EN

Zaxarovanın açıqlaması – maskalanmış hədə- ÖZƏL

"Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın    Azərbaycanla Rusiya arasında dostluq münasibətlərinin önəmini vurğuladığı sözlər bizə nə yad, nə də yenidir. Davamlı olaraq Rusiya tərəfindən, istər Azərbaycanın daxili siyasətinə, istərsə də digər dövlətlərlə ikitərəfli münasibətlərində bu kimi yanaşmalar müşahidə olunub. Xüsusilə də Rusiya özündən zəif hesab etdiyi ölkələrlə münasibətlərdə daim bu şəkildə davranır: istədiyini edir, meydan oxuyur, irqçilik və faşist yanaşmaları nümayiş etdirir, hətta hadisələri dövlət terroru səviyyəsinə qədər yüksəldir". 

Bu fikirləri politoloq Həşim Səhrablı Olaylar.az-a açıqlamasında söyləyib. Politoloq qeyd edib ki,  Rusiya artıq dostluq maskası altında sistemli şəkildə azərbaycanlılara qarşı təqib siyasəti aparır:
"Qarşı tərəf boyun əydikdə istədiyinə çatır. Əgər qarşı tərəf boyun əyməyib mübarizə aparırsa, bu kimi ikili standartlarla, bu cür qeyri-səmimi açıqlamalarla hadisələri yumşaltmağa, törətdiyi cinayətlərdən və məsuliyyətdən yayınmağa çalışır. Bu, Rusiyanın uzun illərdir davam edən siyasi xəttidir və Zaxarovanın açıqlaması da həmin siyasətin növbəti təzahürüdür. Onun dedikləri saf niyyətdən doğan, dostluğun ifadəsi kimi başa düşülməməlidir.
Əslində bu, Rusiyanın Azərbaycana ünvanladığı yumşaq dillə desək, diplomatik mesajdır.  Guya  Azərbaycan-Rusiya dostluğunu pozmaq istəyən qüvvələr var və bu hadisələr onların nəticəsidir.
Burada haqlı olaraq "nə əlaqəsi var" sualı meydana çıxır. Çünki Rusiyanın Yekaterinburq və digər şəhərlərində azərbaycanlıların ardıcıl şəkildə hədəfə alınmasında Ukraynanın, İngiltərənin, Amerikanın, ya da Türkiyənin nə rolu var? Bu hadisələri kim törədib? Axı indi ruslar bu yaşanan münaqişəni hansısa xarici güclərin üstünə atmağa çalışırlar.
Əgər doğrudan da Azərbaycan-Rusiya münasibətlərini pozmaq istəyən qüvvələr mövcuddursa, o zaman bu qüvvələr gəlib Rusiya mərkəzində dövlət səviyyəsində terror həyata keçiriblər? Onlarmı hüquq-mühafizə orqanlarına əmr veriblər ki, azərbaycanlıları döyüb öldürsünlər, digərlərini küçələrdə tutub həbs etsinlər, etnik azərbaycanlı kartından təzyiq vasitəsi kimi istifadə etsinlər?
Əgər belədirsə, o zaman Rusiya artıq dövlətçilikdən danışmasın. Əgər Azərbaycanın Rusiya ilə münasibətlərini pozmaq istəyən qüvvələr gəlib Rusiya təhlükəsizlik orqanlarını idarə edir və bu münasibətlərə zərər verirsə, deməli, Rusiya dövləti artıq nəzarəti itirib, onun hüquq-mühafizə orqanlarını xarici və ya daxili qüvvələr idarə edir.
Yox, əgər belə deyilsə, o zaman bu, sadəcə olaraq ikiüzlülüyün və rüsvayçılığın yeni mərhələsidir. Çünki hazırda baş verənlər azərbaycanlılara qarşı sistematik təcavüzlərin, təqiblərin nəticəsidir və bunun məsuliyyəti birbaşa Rusiya hüquq-mühafizə orqanlarının üzərinə düşür. Nəzərə alsaq ki, bu orqanlar yalnız yuxarıdan gələn əmrləri icra edirlər, o zaman bu əmrləri verənlər də məsuliyyət daşıyır.
Əgər Zaxarovanın niyyəti doğrudan da səmimidirsə, o zaman Rusiya dövləti iki mühüm prinsipə - diplomatik və mədəni kodekslərə - riayət etməlidir. Rəsmi səviyyədə Azərbaycandan üzr istənilməli, kompensasiya təklif olunmalı və zəmanət verilməlidir ki, bundan sonra Rusiya ərazisində yaşayan etnik azərbaycanlılar - istər Rusiya vətəndaşı olsun, istər  Azərbaycan, istərsə də ikili vətəndaşlığa malik şəxslər - yalnız milli mənsubiyyətlərinə görə təqib olunmayacaqlar, cinayətkar dəstələrin hədəfinə çevrilməyəcəklər.
Burada "cinayətkar dəstələr" deyərkən biz birbaşa Rusiya hüquq-mühafizə orqanlarını nəzərdə tuturuq. Çünki həmin terror aktlarını həyata keçirənlər də məhz onların əməkdaşlarıdır.
Bu baxımdan Zaxarovanın dedikləri Rusiyanın klassik siyasətinin təzahürüdür. Heç bir halda bu, Azərbaycana olan sevginin, dostluğun göstəricisi kimi qəbul olunmamalıdır. Rusiya tarixən bu yolu seçib: keçmişdə də müxtəlif ölkələri təzyiqlərlə, təhdidlərlə öz istəklərinə boyun əyməyə məcbur edib. Bu alınmadıqda isə məsələni belə "yumşaq açıqlamalarla" ört-basdır etməyə çalışıb.
İndi Rusiya anlayıb ki, Azərbaycan o ölkələrdən deyil. Heç bir təzyiqə və təhdidə boyun əyməyəcək. Dövlət öz haqlarını, eləcə də ayrı-ayrı azərbaycanlıların hüquqlarını müdafiə edəcək. Bu səbəbdən də indi Rusiya ritorikasını dəyişməyə, vəziyyəti yumşaltmağa çalışır.
Amma  düşünürəm ki, artıq hər şey tam çılpaqlığı ilə üzə çıxıb. Rusiyanın əsl mahiyyəti bu dəfə daha biabırçı şəkildə bütün dünyaya, xüsusilə də Azərbaycan ictimaiyyətinə məlum oldu. Hətta Rusiya ilə əlaqələrə önəm verən insanlar üçün də bu reallıq aydınlaşdı.
Ona görə də Rusiyanın bu biabırçılıqdan çıxmaq və məsələni yumşaltmaq üçün yalnız bir yolu var: üzr istəmək və təzminat vermək. Əks halda, təzyiq dili ilə və ya saxta diplomatik ritorika ilə bu problemin həlli artıq mümkün deyil".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
12
50
olaylar.az

10Sources