EN

Respublika Qan Bankı: Çəkisi 50 kiloqram, boyu 150 santimetrdən çox olan şəxslərin donorluğuna icazə verilir

Bakı, 2 iyul, AZƏRTAC

Bir şəxsin ildə neçə dəfə qan verə biləcəyi tibbi normalar və insan orqanizminin bioloji xüsusiyyətləri nəzərə alınaraq qanunvericiliklə və klinik protokollarla tənzimlənir. Bu tənzimləmə həm donorun sağlamlığının qorunması, həm də verilən qan komponentlərinin keyfiyyətli olması məqsədini daşıyır.

AZƏRTAC xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin rəsmi İnstaqram hesabında canlı yayımda Səhiyyə Nazirliyinin Respublika Qan Bankının Donorun ilkin müayinəsi şöbəsinin müdiri, həkim-terapevti Günel Əliyeva bildirib.

Onun sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, qan donasiya intervalı kişilərdə hər 3 aydan bir olmaqla, ildə 4 dəfə, qadınlarda isə 4 ay fasilə ilə ildə 3 dəfə olmalıdır: “Bu fərq fizioloji səbəblərlə izah olunur. Plazma donasiyasına gəlincə, plazma donorları ildə 12-15 dəfəyə qədər plazma verə bilərlər, aralıq isə ən azı 2 həftə olmalıdır. Bu prosesdə yalnız plazma alınır, digər hüceyrələr geri verilir. Buna görə də bədən daha tez bərpa olunur. Trombosit donasiyasına isə ildə 10-12 dəfə icazə verilir”.

Günel Əliyeva qeyd edib ki, müxtəlif ölkələrdə müvafiq qanunvericiliyə əsasən müəyyən yaş həddi olsa da, əsas etibarilə 18-65 yaş arasında olan praktiki sağlam şəxslərdən qan götürülür: “Çəkisi 50 kiloqram, boyu 150 santimetrdən çox olan şəxslərin donorluğuna icazə verilir. Mütləq ilkin həkim müayinəsi (qan təzyiqi, hərarət, çəki, antropometrik göstəricilər, anamnestik sorğu) və laborator test (HB səviyyəsi kişilərdə 135-180, qadınlarda 125-165 q/l) aparılır. Kriteriyalara uyğun şəxslər donor ola bilərlər. Donorluğa mütləq və nisbi əks-göstərişlər var. Bunu donoru müayinə edən həkim müəyyən edir, donorluqdan kənarlaşdırma və ya donorluğa icazəni də o müəyyən edir”, - deyə həkim-terapevt vurğulayıb.

 

Chosen
17
50
azertag.az

10Sources