EN

Sertifikasiyadan kəsilənlərə 3-cü şans necə verilməlidir?

Təhsildə keyfiyyətin artırılması məqsədilə həyata keçirilən müəllimlərin sertifikatlaşdırma prosesi tədris prosesinin gücləndirilməsinə, müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinə xidmət edir.
Bu proses çərçivəsində bəzən müəllimlər müəyyən səbəblərdən təkrar sertifikasiyaya cəlb edilir və nəticə olaraq bəzi müəllimlər uğurlu nəticə əldə edə bilmir.

Hazırda Elm və Təhsil Nazirliyi və aidiyyəti qurumlar bu istiqamətdə çevik yanaşmalar, alternativ iş imkanları və ixtisasartırma proqramları üzərində çalışır. Məqsəd heç bir müəllimin kənarda qalmaması və hər bir təcrübəli kadrın cəmiyyətə faydalı formada cəlb olunmasıdır.

Mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən ixtisas seçimi və karyera üzrə mütəxəssis, təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, bununla bağlı Elm və Təhsil naziri açıqlamasında bildirib ki, sertifikasiya imtahanının məqsədi müəllimlərin ümumtəhsil məktəblərindən kənarlaşdırılması və ya işsiz qalması deyil:

“Məqsədimiz məktəblərdə tədris prosesini keyfiyyətlə həyata keçirən müəllimlərin fəaliyyət göstərməsidir. Məhz bu səbəbdən sertifikasiya imtahanları keçirilir. İlk mərhələdə müsbət nəticə əldə etməyən müəllimlərə 1 il güzəşt verilir. Bu müddət ərzində onlardan tələb olunur ki, öz ixtisasları üzrə təkrar hazırlaşsınlar və növbəti ildə imtahanda iştirak edərək lazımi bal toplasınlar.

Təəssüf ki, bəzən müəllimlər bu imkandan yararlana bilmirlər və ikinci cəhddə də uğursuz olurlar. Belə hallarda artıq biz nə edə bilərik? Axı biz hamımız istəyirik ki, məktəblərdə övladlarımıza savadlı, keyfiyyətli müəllimlər dərs desin.

Əgər bir müəllim bir ildə də öz ixtisası üzrə hazırlıq görmürsə, bu artıq məsuliyyətsizlikdir. Belə halda həmin müəllim könüllü şəkildə məktəbdən ərizə verərək getməlidir. Biz yeni cəmiyyət qururuq, yeni nəsil formalaşdırırıq və bu nəsil savadlı, bilikli kadrlar arasında yetişməlidir. Elm və Təhsil Nazirliyi bu məsələyə ciddi yanaşır. Hətta həmin müəllimlər üçün alternativ iş yerləri də təklif olunur. Məsələn, kitabxanaçı, laborant və ya köməkçi müəllim vəzifələri. Bu, onlara işsiz qalmamaq üçün təqdim edilir".

“Əgər biz adil bir sertifikasiya prosesi həyata keçiririksə, bu zaman bəzi çətinliklər də qaçılmazdır”, – deyə ekspert söyləyib:

“Çünki məqsəd savadlı, hazırlıqlı kadrları seçməkdir. Əgər bir müəllim öz ixtisası üzrə yetərli deyilsə, niyə həmin vəzifədə qalmalıdır? Hazırda universitetləri yeni bitirmiş, enerjili, dinamik gənc müəllimlərimiz var. Onlara da işləmək imkanı yaradılmalıdır. MİQ imtahanından keçən bu gənclər niyə tədris prosesinə cəlb olunmasınlar?
Mən düşünürəm ki, sertifikasiya imtahanı ciddi şəkildə saxlanmalıdır. Bir dəfə güzəşt edilə bilər, amma ikinci dəfə yox. Əgər ikinci dəfə də güzəşt ediləcəksə, bu prosesin heç bir mənası qalmır. Müəllim öz üzərində işləməli, ixtisasını bilməli və sertifikasiya imtahanında özünü sübut etməlidir. Burada başqa alternativ yoxdur".

Chosen
36
14
azedu.az

10Sources