ain.az, Gununsesi portalına istinadən məlumatı açıqlayır.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 ilə müddətinə həbs edilən tanınmış ictimai-siyasi fəal Bəxtiyar Hacıyevdən xəbər var.
Gununsesi.info-nun xəbərinə görə, hazırda cəzaçəkmə müəssisəsində saxlanılan Bəxtiyar Hacıyev, Penitensiar xidmətin rəisi, general Mirsaleh Seyidova müraciət edib.
Həmin müraciətində o, Mirsaleh Seyidovdan onun azadlığa buraxılmasına köməklik göstərilməsini xahiş edib.
Sözügedən məktubu təqdim edirik:
“Hörmətli Mirsaleh müəllim! Bildiyiniz kimi, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10(on) il müddətinə azadlıqdan məhrum edilmişəm. Artıq 2 il yarımdan artıqdır ki, həbsdəyəm və düşünməyə kifayət qədər vaxtım olub. Aydındır ki, həbsim cinayət törətməyimə görə yox, ictimai-siyasi fəaliyyətimlə bağlıdır. Həbsimdən əvvəl bəzi maraqlı qruplar məni səhv addımlar atmağa, səhv seçimlər etməyə, səhv qərarlar verməyə və səhv üslub seçməyə təhrik və vadar ediblər. Təəssüf ki, mən də hər bir insan kimi uzun müddət diqqətli, səbirli, təmkinli olsam da, zaman-zaman həbsimə səbəb olacaq səhvlər etmişəm. Hörmətli Mirsaleh müəllim, Vətəndaş səhvlər etsə də, dövlət və dövlət xadimləri böyüklük nümayiş etdirməli, vətəndaşlara öz qərarlarını gözdən keçirməyə şərait yaratmalıdır. 2000-ci illərdən hər zaman Azərbaycanın maraqları uğrunda fəlaliyyət göstərən bir şəxsin cəzası 10 il azadlıqdan məhrum etmək olmamalıdır. Özüm həbs edilmişəm, dostum Abbasov Rail Nurəddin oğlu mənə görə həbs edilib, əmlakım müsadirə olunub, mənə qarşı geniş qarayaxma kampaniyası başladılıb. Bu qədər cəza, məhrumiyyət, təzyiq kifayətdir ki, insan öz ictimai-siyasi fəaliyyətində etdiyi səhv seçimlərlə bağlı yekun nəticəyə gəlsin. Mən də azadlığa buraxılacağım təqdirdə ictimai-siyasi fəaliyyətimi dayandırmağa hazıram. Hörmətli Mirsaleh müəllim, həbsimdən əvvəl, həbsim zamanı və bundan sonrakı durumla bağlı məlumat almaq, ölkə başçısı cənab İlham Əliyevə doğru və dəqiq məruzə edərək azadlığa çıxmağıma kömək etməyinizi xahiş edirəm. Dövlətimiz üçün azadlıqda fəaliyyətim, Azərbaycanla soyuq münasibətləri olan ölkələrlə iş istiqamətində çalışmağım həbsxana divarları arasında oturmağımdan daha faydalı ola bilər. Zamanın sürətlə getdiyi, dünyadakı geosiyasi vəziyyətin sürətlə dəyişdiyi bir vaxtda, yaşlı valideynlərimin olmasını, əvvəlki ictimai xidmətlərimi nəzərə alaraq, mənim və dostum Rail Abbasovun Ali Məhkəmə mərhələsində azadlığa buraxılmağımız üçün köməyinizi xahiş edirəm.
Gununsesi.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.