EN

Almaniyada yoxsulluq artır

Ajans.az lenta ru-ya istinadən bildirir ki,  Almaniyada qida yardımı təşkilatı Tafel Deutschland artan yardım tələbinə cavab verə bilmədiklərini bildirərək ölkədə yüksələn yoxsulluğa diqqət çəkib. Təşkilatın rəhbəri Andreas Steppuhn cümə axşamı günü verdiyi açıqlamada deyib: “Rəqəmlər və tələbdən görürük ki, Almaniyada yoxsulluqdan əziyyət çəkənlərin sayı getdikcə artır.” Steppuhn, Hannoverdə keçirilən Milli Tafel Görüşü çərçivəsində etdiyi açıqlamada, bağış yolu ilə toplanan və normalda tullantıya gedəcək qidaların təqdim olunduğu bu xidmətin Almaniyadakı yoxsulluğun bir növ “sismoqrafı” olduğunu bildirib. Tafel Deutschland təşkilatının rəhbəri inflyasiya və Ukraynaya qarşı aparılan hərbi əməliyyatların təsiri ilə yardım alanların sayının son beş ildə 50% artdığını qeyd edib. Eyni dövrdə onlara gələn qida bağışlarının isə ya eyni qaldığını, ya da azaldığını vurğulayıb. Steppuhn vəziyyətin yaxın gələcəkdə yaxşılaşacağına dair heç bir əlamətin olmadığını da əlavə edib. Steppuhn yoxsulluğun səbəblərinin siyasi yollarla həll edilməsinin vacibliyini vurğulayaraq deyib: “Tafel olaraq yoxsulluğu yüngülləşdirə bilərik, amma yoxsulluqla mübarizə dövlətin və siyasətin vəzifəsidir.” O, hələ də bir çox insanın Almaniyadakı yoxsulluğun miqyasından xəbərsiz olduğunu, yoxsulluğun səbəbləri ilə siyasi mübarizə aparmaq üçün isə daha az utanca və daha çox görünürlüğə ehtiyac olduğunu bildirib. Tafel Deutschland rəhbəri federal hökuməti “sosial dönüş nöqtəsi” çağırışı edib və infrastruktura və müdafiəyə milyardlarla avro sərmayə qoyulmasının sosial siyasətdən vaz keçmək anlamına gəlməməsi lazım olduğunu vurğulayıb.Almaniyada ümumilikdə 974 Tafel filialı istehsalçılardan və marketlərdən qalan qidaları toplayaraq yoxsullara pulsuz və ya çox aşağı qiymətə paylayır. Hər il təxminən 265 min ton qidanın belə şəkildə israfdan qurtarıldığı bildirilib.

Təşkilatın məlumatına görə, Almaniyada təxminən 1,5 milyon insan müntəzəm olaraq qida yardımlarından yararlanır. Bu insanların 48%-i vətəndaşlıq müavinəti (Bürgergeld) alanlar, təxminən üçdə biri uşaqlar və gənclər, 18%-i təqaüdçülər, və yenə 18%-i qaçqınlardır.

Chosen
15
47
Ajans.az

10Sources