EN

Ekspert: ECO-nun 17-ci zirvə görüşü münasibətlərin inkişafı baxımından əhəmiyyətli platforma olacaq

Bakı, 3 iyul, P.Qafarova, AZƏRTAC

İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Azərbaycan üçün strateji əhəmiyyətli qurumdur. Bu təşkilatın üzvlərinə baxanda görürük ki, Azərbaycanın bu ölkələrlə çox sıx əməkdaşlığı mövcuddur. Təşkilatın sıralarında yer alan Mərkəzi Asiya ölkələri, Türkiyə, Pakistan, Əfqanıstan və İran hər biri Azərbaycanla dost dövlətlərdir. Xüsusilə, Türk Dövlətləri Təşkilatının burada təmsil olunması və Azərbaycanın iki əhəmiyyətli strateji müttəfiqi olan Pakistanın və Türkiyənin burada əsas həlledici rola malik olması Azərbaycanın bu qurumda iştirakını zəruri edir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli deyib.

“İqtisadi Əməkdaşlıq Təşkilatındakı dövlətlərinin hər biri ilə iqtisadi əlaqələr mövcuddur və bu ölkələr Azərbaycanın əhəmiyyətli ticarət və investisiya partnyorlarıdır. Azərbaycanın xarici investisiyalarının əsas hissəsi Türkiyə istiqamətindədir. Azərbaycan qardaş ölkəyə 24 milyard dollardan çox investisiya qoyub, eyni zamanda da Pakistana 2 milyard dollara qədər investisiya yatırmağa hazırlaşır. Bundan başqa, Mərkəz Asiya ölkələri ilə genişlənən ciddi əməkdaşlıq mövcuddur. Bu, həm ticarət, həm tranzit, həm də iqtisadi investisiya istiqamətlərini əhatə edir. Bu baxımdan İran ölkəmiz üçün həm tranzit, həm ticarət əlaqələri, həm də iqtisadi əlaqələr baxımında da mühüm əhəmiyyət kəsb edir. İqtisadi Əməkdaşlıq Təşkilatının üzvlərinin hər birinin sürətli iqtisadi artım nümayiş etdirməsi bu qurumun perspektivi barəsində də mühüm imkanlar yaradır.

Həmçinin, xüsusilə Orta Dəhlizin aktuallaşması, ECO üzvlərinin bir çox ölkələrinin bu dəhlizdə birbaşa iştirak etməsi, dəhlizin üzərində olması, ölkələr arasında həm sadələşdirlmiş ticarət qaydalarının tətbiqinə, həm də tranzit imkanlarının gerişləndirilməsi üçün ortada olan müəyyən problemlərin koordinasiyalı formada həllini zəruri edir. Qarşıdakı tədbirin Qarabağda məhz Xankəndidə keçirilməsinin də xüsusi əhəmiyyəti var. Bu, həm qonaqların işğaldan azad olunmuş ərazilərin bərpası ilə tanışlığı, eləcə də burda investisiya imkanlarının müzakirəsi baxımdan da mühüm əhəmiyyət daşıyır. Digər tərəfdən, tədbirin gündəliyi, iqtisadi və iqlim məsələlər mövzuları istiqamətdə olacaq ki. bu da yeni əməkdaşlıq əlaqələrinin qurulmasına təkan verəcək. Hər iki aspektdə Azərbaycan həm qlobal miqyasda, həm regional miqyasda aktiv oyunçudur. Belə ki, dost dövlətlərin təşkilatı olan İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşü də əlaqələrinin yaxşılaşdırılması, mövcud problemlərin müzakirəsi, münasibətlərinin inkişaf etdirilməsi baxımından əhəmiyyətli platforma olacaq.

Chosen
14
50
azertag.az

10Sources