EN

Ticarət gərginliyi fonunda Aİ və Çin liderləri yenidən görüşəcək

BAKI, TurkicWorld

Çin və Aİ liderləri yeni sammitə hazırlaşır.

TurkicWorld xəbər verir ki, Avropa İttifaqı və Çin bu ayın sonunda keçiriləcək yüksək səviyyəli sammitə hazırlıq çərçivəsində Brüsseldə 13-cü Strateji Dialoq görüşünü keçiriblər.

Görüşə Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaja Kallas və Çin xarici işlər naziri Vanq Yi həmsədrlik ediblər.

Strateji dialoqda tərəflər sammitin gündəliyini, o cümlədən ticarət əlaqələrinin balanslaşdırılması, qlobal təhlükəsizlik məsələləri və insan haqları mövzularını müzakirə ediblər. Kaja Kallas Aİ-nin Çinlə əməkdaşlığa sadiqliyini ifadə edərək, xüsusən nadir torpaqların ixracına məhdudiyyətlər və Avropa şirkətlərinə risk yaradan iqtisadi təcrübələrə son qoyulmasının vacibliyini vurğulayıb.

Aİ nümayəndəsi, eyni zamanda, Çin şirkətlərinin Ukrayna müharibəsində Rusiyaya verdiyi dəstəyin Avropa üçün təhlükə təşkil etdiyini bildirərək, Pekini bu dəstəyi dərhal dayandırmağa çağırıb.

Tərəflər həmçinin Qəzzada mümkün qədər tez atəşkəsin əldə olunması, humanitar yardımın artırılması və İranın nüvə proqramı üzrə diplomatik prosesə qayıtmağın vacibliyi barədə ortaq mövqe nümayiş etdiriblər. Kallas Çində insan haqları vəziyyətini və status-kvonun güc yolu ilə dəyişdirilməsinə qarşı Aİ-nin mövqeyini də gündəmə gətirib.

Sammit Aİ-Çin münasibətlərinin 50 illiyinə təsadüf edir və Vaşinqton-Brüssel-Pekin üçbucağında artan iqtisadi və strateji təzyiqlərin fonunda keçiriləcək.

Qeyd edək ki, Aİ ilə Çin arasında sonuncu yüksək səviyyəli sammit 7 dekabr 2023-cü ildə baş tutub. Bu ay Çin ərazisində keçirilməsi planlaşdırılan növbəti sammitin dəqiq tarixi hələ açıqlanmayıb.

Chosen
24
8
turkic.world

10Sources