"Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıqların artması təkcə etnik ayrı-seçkilik məsələsi deyil, bu, bütövlükdə Moskvanın post-imperial düşüncə sistemində formalaşdırdığı çoxmillətli və çoxkonfliktli cəmiyyətin iç üzünü açır. Bu zorakılıqlar təsadüfi deyil. Onlar həm sosial-iqtisadi gərginliyin hədəf kanal kimi miqrantlara yönəldilməsinin, həm də Kremlin etnik və dini kartlarla daxildəki narazılıqları manipulyasiya etməsinin nəticəsidir".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov BMT-nin Rusiyada azərbaycanlılara qarşı qəddar hücumlardan sadəcə "xəbərdardır" olub, amma heç bir reaksiya verməməsi haqqında danışarkən bildirdi.
"Birincisi, BMT-nin real güc mexanizmləri, xüsusilə də Təhlükəsizlik Şurasında veto hüququ olan Rusiya kimi dövlətlərə qarşı işlək deyil. Yəni, Rusiya özü o masada oturub və əlində veto kartı var. BMT isə “müzakirə edir”, “narahatdır”, “izləyir”, “təəssüflənir”. Bu diplomatik ritorika əslində fəaliyyətsizlik formasıdır.
İkincisi, BMT-nin strukturu İkinci Dünya müharibəsi sonrası güc balansına əsaslanır. Dünya dəyişdi, amma sistem köhnə qaldı. Rusiya isə bu köhnə sistemin içində öz toxunulmaz zonasını qoruyur", o dedi.
Politoloq qeyd etdi ki, azərbaycanlılara və digər etnik azlıqlara qarşı zorakılıqların artması isə Kremlin həm daxili, həm də xarici siyasətdə ehtiyatla qurduğu “qorxu və təhdid” modelinin bir parçasıdır.
"Üçüncüsü, BMT bir çox hallarda geosiyasi maraqların arxa fonda toqquşduğu platformadır, prinsiplərin deyil, güc balansının danışdığı yerə çevrilib. Ona görə də Rusiyanın hegemonluğunun qarşısını almaq bir deklarasiyayla, ya da bəyanatla mümkün deyil. Real qarşı tədbirlər isə BMT-dən yox, regional ittifaqlardan, konkret dövlətlərin hüquqi və diplomatik təzyiqlərindən gəlməlidir.
BMT xəbərdardır, amma xəbərdar olmaqla məsuliyyət daşımır. Zorakılıqlar isə artmaqdadır. Bu, təkcə Azərbaycanın problemi deyil – bu, beynəlxalq sistemin riyakarlığının və təkqütblü olmayan, amma çoxdağınıq dünyanın fəsadlarının göstəricisidir", - deyə Tural İsmayılov vurğuladı.
Xədicə BAXIŞLI