EN

İndi 19-cu əsr deyil

Putin Ukrayna ilə müharibədən bir qədər əvvəl yazdığı məqalədə keçmiş SSRİ ölkələrini “kvazi-dövlətlər” adlandırmışdı.

Əlbəttə, bu ifadəni ilk növbədə Ukraynaya aid etsə də, məqaləni oxuyanlar “oxun hara atıldığını” yaxşı başa düşmüşdülər.

Putin daha əvvələr isə bolşevik lideri Leinini SSRİ-ni yaradarakən müttəfiq respublikalara istənilən zaman birliyi tərk etmək hüququnu verdiyinə görə tənqid etmişdi.

Bu mesajlar səbəbsiz deyil.

Rus imperatorları və SSRİ rəhbərləri üçün Cənubi Qafqazın sərhədləri Şərqə genişlənmənin mühüm rıçaqı olub. Bu coğrafiyada yaranmış 3 dövlət məhz Moskvanın bu geopolitik hədəfi ücbatından son 35 ilin ən ağır siyasi böhranlarını yaşadılar və yaşayırlar.

Azərbaycan müstəqil dövlət kimi bütün bu illər ərzində Rusiyanın imperiya maraqlarının üzərinə yeriməsinə müqavimət göstərib.

Nəticə də qazanıb: “Əsrin müqaviləsi” və Bakı-Ceyhan kəməri bütün Cənubi Qafqazı Rusiya basqısından çıxara biləcək misilsiz layihələr oldu.

Bu layihələrin baş tutmaması üçün Moskva nələrə əl atmadı?

90-cı illəri yaşayanlar bunu yaxşı bilirlər: Azərbaycanla sərhədlərin bağlanması, “aclıqla sınaq”, Bakı- Novorossiyski kəmərinin Moskva tərəfindən bağlanması (Nəticədə Azərbaycan neftinin göndərilməsi dayandı) siyasi böhranlar, dövlət çevrilişi cəhdləri...

Bütün bu siyasi basqılardan çıxa bilən Bakı bu illər ərzində özünün müstəqil geopolitik maraqlarını qura bildi.

Bu gün həmin siyasi kurs Moskvanın yeni imperiya xülyalarının qarşısını kəsir.

Azərbaycan prezidentinin soyuqqanlı və geopolitik hədəfləri düzgün təyin edən siyasi prioritetləri Moskvanı buna görə qəzəbləndirir:

Bakıya diktə etmək olmur!

Bakı özünün maraqlarının nəzərə alınmasını tələb edir.

Bakının beynəlxalq arenada güclü dostları yaranıb.

Bakı logistika savaşında siyasi alverçiliyi deyil, tərəflərin maraqlarının təmin olunmasını təklif edir.

Bütün bu kozırlar Moskvada isterik tutmalar yaradır, ənənəvi imperiya müstəmləkəçilik xislətini ortaya çıxarır, tələsik addımlara vadar edir.

Ötən ilin təyyarə “qəzası” Kremldə əyləşənlərin Azərbaycana yönəlik siyasətində təhlükəli gedişlərini və planlarını nümayiş etdirdi.

Moskva Cənubi Qafqazda “kvazi-dövlət” saydığı ölkələrin ona biət etməsini istəyir. Kreml dünyanı başına almış geopolitik xaosun “meyvəsi”ni “dərmək” üçün yenə də güc faktoruna qayıdır.

Amma indi 19-cu əsr deyil. Yeni texnologiyalar əsri tamam başqa era yaradıb. Bu erada regional güc sayılan dövlətlərin maraqlarını hökmən nəzərə almaq lazım gəlir.

Azərbaycan da bu dövlətlərin siyahısındadır.

Chosen
10
vaxt.az

1Sources