EN

Daşınmaz əmlak bazarında alıcı qıtlığı YAŞANIR

Yazını böyüt
Yazını kiçilt

Əmlak qeydiyyatı niyə azalıb?

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda daşınmaz əmlak üzərində 148 678 mülkiyyət hüququ qeydiyyata alınıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,7 faiz azalma deməkdir. Əmlak Məsələləri Dövlət Xidmətindən hafta.az-a verilən məlumata görə, bu rəqəmlər həm ilkin, həm də təkrar qeydiyyat sahəsində azalma tendensiyasını ortaya qoyur. Belə ki, ümumi qeydiyyatların 16,8 faizi (24 947) ilkin, 83,2 faizi (123 731) isə təkrar qeydiyyatlardır. Mülkiyyət hüququnun dövlət qeydiyyatı daha çox torpaq sahələri (81 642), mənzillər (35 630) və fərdi yaşayış-bağ evləri (26 019) üzərində həyata keçirilib. Qeydiyyatlar əsasən Bakı şəhərində (38 859) cəmlənib, digər hissəsi isə bölgələrin payına düşür. Dövr ərzində 105 328 texniki pasport tərtib edilib, 24 599 ipoteka müqaviləsi rəsmiləşdirilib.

Bəs, görəsən, daşınmaz əmlak üzərində mülkiyyət hüququ qeydiyyatında azalmanın səbəbləri nədir?

Qeyd edək ki, mülkiyyət hüququnun qeydiyyatında baş verən azalma bir neçə amillə izah olunur. Ekspertlərin fikrincə, bu, ölkədəki iqtisadi vəziyyət, tikinti sektorundakı durğunluq və əmlak bazarındakı tələb-təklif balansının dəyişməsi ilə əlaqədar ola bilər. Mütəxəssislər yeni tikinti layihələrinin azalmasını və mövcud tikililərin sənədləşməsindəki çətinlikləri də əsas faktor kimi qeyd edirlər. Sənədsiz evlərin sayı artmaqda davam edir və bu evlər üzərində mülkiyyət hüququnun rəsmiləşdirilməsi uzun və çətin proses tələb edir. Bu vəziyyət vətəndaşların rəsmi qeydiyyat proseslərindən yayınmasına səbəb olur. Eyni zamanda, bəzi regionlarda torpaq mülkiyyətinin sənədləşdirilməsində yaşanan hüquqi və texniki problemlər, xüsusən də kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilmiş evlərin qeydiyyatında ciddi maneələr yaradır.

Ekspertlər hesab edirlər ki, mülkiyyət hüququnun qeydiyyatının azalması, əmlak bazarında qeyri-rəsmi əməliyyatların artmasına da gətirib çıxara bilər. Bu isə gələcəkdə hüquqi mübahisələrin və təhlükəli mülkiyyət münaqişələrinin yaranmasına zəmin yaradır. Bu səbəbdən, ekspertlər və hüquqşünaslar əmlakın qeydiyyat prosesini sadələşdirməyi və sənədsiz evlərin leqallaşdırılması istiqamətində daha sistemli islahatların aparılmasını zəruri hesab edirlər.

"Sənədsiz evlərin sənədləri elə sürətlə verilmir ki, bu da bir göstərici olsun”

Mövzu ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatı dedikdə çıxarış nəzərdə tutulur:

“Hazırda göstərilən rəqəmlər təkrar alqı-satqı, təkrar özəlləşmələrlə bağlıdır. Yəni bir vətəndaş çıxarışlı binada ev alıb, alqı-satqı edib, yenidən sənədləri təqdim edib çıxarış alıb. Hazır çıxarışların təkrar verilməsi, bir də ilkin çıxarışların verilməsi var. Bunlar ümumi olaraq statsitikada çıxarışların verilməsi kimi göstərilir”.

O, daha sonra bildirir ki, hazırda daşınmaz əmlak bazarında bir durğunluq hökm sürür:

“Bu baxımdan təkrar alqı-satqı bazarında da vəziyyət ürəkaçan deyil. Yəni əmlak bazarı mövsümi olaraq bir az dayanıb. Həm də sənədsiz evlərin sənədləri elə sürətlə verilmir ki, bu da bir göstərici olsun”.

Ekspertin sözlərinə görə, son illər həyət evlərinin alıcıları daha çoxalıb:

“Satılan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı yoxdur. Çıxarış olmayanda rəsmi statistikada göstərilə bilmir. Eləcə də çıxarışı olmayan torpaqlarda fərdi həyət evi tikmək qadağan olunub və kommunal xətlərin çəkilməsinə icazə verilmir. Alqı-satqı olunan həyət evlərinin böyük əksəriyyətinin çıxarışı olmadığına görə onlar rəsmi rəqəmlərlə göstərilə bimir. Evləri bir-birinə etibarnamə  və yaxud ilkin alqı-satqı yolu ilə satdıqları üçün statistikası aparıla bilmir və buna görə də rəqəmlər aşağı olur”.

"Ötən ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki..."

Əmlak məsələləri üzrə ekspert Ramil Qasımzadənin sözlərinə görə, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydiyyatının azalması əsasən bazarda alqı-satqı əməliyyatlarının azalması ilə əlaqədardır:

“Rəqəmlərdən də görünür ki, həm ilkin, həm də təkrar mənzil bazarında mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasında azalmalar müşahidə edilib. Bunun əsas səbəblərindən biri mənzil bazarındakı qiymətlərdir. Son illər mənzillərin qiymətində xeyli yüksəliş müşahidə edildi. Demək olar ki, 30 faizə qədər artım olduğunu söyləyə bilərik. Amma ötən ildən başlayaraq qiymətlər o dərəcədə qalxdı ki, bu, alqı-satqı prosesinə də təsir göstərdi. Hazırda daşınmaz əmlak bazarında alıcı qıtlığı yaşanır. Bu da notarial qaydada alqı-satqı əməliyyatlarının azalmasına təsir edib”.

Chosen
24
24
hafta.az

10Sources