EN

Göbəklitəpə məbəd kompleksi Türkiyənin aparıcı turizm istiqamətlərindən birinə çevrilib

Ankara, 3 iyul, AZƏRTAC

Dünyanın ən qədim tikililərindən olan Göbəklitəpə məbəd kompleksi son illərdə Cənub-Şərqi Anadolunun məşhur turizm məkanına çevrilib.

AZƏRTAC xəbər verir ki, 2019-cu ildə ziyarət üçün açıldığı gündən bəri türkcə “qarınlı təpə” mənasını verən Göbəklitəpəni 3 milyon 645 min yerli və xarici turist ziyarət edib. Eyni zamanda, 2025-ci ilin yanvar-iyun aylarında meqalitə 385 511 turist gəlib.

Şanlıurfa vilayətinin inzibati mərkəzindən 18 kilometrlik məsafədə yerləşən Haliliye bölgədəki kompleks 1963-cü ildə aşkar edilib, qazıntılar isə 1995-ci ildən aparılır.

2018-ci ilin iyul ayında Göbəklitəpə kompleksi UNESCO-nun Dünya İrs Siyahısına daxil edilib, 2019-cu ilin martında isə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə rəsmi açılışı olub.

Türkiyə dövlət başçısının qərarı ilə 2019-cu il ölkədə “Göbəklitəpə İli” elan edilib.

Qeyd edək ki, Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi Anadolu irsinin təbliği məqsədilə vaxtaşırı olaraq xaricdə tədbirlər təşkil edir. Romada “Göbəklitəpə: müqəddəs yerin sirri” sərgisini altı ay ərzində altı milyondan çox turist ziyarət edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Chosen
19
1
azertag.az

2Sources