“ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə ilk dəfə olaraq “İqtisadi Əməkdaşlıq Təşkilatı Həftəsi” çərçivəsində Laçın şəhərində keçirilən ilk İƏT Qadınlar Forumu çox maraqlı müzakirələrlə, samballı təkliflərlə yadda qaldı. Qadınların insan inkişafının bütün sahələrdə imkanlarının artırılması, İƏT ölkələri arasında əməkdaşlığın təşviqi, dayanıqlı , inklüziv və davamlı cəmiyyətin formalaşmasında qadınların rolunun gücləndirilməsi Forumun əsas məqsədləri kimi diqqəti çəkir və belə beynəlxalq tədbirə ölkəmizin ev sahibliyi etməsi, həledici mövqeyi hər birimizi sevindirir. Hər şeydən öncə qeyd edək ki, ötən əsrin əvvəllərində müsəlman Şərqində demokratik cümhuriyyət yaradan və qadınlara seçki hüququ verən Azərbaycan təxminən 100 il sonra, özü də işğaldan azad olunmuş Laçın şəhərində qadının cəmiyyətdə və idarəçilik sistemində rolunun artırılmasına dair belə bir mötəbər forum keçirir. Doğrudan da, tariximizin ən şanlı dönəmini yaşamaq qürurvericidir. Dağların qoynunda salınmış hava limanına enmək, burda gedən quruculuq işlərinin şahidi olmaq, gözəl Laçının əsrarəngiz gözəlliyini müşahidə etmək başqa bir duyğudur. Bəşəri və milli dəyərlərin təcəssümü olan qadınlarımız xalqımızın taleyüklü məsələlərinin həllində hər zaman fəal rol oynayıb. Adlarını tarixə qızıl hərflərlə yazdıran Azərbaycan qadını gözəl ana olmaqla yanaşı, ölkənin mədəni, siyasi, hərbi məsələlərində də öz sözlərini deyirlər. İstər Xalq Cümhuriyyəti dövründə, istər sovet hakimiyyəti illərində, istərsə də müstəqillik dönəmində qadınlarımız dövlər idarəçiliyində yüksək vəzifələrdə çalışıblar”.
Bunu Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib.
Deputat qeyd etdi ki, Laçındakı Qadınlar Forumunda müzakirəyə çıxarılan məsələlər həm Azərbaycan, həm də bütün dünya ölkələri üçün aktualdır: “Foruma 6 beynəlxalq təşkilatdan nümayəndələr, gənclər təşkilatları, akademik dairələr, vətəndaş cəmiyyəti və beynəlxalq tərəfdaşların təmsilçiləri iştirak edirdilər. Qadınların bilik və bacarıqlarının önə çıxarılması, inklüzivliyin təmin olunması, iqlim dəyişikliklərinə qarşı dayanıqlıqda qadının rolu Forumda ətraflı müzakirə olundu.Vurğulandı ki, qadınların cəmiyyətin bütün sahələrində tam təmsilçiliyi olmadan davamlı inkişaf mümkün deyildir. İƏT üzv dövlətlərində qadınların iqtisadi, sosial və institusional inkişafda rolunu gücləndirməyi hədəfləyir. Forumda həmçinin innovativ siyasətlər və bilik mübadiləsi vasitəsilə rəqəmsal inklüzivliyin, İƏT ölkələrində qadınlar üçün təlim, texnologiya və maliyyə dəstəyi proqramlarının həyata keçirilməsinin təşviq edilməsinin vacibliyi qeyd edildi. Forum qlobal inkişaf təşəbbüslərinə uyğun olaraq, “COP29 İnsan İnkişafı üçün İqlimə Davamlılıq üzrə Bakı Təşəbbüsü" və “COP29 Çoxsektorlu Fəaliyyət Yolları” (MAP) üzrə Bəyanat kimi çərçivələrə əsaslanırdı. Çünki qadınlar yalnız ailə və icma rifahında deyil, həm də insan inkişafının əsas sahələri - təhsil, sağlamlıq, yaşıl bacarıqlar, iş yerləri, uşaqlar və gənclər, həmçinin dayanıqlı şəhər inkişafı sahəsində mühüm rol oynayırlar. Forumda 2025-ci ildə başa çatan İƏT-in Baxış sənədinin davamı kimi və 2026-2030 dövrünü əhatə edəcək yeni inkişaf strategiyasının işlənib hazırlanmasında mühüm rol oynaya biləcəyi fikri də səsləndirildi”.
Mehriban Vəliyevanın sözlərinə görə, ölkəmizdə qadınların cəmiyyətdə rolunun yüksəldilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir:
"Birinci-vitse Prezident Mehriban xanım Əliyevanın xalqın rifahı naminə gördüyü işlər, atdığı addımlar, ictimai-siyasi fəaliyyəti Azərbaycan qadınının nə qədər fəal olduğunu göstərir. Azərbaycanın birinci xanımının hərtərəfli parlaq fəaliyyəti, xeyirxahlıq missiyası, mədəniyyətimizin bütün dünyada təbliği sahəsində gördüyü işlər hər kəsə nümunədir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ölkə daxilində abadlıq işlərinin aparılması, mədəni tədbirlərin keçirilməsi istiqamətində geniş və məqsədyönlü fəaliyyət göstərir. Birinci Qarabağ müharibəsində vətənin müdafiəsinə qalxan qadınlarımız 44 günlük Vətən Müharibəsində də öz sözlərini dedilər, adlarını tarixə yazdılar. Azərbaycan xalqı tarixin bütün dönəmlərində qadına, qız övladlarına böyük dəyər verib. Hazırda biz bu dəyərlərimizi hər kəslə bölüşmək istəyirik”.
Deputat hesab edir ki, qadın problemlərinin həllində, onların cəmiyyətdəki rolunun artırılmasında yenə də təhsil birinci sıradadır:
“Hələ ötən əsrin əvvəllərində müsəlman şərqində ilk dünyəvi qız məktəbini yaratmış milyonçu və xeyriyyəçi Zeynəlabdin Tağıyev qadınların inkişafına yatırılan sərmayəni cəmiyyətin gələcək rifahına, inkişafına töhfə kimi dəyərləndirirdi. O bildirirdi ki, əgər bir oğlana təhsil verirsənsə, təhsilli bir fərd, bir qıza təhsil verirsənsə, təhsilli bir ailə əldə edirsən. Laçında keçirilən Forumda bir məlumat diqqətimizi xüsusilə cəlb etdi. Bildirildi ki, Azərbaycan Təhsil Fondu gənc qızların təhsilə cəlbi üçün 1,2 milyon manat vəsait ayrıb və bundan 350 qız yararlanıb. Azərbaycanda 1,6 milyon şagird var var. Ümumi təhsil səviyyəsində 62, universitet səviyyəsində 51,2 faiz qızlar təhsil alır. Peşə təhsili sahəsində də təhsilalanların 36 faiz qızdır. Elm və Təhsil Nazirliyi bu göstəricini 40 faiz həddinə qaldırmağı hədəfləyir. Son iki ildə 26 min qız Tələbə Kredit Fondundan kredit əldə edib”.
Mehriban Vəliyeva bildirdi ki, qadınların siyasi proseslərdə, idarəçilikdə iştirakı bir sıra problemlərin həllinə yol aça bilər:
“Müharibələr, münaqişələr, siyasi gərginliklər qadınların barışdırıcı mövqeləri ilə, onların qərarların qəbulunda iştirakı ilə səngiyə bilər. Forumda müzakirə olunan digər aktual məsələ şəhərlərin salınmasında və idarəçiliyində qadınların rolunun artırılmasıdır. Azərbaycan yaxın vaxtlarda Sağlam Şəhərlər Təşəbbüsünə qoşulacaq. Xüsusən Qarabağda şəhərlərin salınmasında qadınların da mövqeyinin, fikirlərinin nəzərə alınması vacibdir. Birinci vitse-prezident Mehriban Əliyevanın quruculuq sahəsində mövqeyini və xidmətini xüsusi olaraq qeyd etmək istərdim. Heydər Əliyev Fondunun işğaldan azad olunmuş ərazilərdə mədəniyyət abidələrinin məscidlərin tikintisi və bərpasında rolu əvəzsizdir ”.
Mehriban Vəliyeva sonda onu da qeyd etdi ki, qadının sosial və siyasi idarəçilikdə iştirakı üçün onun iqtisadi müstəqilliyi, maliyyə qaynaqlarına rahat çıxışı təmin edilməlidir:
“Ətraf mühitin qoruyucuları, davamlılığın əsas dayağı olan qadınların insan inkişafının bütün sahələrində imkanlarının artırılması vacibdir. Dayanıqlı və inklüziv cəmiyyətlərin formalaşmasında, güclü ailə institutunun qurulmasında qadınların rolu artırılmalıdır. Çox müsbət haldır ki, hazırda Azərbaycanda qadın sahibkarlığının inkişafı üçün güzəştli maliyyə alətləri, bacarıqların artırılması proqramları, kənd yerlərində qadın əməkdaşlığını gücləndirən kooperativ modellər mövcuddur”.