EN

KTMT-nin sammitində dağılma prosesi gücləndi - Lavrov isterik bəyanatlar verdi...


İssık-Kul sahilində yerləşən Çolpon-Ata şəhərində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayevin sədrliyi ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. KTMT-nin baş katibi İmanqali Tasmaqambetov da tədbirdə iştirak edib.

İştirakçılar beynəlxalq və regional vəziyyəti və onun üzv dövlətlərin təhlükəsizliyinə təsirini müzakirə ediblər. Ermənistan tədbirdə iştirakdan imtina edib.

KTMT Xarici İşlər Nazirləri Şurasının iclasından əvvəl Qırğızıstan prezidenti Sadır Japarov artan geosiyasi gərginlik şəraitində ölkənin regional təhlükəsizliyin təmin edilməsində rolunu vurğulayaraq, mühüm infrastrukturun və informasiya məkanının yeni təhdidlərdən qorunması üçün birgə tədbirlərin görülməsinin zəruriliyini qeyd edib: “Virtual məkan yeni münaqişələr və təhdidlər meydanına çevrilir, ona görə də kritik infrastrukturun qorunması və informasiya sahəsinin təhlükəsizliyinin təmin edilməsi üçün birgə tədbirlər hazırlamaq lazımdır”. O, Qırğızıstanın KTMT-yə sədrliyi tərəfdaşlığın gücləndirilməsi və kollektiv təhlükəsizlik sisteminin təkmilləşdirilməsi üçün yeni imkanlar açacağına əminliyini ifadə edərək, xarici işlər nazirlikləri, eləcə də müdafiə və hüquq-mühafizə orqanları arasında koordinasiyanın vacibliyini vurğulayıb. KTMT xarici işlər nazirlərinin bir saat yarımlıq görüşündən sonra tədbirlə bağlı Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev məlumat verib: “Nümayəndə heyətlərinin başçıları Mərkəzi Asiyada təhlükəsizliklə bağlı əsas məsələləri nəzərdən keçiriblər. Müasir dünyanın əsas çağırışları olaraq qalan terrorizm, ekstremizm və transmilli cinayətkarlıqla mübarizə məsələlərinə xüsusi diqqət yetirilib”. O, həmçinin radikallaşmaya qarşı mübarizə, beynəlxalq informasiya təhlükəsizliyinin inkişafı, BMT-nin Mərkəzi Asiya və Əfqanıstan üçün Dayanıqlı İnkişaf Məqsədləri üzrə Regional Mərkəzinin yaradılması ilə bağlı bəyanatların imzalandığını bildirib. Nazir Qırğızıstanın KTMT çərçivəsində kollektiv təhlükəsizlik və həmrəylik prinsiplərinə, o cümlədən digər təşkilatlarla əməkdaşlığın genişləndirilməsinə sadiqliyini təsdiq edərək, transsərhəd təhdidlər kontekstində regionlararası əməkdaşlığın vacibliyini vurğulayıb. O qeyd edib ki, qeyri-sabitlik şəraitində kollektiv təhlükəsizlik strateji imperativə çevrilir və əldə olunan razılaşmalar inteqrasiya proseslərinin gücləndirilməsinə və kollektiv təhlükəsizliyin effektivliyinin artırılmasına xidmət edəcək. Mərkəzi Asiyadan olan politoloq Alikbek Cekşenkulov hesab edir ki, dünyada baş verən son hadisələrlə bağlı KTMT-nin rolu zəifləyir: “Biz rahatlaşmamalıyıq. Dünyadakı, bölgəmizdəki, Yaxın Şərqdəki və Çindəki vəziyyəti real qiymətləndirməliyik. Qərbin Hindistanla flört etməyə başladığını görəndə çox mobil olmalıyıq. Burada biz Hindistan və Çin arasında, Tayvanda, Koreya yarımadasında, Suriyada və digər yerlərdə hansı məsələlərin olduğunu aydın şəkildə başa düşməliyik. Çətinliklər getdikcə dərinləşir, çətin daxili iqtisadi və daxili siyasi vəziyyətə baxmayaraq, britaniyalıların bölgəmizə və Ukraynadakı qarşıdurmaya diqqətini artırması fonunda biz başa düşməliyik ki, qarşıda çətinliklər var”.

Ekspert Ermənistandan alət kimi istifadə edərək KTMT və Aİİ-ni parçalamaq cəhdlərini əsas çağırış adlandırıb. Onun sözlərinə görə, bu cür cəhdlər əbəsdir və Ermənistan rəhbərliyi xarici siyasət kursunu müəyyənləşdirərkən şirnikləndirici, lakin aldadıcı vədlər vermək əvəzinə, ölkənin geosiyasi mövqeyini nəzərə almalıdır. Qırğızıstan Təhlükəsizlik Şurasının katibi Marat İmankulov artan geosiyasi gərginliyi və transformasiya edən təhdidləri qeyd edib ki, onun fikrincə, bu, ya hər şeyin dağılmasına, ya da sabitliyin konturlarına gətirib çıxarmalıdır. O, əmindir ki, KTMT özü üçün çağırışların və təhdidlərin cəmləşdiyi yerləri dəqiq müəyyənləşdirir. İmankulov adekvat, hərtərəfli və effektiv cavab tədbirləri tələb edən bir sıra risk və təhdidləri sadalayıb. Məsələn, onun sözlərinə görə, qərb və şimal-qərb istiqamətlərində, o cümlədən Şərqi Avropada hərbi potensialın, kəşfiyyat fəaliyyətinin, siyasi-informasiya və kibertəzyiqlərin artması qeydə alınıb: “Sonu hələ heç bir zaman parametrlərinə sığmayan hazırkı Ukrayna böhranı gərginliyin azalmasına kömək etmir. Müəyyən proseslər başlayıb, lakin sonun konkret konturları hələ görünmür. Bu, KTMT-yə təsirsiz ötüşmür”. Amma üzv ölkələr naraht edən əsas məsələ Ermənistandır. Bu narahatlıq həm də ona görə artır ki, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə yeni ali nümayəndəsi Kaya Kallas Ermənistana səfər edib. Kallas İrəvanda Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransında deyib ki, “Avropa İttifaqı və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb” və Aİ bu tərəfdaşlığı dərinləşdirməyə hazırdır. Ararat Mirzoyan da bu fikirləri tam şəkildə dəstəkləyərək bildirib ki, Ermənistan artıq Aİ ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa başlayıb. Ermənistanın Qərblə yaxınlaşmaq cəhdləri, xüsusilə hərbi-siyasi sahədə Aİ ilə əməkdaşlığa başlaması Rusiyada ciddi narahatlıqla qarşılanır. Kaya Kallasın İrəvanda olduğu günlərdə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov KTMT Xarici İşlər Nazirləri Şurasının iclası sonrası verdiyi açıqlamada Ermənistanın təşkilatdan uzaqlaşmasını sərt şəkildə tənqid edib.

Lavrov dedi ki, Ermənistan KTMT-nin hələ də tamhüquqlu üzvüdür, lakin bu status nizamnamə sənədlərində nəzərdə tutulmuş öhdəliklərin tam yerinə yetirilməsini tələb edir. Nazir eyni zamanda qeyd edib ki, Ermənistan artıq üzvlük haqqını belə ödəməkdən imtina edib. Moskvanı qıcıqlandıran əsas məqamlardan biri isə Ararat Mirzoyanın KTMT Xarici İşlər Nazirləri Şurasının iclasına növbəti dəfə qatılmaması oldu. Lavrov bunu xüsusi vurğulayaraq Ermənistanın təşkilata münasibətinin sual altında olduğunu və bu münasibətin üzv dövlətlərin rəhbərləri tərəfindən nəzərə alınacağını bildirdi. Onun fikrincə, Ermənistan hakimiyyəti “çoxvektorlu siyasət” yürüdür və bu siyasətin sonu erməni xalqı üçün xeyirli olmayacaq: “Əgər Ermənistan öz müttəfiqlərindən və qonşularından üz döndərərsə, bu, erməni xalqının xeyrinə olmayacaq”. Lavrovun açıqlamalarına Ararat Mirzoyan dərhal cavab verərək bəyan etdi ki, rusiyalı nazirin səsləndirdiyi fikirlər “natamam və yanlış”dır. Onun sözlərinə görə, Lavrovun nəzərdə tutduğu daha bir məsələ, yəni, Ermənistandakı bəzi kilsə nümayəndələrinin siyasi proseslərdə iştirakı – dövlət çevrilişinə cəhd üzrə hüquqi araşdırmalarla bağlıdır və bu, Ermənistanın daxili işidir:“Cənab Lavrovun Ermənistanın daxili işlərinə və daxili siyasətinə qarışmaması daha yaxşı olar”. Bu, son illərdə müşahidə olunan ən sərt Ermənistan-Rusiya diplomatik toqquşmalarından biri kimi qiymətləndirilir.

Tahir TAĞIYEV

Chosen
27
baki-xeber.com

1Sources