaspor idarəçiliyimizin zəifliyində yox – Rusiyada başqa millətlərə qarşı dövlət səviyyəsində aparılan sistemli dözümsüzlük, diskriminasiya və assimilyasiya siyasətinə bağlıdır. Azərbaycan diasporunun inkişafına bu qədər təzyiqin, təftişin, dağılmanın arxasında yalnız iç səbəblər axtarmaq – təbliğ olunan “öz aralarında bir ola bilmədilər” nağılı – sadəlövhlük və yaxud da bilərəkdən məsələni kökündən yayındırmaq cəhdidir. Rusiya imperiyasının tarixi boyunca azərbaycanlılara münasibət nəinki bərabərsizliklə, əksinə, “potensial təhlükə” yanaşması ilə yadda qalıb. Sovet dövründə bu təhlükə “pantürkizm” və “panislamizm” ittihamları ilə siyasi repressiyalara səbəb olurdu. Müstəqillik dövründə isə Azərbaycan diasporu çox vaxt nəzarətə alınmalı etnik kütlə, təqib ediləcək iqtisadi “rəqib”, ideoloji “təhdid” kimi qiymətləndirildi. Bu siyasətin təzahürləri olaraq, Ümumrusiya Azərbaycanlıları Konqresinin qeyri-qanuni şəkildə ləğvi, müxtəlif ictimai birliklərin fəaliyyətinə süni maneələr yaradılması, azərbaycanlı iş adamlarının vergi və hüquq-mühafizə orqanları tərəfindən sıxışdırılması sistematik xarakter daşıyır”.
Ə.Qoşalının fikrincə, iyunun 27-də baş verən hadisə sadəcə hüquqi və ya kriminal hadisə deyil: “Bu, dövlətin milli azlıqlara qarşı apardığı repressiv siyasətin açıq-aşkar izharıdır. Ailələrin yaşadığı ünvanlara hərbi əməliyyat formasında hücumun həyata keçirilməsi, faktiki olaraq azərbaycanlıların yaşadığı məhəllənin cəza müstəvisinə çevrilməsi onu göstərir ki, Rusiya hüquq sistemi üçün milli mənsubiyyət hədəf seçimi üçün başlıca meyardır. Əgər bir cəmiyyətin hüquq-mühafizə orqanları milliyyətə görə fərqləndirici yanaşma sərgiləyirsə, bu artıq hüquqi dövlətin böhranı deyil, faşist düşüncənin hökmranlığıdır. Rusiya uzun müddətdir ki, azərbaycanlı diasporunun sanballı formalaşmasına, öz ictimai institutlarını yaratmasına, öz intellektual elitasını meydana çıxarmasına imkan vermədi. Çünki güclü diaspor – güclü milli şüur deməkdir. Güclü milli şüur isə rus imperiyası üçün təhlükə hesab olunur. Hələ illər öncə, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvi, onun liderlərinin sistematik təqibə məruz qalması göstərdi ki, Rusiya üçün azərbaycanlıların təşkilatlanması, öz kimliyini qoruyaraq hüquqi və ictimai arenada mövqe nümayiş etdirməsi qəbuledilməzdir. Əslində, bu münasibət yalnız Azərbaycan diasporuna deyil, ümumilikdə bütün türksoylu və müsəlman xalqlara qarşı yönəlmiş imperiya strategiyasının bir hissəsidir. Bu strategiyanın əsas məqsədi – xalqı fərdiləşdirmək, “atomlaşdırmaq” - xırdalamaq, öz kimliyindən və milli kollektiv şüurundan uzaqlaşdırmaqdır. Rusiya ərazisində yaşayan soydaşlarımız Azərbaycan dövlətinin onların hüquqlarını müdafiə etməsinə və siyasi iradə ortaya qoymasına ehtiyac duyur. Məsələyə “Rusiyanın daxili işi” prizmasından yanaşmaq – strateji yanlışlığın təzahürü olardı. Dövlət, beynəlxalq təşkilatlarda, ikitərəfli münasibətlərdə bu mövzunu açıq müzakirəyə çıxarmaqda, Rusiya Federasiyasından izahat tələb etməkdə haqlıdır. Eyni zamanda, Azərbaycanın ictimai qurumları, media məkanı və aydınlar təbəqəsi Rusiyada baş verən bu olaylara biganə qalmamalıdır. “Azərbaycanlılar orada bu halı çox da qabartmasınlar, başlarına iş açarlar” məntiqi ilə hərəkət etmək – diasporu daha da qorxaq və kimliksiz hala salardı.
Rusiya artıq multikultural ölkə deyil. Ən azı, praktiki gerçəkliklər bunu göstərir. Bu ölkədə milli azlıqların hüquqları getdikcə məhdudlaşdırılır, rus olmayanlara qarşı qərəzli münasibət güclənir. Belə bir mühitdə Azərbaycan diasporunun formalaşması, bir güc kimi özünü ifadə etməsi sadəcə “özlərinin bir ola bilməməsi” ilə izah edilə bilməz. Əsas problem – imperiya düşüncəsinin özüdür. Yekaterinburqda baş verən faciə təkcə insan itkisi deyil, həm də milli heysiyyətin, ictimai təəssübün sınma nöqtəsidir. Bu sarsıntıdan dərs çıxarmaq, yeni və ayıq strateji baxış ortaya qoymaq Azərbaycanın həm diaspor siyasəti, həm də beynəlxalq münasibətlər strategiyası baxımından zəruridir. Çünki bu gün Yekaterinburqda sıxılan boğaz, sabah başqa coğrafiyada susdurulacaq səs ola bilər”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.