EN

Şuşada İƏT Biznes Forumu

Birlik ölkələri Azərbaycana 22 milyard dollar sərmayə yatırıb

Dünən Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) “İnvestisiya və ticarətin təşviqi İƏT regionunda davamlı inkişaf üçün katalizator kimi” mövzusunda biznes forumu keçirilib. Toplantının keçirilməsində məqsəd İƏT regionunda investisiyalar və ticarətin təşviqi, işgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi və dayanıqlı iqtisadi inkişafın dəstəklənməsidir.

Açılış mərasimində çıxış edən iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev bildirib ki, Azərbaycanın İƏT ölkələri ilə ticarət dövriyyəsi 10 faiz artaraq 3,5 milyard dollara çatıb. Nazir müavininin sözlərinə görə, hazırda Azərbaycanda İƏT ölkələrinin 10 mindən çox şirkəti fəaliyyət göstərir. Qeyd olunub ki, ötən dövrdə Azərbaycana 22 milyard dollardan çox yatırım edən İƏT ölkələri artıq işğaldan azad olunmuş ərazilərin bərpasında da iştirak edirlər. Ortaq baxışların birlikdə dayanıqlı inkişafa çevrilməsinin mümkünlüyünü vurğulayan nazir müavini Azərbaycanın birgə potensialın xalqlarımızın mənafeyi naminə istifadə etməyə hazır olduğunu bildirib.

İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi Əsəd Məcid Xan qeyd edib ki, İƏT ölkələrinin dünya iqtisadiyyatında çəkisi 4,4 faizdir ki, bu da real potensialdan aşağıdır. Baş katib İƏT ölkələri arasında ticarəti asanlaşdıracaq memorandumun iyulun 25-dək imzalanması üçün ölkələri daxili prosedurları sürətləndirməyə çağırıb. O daha sonra deyib: “İƏT ölkələri arasında gömrük sahəsində sənəd imzalanmağa da hazırdır. Bu, üzv ölkələr arasında gömrük sahəsində prosedurları sürətləndirəcək. Bu, tarixi bir sammitdir. Biz Prezident İlham Əliyevə təşəkkür edirik, onun təşəbbüsü ilə İƏT Həftəsi keçirilir, bir yerə toplaşmışıq”.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev dövlət və özəl sektor arasında əlaqələrin genişləndirilməsini zəruri sayıb. Rəhbərlik etdiyi qurumun İƏT regionunda yeni gündəlik üzərində çalışacağığını bildirən icraçı direktor bu məqsədlə kiçik və orta biznes üçün logistik dəstək mexanizmi kimi yeni alətlərin təşviq edilməsinin vacibliyini önə çəkib.

Onun sözlərinə görə, İƏT regionunda əməkdaşlığı şaxələndirmək üçün ticarət əlaqələrinin cəmləşdirilməsini, eləcə də bərpa olunan enerji, rəqəmsal texnologiyalar, infrastruktur və aqrobiznes sahələrində dayanıqlı sərhədlərarası investisiyaları artırmaq lazımdır.

İƏT Ticarət və Sənaye Palatası, Pakistan Ticarət və Sənaye Palataları Federasiyasının prezidenti Atif İkram Şeyx çıxış edərək uğurlu ev sahibliyinə görə Azərbaycana təşəkkür edib.

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Prezidenti Məmməd Musayev İƏT ölkələri arasında ticarət dövriyyəsinə dair göstəricilər barədə danışıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov isə İƏT ölkələri arasında kənd təsərrüfatı, tekstil və digər sahələrdə əməkdaşlıq üçün geniş imkanlar olduğunu söyləyib. Azad olunmuş ərazilərdə fəaliyyətlə bağlı 3 min 700-dən çox müraciət daxil olduğunu diqqətə çatdıran

KOBİA sədri İƏT ölkələri şirkətlərinin də bu təşəbbüsə qoşulmasını zəruri sayıb.

Ümumilikdə isə, forumda ərzaq, kənd təsərrüfatı, tekstil, İKT, turizm, nəqliyyat və dairəvi iqtisadiyyat sektorlarında işbirliyinin şaxələndirilməsi imkanları, eləcə də digər məsələlər müzakirə olunub. Tədbir çərçivəsində “biznes – dövlət”, “biznes – biznes” formatlarında görüşlər keçirilib. Forumda Ələt Azad İqtisadi Zonası barədə də iştirakçılara ətarflı məlumat verilib.

Xatırladaq ki, İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) 1985-ci ildə İran, Pakistan və Türkiyə tərəfindən üzv dövlətlər arasında iqtisadi, texniki və mədəni əməkdaşlığı təşviq etmək məqsədilə hökumətlərarası regional təşkilat kimi yaradılıb 1964-cü ildən 1979-cu ilə qədər isə İnkişaf üzrə Regional Əməkdaşlıq Təşkilatı kimi fəaliyyət göstərib.

1992-ci ildə bu təşkilat Əfqanıstan, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan kimi 7 yeni üzvün daxil olması ilə daha da genişlənib. İƏT ticarət perspektivlərinin zənginliyi ilə daim diqqət çəkib. Təşkilat qısa müddətdə inkişaf etməkdə olan regional təşkilata çevrilib və beynəlxalq aləmdəki nüfuzu getdikcə güclənib. Buna baxmayaraq, İƏT öz məqsəd və vəzifələrinin həyata keçirilməsi ilə bağlı çoxsaylı çətinliklərlə üzləşib.

Son illərdə İƏT regional inkişaf tempini sürətləndirməyi qarşıya mühüm vəzifə kimi qoyub. Qurum əməkdaşlığın prioritet istiqamətləri üzrə, o cümlədən enerji, ticarət, nəqliyyat, kənd təsərrüfatı və narkotiklərə nəzarətlə bağlı bir sıra layihələrə başlayıb.

Təşkilata üzv olan ölkələrdə, ümumilikdə, 550 milyon əhali yaşayır. Bu, o deməkdir ki, qurum həm region, həm də istehlakçı potensialı baxımından mühüm önəm daşıyır. İƏT-in üzvləri arasındakı ticarət dövriyyəsi illik 76 milyard dollara çatır. Rəqəmlər göstərir ki, təşkilata üzv olan ölkələr həm onun daxilində, həm qarşılıqlı əlaqə və ticarətdə mühüm çəkiyə malikdirlər.

 

Chosen
5
32
xalqqazeti.az

10Sources