EN

Lord Con Alderdays: Böyük Britaniya Azərbaycan və Mərkəzi Asiya ilə əməkdaşlığını dərinləşdirməyə sadiqdir

London, 2 iyul, AZƏRYATAC

Londonda Xəzər Siyasət Mərkəzi (Caspian Policy Center) tərəfindən keçirilən Trans-Xəzər konnektivliyi üzrə üçüncü London konfransı çərçivəsində çıxış edən Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarət elçisi, Lordlar Palatasının üzvü Lord Con Alderdays, Birləşmiş Krallığın regionla əməkdaşlığa artan diqqətindən danışıb.

AZƏRTAC xəbər verir ki, Lord Alderdaysin sözlərinə görə, regionla münasibətlər təkcə ticarət və investisiyalarla məhdudlaşmır, eyni zamanda, uzunmüddətli tərəfdaşlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Bildirib ki, bu əməkdaşlıq sahələri arasında bərpa olunan enerji, maliyyə və peşəkar xidmətlər, təhsil, kreativ sənayelər və strateji əhəmiyyətə malik xammallar kimi sahələr xüsusi önəm daşıyır.

“Britaniya şirkətləri artıq regionun bir sıra ölkələrində mühüm infrastruktur layihələrində iştirak edir. Azərbaycanda Böyük Britaniyanın ixrac kredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilk maliyyə əməliyyatını uğurla yekunlaşdırıb. Bundan əlavə, Britaniya şirkətləri Azərbaycanda təmiz enerji dəhlizlərinin yaradılması istiqamətində əməkdaşlıq edirlər”,- deyə Lord Alderdays vurğulayıb.

O bildirib ki, Orta Dəhliz boyunca yerləşən ölkələr üçün nəqliyyat, logistika və rəqəmsallaşma sahələrində infrastrukturun modernləşdirilməsi xüsusi prioritet təşkil etməlidir. Bu baxımdan, Böyük Britaniya yalnız maliyyə deyil, həm də texniki və institusional dəstək göstərməyə hazırdır.

Təhsil sahəsinə toxunan Lord Alderdays, Böyük Britaniyanın region ölkələri ilə ali təhsil sahəsində uğurlu əməkdaşlıq nümunələrini qeyd edib. Bir sıra Britaniya universitetləri artıq regionda ikili diplom proqramları həyata keçirir, mühəndis, enerji mütəxəssisləri və rəqəmsal texnologiya üzrə kadrlara təlim verir. O, bu cür “insandan-insana bağlantıların” regional inteqrasiyanın əsas təməlini təşkil etdiyini bildirib.

“Biz infrastrukturun inkişafına yalnız tikinti layihəsi kimi baxmırıq. Bu həm də insan kapitalına, təhsilə və innovasiyalara sərmayə yatırmaq anlamına gəlir. Böyük Britaniya bu istiqamətdə uzunmüddətli və davamlı tərəfdaşlıq təklif edir”,- deyə Lord Alderdays çıxışının sonunda əlavə edib.

 
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Chosen
13
28
azertag.az

10Sources