Dil – ürəkdən gələn nəğmə kimidir: ecazlı, özgü ahəngli, elə ürəyimizin ritmini daşıyan bir mənəvi varlıq, ruhi gücdür. O, bir ulusun mədəniyyəti, tarixidir. Bəs biz balalarımıza hansı dili sevdirmək istəyirik?
Sovet dönəmində rus dili imperiya siyasətinin alətinə - çəkicinə-orağına və arağına çevrildi. Təhsil dedik – rusca oxumağı, yazmağı öyrəndik, amma milli ruhda xroniki bir boşluq, təbii bir həsrət yarandı.
İndi Azərbaycanda rusdilli məktəb sayı Gürcüstan və Ermənistandakı birgə saydan qat-qat artıqdır. Hətta, GUAM üzvlərinin digər üçündəkindən də çoxdur – bu isə heç də az rəqəm deyil. Niyə belə olmalıdır axı, niyə? Dünən - oldu, bitdi, getdi bəs bu gün 300 rusdilli məktəb bizim büdcəmizə yük deyilmi? - Yükdür, yükdür, yükdür! Yəni yalnız imkan yox, milli gələcək barədə düşünmək durumundayıq.
Balalarımız öz doğma dilimizdə
-düşünməli,
-oxumalı, öyrənməli,
-yazmalıdır.
Rus dili də öyrənilsin - necə ingiliscə, ispanca, almanca, ərəbcə və başqa yabançı dillər öyrənilir - o kimi. - Yəni öz funksiyasını aşmasın:
elmdə,
texnologiyada,
uluslararası bağlarda
gərəkliliyi qədərincə öyrədilsin, öyrənilsin. Başqa dili öyrənək, əlbəttə - ancaq öz dilimizin yerinə, göyünə və ruhuna zərbə vurmadan!
Rusdilli məktəb – şərt deyil, əşhədü-ehtiyac deyil, sadəcə, gərək olduğu yerdə və qədərində bir seçim ola bilər. O seçim düşünülmüş, milli strategiyaya, gələcəyin vicdanına bağlı olmalıdır. Əks halda biz tarixdə olmayan bir “ikinci dərinlik”də – kimlik itkisində boğula bilərik. Boğulmağa məhkum deyilik! Bizim məhkumluğumuz varsa, o da Böyük Gələcəyədir! - Bu isə məhkumluqdan daha çox talibliyi, üfüqü bildirir. Bu bildirim ortaq türk keçmişindən ortaq türk gələcəyinə aparan yolu da ifadə edir…
NƏ DÖVLƏTİMİZ, NƏ DƏ DÖVLƏT DİLİMİZ ZAVAL GÖRMƏSİN!
Əkbər QOŞALI