EN

“Rusiya–Azərbaycan münasibətlərinin pozulması nə Moskvanın, nə də Bakının maraqlarına uyğundur” – Azad Məsiyev – ÖZƏL

"Rusiya bizim əzəli və əbədi qonşumuzdur.
2022-ci ilin 24 fevralında Azərbaycan və Rusiya arasında 43 maddədən ibarət dostluq və əməkdaşlıq haqqında bəyannamə imzalanıb. Bu sənəd iki dövlət arasında münasibətlərin genişlənməsinə xidmət edir və strateji tərəfdaşlıq xarakteri daşıyır.
Ümumiyyətlə, Rusiya-Azərbaycan münasibətləri uzun illər ərzində ardıcıl şəkildə inkişaf edib. Lakin bu münasibətlərin yüksələn xətt üzrə getməsinə qısqanclıqla yanaşan dairələr - xüsusilə Ermənistan və bəzi Qərb ölkələri - bu əlaqələrin pozulmasında maraqlı olublar. ABŞ başda olmaqla bəzi dairələr Azərbaycan-Rusiya əməkdaşlığını zəiflətmək üçün müxtəlif üsullara əl atırlar. Ermənistan və erməni lobbiləri də bu istiqamətdə aktiv fəaliyyət göstərir, çünki iki ölkə arasında münasibətlərin soyuması birbaşa ermənilərin maraqlarına xidmət edir".

Bu fikirləri son dövrlərdə Azərbaycan-Rusiya münasibətləri və yaşanan gərginliklər ilə bağlı Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Ekspert bildirib ki, Azərbaycan və Rusiya arasında gərginliyə baxmayaraq, bu münasibətlərin pozulması nə Moskvanın, nə də Bakının maraqlarına uyğun deyil:

"Son dövrlərdə Azərbaycan və Rusiya arasında müşahidə olunan gərginliyin bir neçə səbəbi ola bilər. Rusiyanın bir sıra siyasi, iqtisadi və informasiya strukturlarında erməni lobbisinin təsiri hiss olunur. Bu lobbi uzun illərdir Azərbaycana qarşı qarayaxma kampaniyaları aparır və münasibətlərin gərginləşməsinə zəmin yaradır. Halbuki, bu münasibətlərin pozulması nə Azərbaycanın milli maraqlarına uyğundur, nə də Rusiyanın. Rusiyanın Ukrayna müharibəsi səbəbindən Qərblə əlaqələri zəifləyib və bu halda onun Cənub istiqamətində - İran, Türkiyə və Azərbaycanla əlaqələri qoruyub saxlaması həyati əhəmiyyət daşıyır. Azərbaycan bu mənada regionda lokomotiv rolunu oynayır və Şimal-Cənub nəqliyyat dəhlizində əsas ölkələrdən biridir. Rusiya ilə Türkiyə arasındakı münasibətlərin sağlam qalması da çox vaxt Azərbaycan üzərindən formalaşır. Türkiyə də dəfələrlə bəyan edib ki, Azərbaycana qarşı edilən təzyiqləri özünə qarşı hesab edir".

Azad Məsiyevin sözlərinə görə, Rusiyada azərbaycanlılara qarşı son davranışlar iki ölkə arasında gərginlik yaratmaq istəyən qüvvələrin planlı təxribatıdır.

"Son günlər Rusiyada azərbaycanlı miqrantlara qarşı baş verən xoşagəlməz hadisələr, onların hüquq-mühafizə orqanları tərəfindən kobud və qeyri-insani şəkildə saxlanılması isə bu əlaqələri sarsıtmaq məqsədi güdən qüvvələrin işidir. Belə davranışlar insan haqlarının və prosessual qaydaların pozulmasıdır. Cinayət işində adı keçən şəxs belə, sivil şəkildə müvafiq orqanlara çağırılmalıdır - bu, həm qanunun, həm də humanizmin tələbidir. Təəssüf ki, baş verənlər xüsusi nümayişkaranə və təhqiramiz formada həyata keçirilib. Bu isə Rusiyanın daxilində erməni lobbisinin təsiri altında olan müəyyən siyasi dairələrin sifarişi ilə baş verən hadisə təəssüratı yaradır. Çünki bu cür addımlar spontan yox, planlı şəkildə həyata keçirilir.
Bütün bunlar Rusiya və Azərbaycan arasında münasibətləri soyuqlaşdırmağa, iki dövlət arasında inamsızlıq toxumu səpməyə xidmət edir. Lakin bu, hər iki ölkənin strateji maraqlarına ziddir. Azərbaycan qonşuları ilə dinc yanaşı yaşamaq prinsipinə sadiqdir və Rusiya ilə münasibətlərin inkişafında həmişə maraqlı olub".

Siyasi şərhçi qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi artıq Rusiyaya etirazını bildirib və ölkə bu məsələni beynəlxalq hüquq və insan haqları çərçivəsində izləyir. Bu cür davranışlar yalnız azərbaycanlılara yox, ümumilikdə Orta Asiya ölkələrindən olan miqrantlara - özbəklərə, qırğızlara, taciklərə qarşı da həyata keçirilir və insan hüquqlarının kobud şəkildə pozulması deməkdir. Əgər Rusiya hüquqi dövlət iddiasındadırsa, bu cür hadisələrə dərhal hüquqi qiymət verməli, günahkarları cəzalandırmalıdır. Əks halda bu addımlar ölkə daxilində də narazılıqlara səbəb ola bilər. Bu davranışlar Rusiya vətəndaşı olan azərbaycanlılara qarşı da yönəlib və artıq ikitərəfli münasibətlərə mənfi təsir göstərməkdədir.
Rusiyanın siyasi elitası bu prosesləri düzgün qiymətləndirməli, kimin sifarişi ilə bu təxribatların həyata keçirildiyini aydınlaşdırmalı və məsuliyyət daşıyan şəxsləri qanun qarşısında cavab verməyə məcbur etməlidir. Yalnız bu halda iki ölkə arasında etimadın qorunması və əməkdaşlığın davam etməsi mümkündür.

Səidə Ramazanova

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
6
50
olaylar.az

10Sources