Hazırda Rusiya həm Ukrayna ilə müharibə, həm də Qərbin sanksiyaları ilə üz-üzədir. Bundan əlavə, Cənubi Qafqazda mümkün yeni gərginliklər də Rusiya üçün əlavə risklər yaradır. Azərbaycan yalnız Rusiya üçün mühüm iqtisadi tərəfdaş deyil, həm də Cənubi Qafqazda, Orta Asiyada və Şimal-Cənub nəqliyyat dəhlizində “geosiyasi qapı” rolunu oynayır. Belə bir vəziyyətdə Moskvanın Azərbaycan kimi strateji əhəmiyyətli bir ölkə ilə münasibətləri korlaması iqtisadi və siyasi baxımdan nə dərəcədə rasional addımdır?
Bu barədə Moderator.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Rusiya tərəfi normal xarici siyasət çərçivəsində öz maraqlarını qoruya biləcək addımlar atsaydı, Azərbaycanla vəziyyətin gərginləşməsi istiqamətində addımlar atmazdı. İqtisadçı qeyd edib ki, Rusiyanın indiki siyasəti və rəhbərliyi dövlət maraqlarını deyil, şəxsi maraq və ambisiyalarını önə çəkir:
“Bu nöqteyi-nəzərdən Azərbaycanla münasibətlərin yaxşı olmasında ilk növbədə Rusiya maraqlı olmalıdır. Amma müşahidə edirik ki, gərginlik məhz Rusiyadan qaynaqlanır və bu gərginliyin sona çatması da yenə Rusiyadan asılıdır. Əgər Rusiya Azərbaycana qarşı dost olmayan addım və münasibətlərdən çəkinsə, düşünürəm ki, münasibətlərin tənzimlənməsi və normal məcraya düşməsi mümkündür”.
Mehin Mehmanqızı