EN

ADAU-da konsert proqramı keçirilib - FOTOLAR

Dədə Ələsgər Ocağı İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 2025-ci il üzrə orta qrant müsabiqəsinin qalibi olaraq “Ustad Ələsgərin Göyçə harayı – Vətənə sarı” adlı layihənin icrasına başlanıb.

"Unikal"
xəbər verir ki, layihənin əsas məqsədi Azərbaycan xalq ədəbiyyatının zirvələrindən biri olan ustad aşıq Ələsgər irsini və Qərbi Azərbaycandan qovulmuş soydaşlarımızın vətənə qayıdış ideyasını bir araya gətirərək sazla-sözlə xalqımızın milli ruhunu gücləndirmək, eləcə də Qərbi azərbaycanlılar arasında bu müqəddəs ideyanın təbliğinə töhfə verməkdir.

Layihə çərçivəsində ilk tədbir Gəncədə, Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilib. Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Universitetdə yerləşən büstü qarşısına tər gül dəstələri düzüb, əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Soydaşlarımızın Qərbi Azərbaycandan deportasiyası ilə bağlı hazırlanmış videoçarxın nümayişindən sonra çıxışlara start verilib.

Dədə Ələsgər Ocağı İctimai Birliyinin İdarə heyətinin sədri Xətai Ələsgərli çıxış edərək bildirib ki, tarixi Azərbaycan torpaqlarından - indiki Ermənistan ərazisindən zorla çıxarılmış soydaşlarımız bu gün də doğma yurdlarına qayıtmaq ümidi ilə yaşayırlar. Azərbaycan dövləti və Qərbi Azərbaycan İcması bu istiqamətdə həm beynəlxalq hüquq müstəvisində, həm də ictimai səviyyədə məqsədyönlü və sistemli fəaliyyət göstərməkdədir. Layihə də bu geniş və vacib prosesə mədəni və mənəvi dəstək verməyi hədəfləyir. Xətai Ələsgərli çıxışının sonunda layihənin həyata keçirilməsinə göstərilən maliyyə dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə və tədbirin təşkilinə görə Azərbaycan Dövlət Aqrar Universitetinə təşəkkürlərini bildirib.

Daha sonra ADAU-nun rektoru Zəfər Qurbanov çıxış edərək bildirib ki, Qərbi azərbaycanlılar tarix boyu qanunsuz deportasiyalara məruz qalıb, onların hüquqları bərpa olunmalı və soydaşlarımız öz doğma torpaqlarına qayıtmalıdır. Rektor qeyd edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağ həsrətinə son qoyulduğu kimi, Qərbi azərbaycanlıların da sülh yolu ilə və təhlükəsiz şəkildə yurdlarına qayıdışına yaxın gələcəkdə nail olacağına böyük inam var.

Tədbirdə YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, professor Ziyad Abbasov, Dədə Ələsgər Ocağı İctimai Birliyinin idarə heyətinin üzvü Taleh Əliyev, şair Ramiz Qusarçaylı da çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.

Bildirilib ki, layihə çərçivəsində Qərbi azərbaycanlıların sıx məskunlaşdığı dörd bölgədə və Bakı şəhərində aşıqlardan ibarət konsert proqramları təşkil olunacaq. Sazla doğulub, sazla böyüyən bu insanların yaddaşında aşıq sənəti təkcə bir incəsənət forması deyil, həm də kimlik, tarix və vətən duyğusudur. Konsertlər vasitəsilə onların vətənə bağlılıq hissləri bir daha canlandırılacaq və qaydış əhval-ruhiyyəsi gücləndiriləcək.

Daha sonra bədii hissədə aşıqların ifaları dinlənilib.

 

Chosen
23
50
unikal.az

10Sources