Ailə münasibətlərində baş verən dəyişikliklər, xüsusilə boşanma, tərəflərin həyatında həm psixoloji, həm də maliyyə baxımından yeni vəziyyətlər yaradır. Bu proses zamanı hər iki tərəf üçün önəmli olan məsələlərdən biri də maliyyə borclarının paylaşdırılmasıdır. Xüsusilə, birgə götürülmüş kreditlərin necə bölüşdürüləcəyi barədə aydınlıq olmadıqda, bu, əlavə problemlərə yol açır.
Ər-arvadın münasibətləri bitdikdə, kreditin ödənməsi hüquqi baxımdan necə tənzimlənir? Məhkəmə təcrübəsində bu mövzu necə qiymətləndirilir?
Sfera.az xəbər verir ki, mövzu ilə bağlı Milli.Az-a vəkil Nurlan Səfərov bildirib ki, kredit müqaviləsində adı qeyd olunan şəxs öhdəlikləri yerinə yetirməlidir.
"Nəzərə alınmalıdır ki, ümumi əmlakın bölünməsi dedikdə ər-arvadın nikah dövründə birgə ailə təsərrüfatı nəticəsində əldə etdikləri bütün hüquq və öhdəliklərin məcmusunun bölünməsi nəzərdə tutulur. Nəticə etibarı ilə maddədə qeyd edilmiş ümumi əmlakın bölünməsi müddəası təkcə mülkiyyət payının bölünməsini deyil, iqtisadi dəyərə malik olan tələb hüquqlarının və yerinə yetirilməli olan öhdəliklərin bölünməsi hallarını da əhatə edir.Ər-arvadın öhdəlikləri üzrə ödəmənin onların əmlakına yönəldilməsinin şərtləri Ailə Məcəlləsinin 41-ci maddəsi ilə müəyyən edilib. Həmin maddəyə əsasən, ər-arvaddan birinin öhdəlikləri üzrə ödəmə yalnız onun şəxsi əmlakına və ər-arvadın ümumi əmlakı bölünərkən həmin əmlakdan ona çata biləcək paya yönəldilə bilər. Ər-arvadın ümumi öhdəlikləri üzrə, habelə ər-arvaddan birinin öhdəlikləri üzrə alınmış vəsaitin ailə ehtiyacları üçün istifadə olunduğu məhkəmə tərəfindən müəyyən edildikdə, həmin ərin (arvadın) öhdəlikləri üzrə ödəmə onların ümumi əmlakına yönəldilir. Bu əmlak kifayət olmadıqda, həmin öhdəliklər üzrə ər-arvad onların hər birinin əmlakı ilə birgə məsuliyyət daşıyırlar. Nəticə olaraq, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 41.2-ci maddələrinin tələblərinə uyğun olaraq, nikah dövründə ərin və ya arvadın ailə ehtiyaclarının təmin edilməsi məqsədi ilə üzərinə götürdüyü kreditlər ər-arvadın ümumi əmlakına daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin ilk dörd ayında Azərbaycanda 18 min 273 nikah və 5562 boşanma halları qeydə alınıb.