EN

Kremldən ərazi iddiaları da gəldi - "Balakəni və Zaqatalanı qaytarmalıyıq"...


Azərbaycana qarşı isterik bəyanatlar Kreml rəsmilərinin əsl sifətini açır....

Rusiya hakimiyyətinin fəaliyyətsizliyi fonunda bu ölkədə Azərbaycana qarşı hədyan dolu çağırışlar artır. Məsələn, Dövlət Dumasının Regional Siyasət Komitəsinin sədr müavini Mixail Matveyev iki ölkə arasında indiki durumu şərh edərkən bildirib:

“Heç bir açıqlamaya ehtiyac yoxdur, sadəcə olaraq, bütün ölkədə diasporları susdurmaq, heç bir bəyanat vermədən sıxışdırmaq lazımdır. Amma bunun üçün siyasi qərarın olacağına inanmaq çətindir”. “Tsargrad” telekanalının təsisçisi Konstantin Malofeyev də eyni mövqeni sərgiləyir. Miqrantlara xitabən o bildirir: “Bu gözəl, güclü və müstəqil Azərbaycanın vətəndaşlarının niyə Rusiyaya axın etməsi aydın deyil. Evə, Azərbaycana getmək vaxtıdır”. "Two Majors" telegqram kanalı isə bildirir ki, Azərbaycan rəhbərliyinin baş verənləri daha dərindən dərk etməsi üçün Moskvadakı “Food City” və “Avropa” ticarət mərkəzi və Voronejdəki Alekseyevski bazarı kimi tərəvəz anbarlarını indiki azərbaycanlı sahiblərdən almaq lazımdır. "Soloviev Live" telekanalının jurnalisti Sergey Mardan qeyd edir: “Süngülərlə dəstəklənməmiş mərhəmət asiyalılar tərəfindən qiymətləndirilmir. Xəzərdə gəmiçilik və neft hasilatının təhlükəsizliyi barədə düşünməyin vaxtıdır. Və eyni zamanda - Rusiya şəhərlərində məskunlaşan iki milyon azərbaycanlı tacirin öz evindəymiş kimi vergi verməsi haqqında. Yeri gəlmişkən, Bakı həmişə Rusiya şəhəri olub. Odessa kimi”. “Komsomolskaya Pravda”nın hərbi müxbiri, “Rus Tarantas” kanalının müəllifi Dmitri Steşin isə yazır: “Əgər Rusiya sadəcə olaraq bütün Azərbaycan biznesini dondursa, eskalasiya prosesi məhdudlaşdırılacaq. Rusiya tez, son dərəcə sərt və qətiyyətli hərəkət etməlidir. Və münasibətlər dərhal yaxşılaşacaq”. Roman Antonovski müəllifi olduğu “Sını Monarxii” Teleqram kanalında Azərbaycana qarşı həyasızcasına ərazi iddiaları irəli sürür: “Dağıstanlı qardaşlar Azərbaycan hakimiyyətinin rusofob davranışından qəzəblənərək yazırlar ki, Dağıstanın öz ata-baba torpaqlarını qaytarmaq şansımız var, bu, Azərbaycanın Balakən və Zaqatala rayonlarıdır”. “Zergulio” teleqram kanalının müəllifi Sergey Kolyasnikov bildirir: “Azərbaycan Yekaterinburqda etnik dəstə üzvlərinin həbsinə cavab olaraq rusiyalı sənətçilərin çıxışına qadağa qoyub. Durmayın, Rusiyaya küsmək üçün “Sadovod” bazarını bağlayın”. Bu kimi mövqelər indi Rusiya mediasında olduqca geniş yayılır və burada Kremlin xeyir-duası şübhə doğurmur.

Məsələ ilə bağlı rusiyalı ermənipərəst siyasi şərhçi Maksim Yusin “Kommersant”a açıqlamasında bildirir: “Bu gün Moskva-Bakı münasibətlərində baş verənlər cəmi bir neçə il əvvəl ağlasığmaz görünürdü. Elə hiss edilirdi ki, bu əlaqələr güclü və etibarlıdır, bunun təminatı isə iki lider arasındakı münasibətlər hesab olunurdu. İlham Əliyev Moskvada Kremllə ünsiyyətdə hər zaman düzgün çalar tapmağı bilən, rəngli inqilablarla bağlı olmayan, hərdən millətçiliyə meyl etməyə yol verən ciddi tərəfdaş kimi qəbul edilirdi, demək olar ki, həmişə antierməni mövqeyində olub, amma heç vaxt antirusiya xətti tutmayıb. Həm Bakıdan, həm də diaspordan olan azərbaycanlı iş adamları Rusiyanın informasiya sahəsində məharətlə çalışırdı: mütəmadi olaraq Azərbaycana gələn yerli politoloqların, jurnalistlərin möhkəm birliyini yaradaraq, bu ölkədə baş verən hər şeyi ən müsbət şəkildə işıqlandırıb, ictimaiyyətə Bakının Moskvanın, müttəfiqi olmasa da, etibarlı, möhkəm tərəfdaşı olduğunu çatdırmışdı. Ötən ilin dekabrında Ukrayna PUA-larının Qroznı hava limanına hücumu zamanı Rusiya səmasında Azərbaycan sərnişin təyyarəsinin vurulması və daha sonra Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması münasibətlərdə əsl çat yaradıb. 38 nəfər həlak olub. Bakı Moskvanı hava hücumundan müdafiə sistemləri ilə təyyarənin vurulmasına görə məsuliyyətinin etirafında gecikməkdə ittiham edib. Və bu gün, altı ay sonra bu məsələ ikitərəfli münasibətlərdə ən böyük qıcıqlandırıcı amil olaraq qalır. Daha sonra isə Rusiya təhlükəsizlik qüvvələrinin Yekaterinburqda Azərbaycan diasporunun nümayəndələrinə qarşı sərt hərəkətləri və iki nəfərin həlak olması ilə nəticələnən əməliyyat baş verdi. Bakı hesab edir ki, onlar öldürülüb”. Yusin idda edir ki, bu hadisələr Bakıda Rusiyada çoxlarının şübhə belə etmədiyi yığılmış bütün şikayətləri ortaya tökdü: “Bir məmurun, hətta demək olar ki, yarı-rəsmi, Azərbaycan telekanalının efirinə verdiyi şərh də bunun göstəricisidir. Onu dinləyəndə düşünmək olar ki, bu yayım Bakıdan yox, Kiyevdən yayımlanıb. Yayımda Putinə qarşı şəxsi hücumlar (əvvəllər belə şeylərə yol verilməzdi) və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsində, hətta 1992-ci ildə Xocalıda dinc əhalinin ölümünə görə Rusiyanın məsuliyyət daşıması iddiaları yer alırdı. Deyəsən, lap yuxarıdan icazə verilib: əvvəllər mümkün olmayan şey indi mümkündür. İndi isə Rusiya ilə bağlı bütün mədəniyyət tədbirləri ləğv edilir, Rusiya baş nazirinin müavini Aleksey Overçukun səfəri ləğv edilir, Rusiyanın “Sputnik” agentliyinin Bakı ofisində Azərbaycan hakimiyyətinin işlətdiyi terminlə “xüsusi əməliyyat” keçirilir. Ümumiyyətlə, son vaxtlara qədər nümunəvi görünən münasibətlər tənəzzülə doğru gedir. İndi Yekaterinburq hadisələrinin bir bəhanə olduğu hissi yaranır. Azərbaycan özünü regional güc kimi aparmağa başlayır, yeri gəlmişkən, bu barədə Azərbaycan kanalında qeyd etdiyim şərhdə də vurğulanıb: Rusiya bu baxımdan keçmiş hegemon kimi qəbul edilir, onunla hesablaşmaya bilərlər, Rusiya tədricən regiondan sıxışdırılmalı, Bakı bunun hesabına ölkə daxilində “vətənpərvər camaatın” gözündə xal qazanaraq özünü təsdiq edə bilər. Azərbaycan hakimiyyətinin hesablamalarının özünü doğruldub-doğrultmayacağını zaman göstərəcək”.

Samirə SƏFƏROVA

Chosen
27
50
baki-xeber.com

10Sources