EN

Mediada saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir

Azərbaycan mediasında saxta məlumatların dərc edilməsinə yol verilməməsinə dair yeni normalar müəyyənləşir.

Bu, Milli Məclisin İnsan hüquqları komitəsinin ötən gün keçirilən iclasında birinci oxunuş üçün müzakirəyə çıxarılan “Media haqqında” qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb.

Məlumat verilib ki, qanunda ilk dəfə olaraq kütləvi informasiya istehsalı ilə məşğul olan ənənəvi media resurslarına münasibətdə “media subyekti” anlayışı təqdim edilib, bununla da peşəkar medianın əhatə dairəsi müəyyənləşdirilib.

Dəyişikliyə əsasən media sahəsində fəaliyyət göstərən xarici hüquqi şəxsin Azərbaycandakı filial və nümayəndəliyi də media subyekti hesab ediləcək.

Bildirilib ki, Azərbaycan mediasını və ictimaiyyətini ən çox narahat edən məsələlərdən biri də informasiya məkanında mənbəyi bilinməyən, saxta məlumatların yayılması, bu cür manipulyativ məzmunun sosial şəbəkələrin təsiri altında media subyektlərinin lentinə yol açması, beləliklə, müxtəlif media kanalları vasitəsilə cəmiyyətə həqiqəti əks etdirməyən informasiyanın ötürülməsidir.

Ciddi sosial sifarişi nəzərə alaraq, həm informasiya mühitinin çirklənməsinə səbəb olan, həm də jurnalistlərin nüfuzuna təsir edən saxta xəbərlərlə mübarizə metodlarını gücləndirmək məqsədilə qanuna dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, qanunun informasiyaya dair tələbləri əks etdirən 14-cü maddəsinə saxta məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməsinə dair normanın əlavə edilməsi nəzərdə tutulub.

Qeyd olunub ki, media subyektinin adından sui-istifadə edən, media etikasına zidd fəaliyyət göstərən, ictimai rəydə qeyri-peşəkar imici dəyişməyən media resurslarına qarşı cəmiyyət dövlətdən daha ciddi addımlar atılmasını gözləyir. Bu tələbi və dövlətin informasiya təhlükəsizliyi prinsiplərini əsas götürərək qanuna edilən dəyişiklərlə Medianın İnkişafı Agentliyinin (MEDİA) informasiya mühitinin çirkləndirilməsi hallarına qarşı fəaliyyətinin çevikliyi təmin ediləcək.

Chosen
11
19
aznews.az

10Sources