EN

Artıq Bakıdakı “lyuk”lar adamı daha çox qorxudur... - VİDEO

Bakının müxtəlif ərazilərində kanalizasiya "lyuk"larına aid problemlər son günlərdə gündəmə gəlməyə başlayıb. 

Bu dəfə "Qafqazinfo"ya Səbail və Binəqədi rayonlarından şikayət daxil olub. 

Vətəndaşların göndərdiyi fotolarda kanalizasiya quyularının baxımsız vəziyyətdə olduğunu görmək mümkündür. Bu isə həm vətəndaşların təhlükəsizliyinə ciddi təhdid yaradır, həm də ətraf-mühitin çirklənməsinə gətirib çıxarır.

Səbail rayon sakini bildirib ki, Badamdar qəsəbəsinin 20-ci sahə yolu boyunca yerləşən kanalizasiya quyuları baxımsız vəziyyətdədir: "Lyuk"lar yerindən tərpənib, bəziləri isə tamamilə çöküb. İstəmirik ki, hər hansı bədbəxt hadisə ilə üzləşək".

Foto: Səbail rayonu, Badamdar qəsəbəsi

Bənzər problem Binəqədi rayonu, Cəfər Xəndan 50 küçəsində də yaşanır. Bu barədə fotolar sosial şəbəkələrdə də müzakirələrə səbəb olub. 

Görüntülər onu göstərir ki, adıçəkilən ərazidə yaranmış çökəklik xəbərdarlıq nişanının yerləşdirilməsinə baxmayaraq, maşınların hərəkətinə təhlükə yaradır.

Foto: Binəqədi rayonu, Cəfər Xəndan 50 küç.

Problemlə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan cavab olaraq bildirildi ki, Səbail rayonundakı görüntülər rabitə quyularına aiddir: "Bu, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə aid deyil. Cəfər Xəndan 50 küçəsində isə asfalt örtüyünün çökmüş hissəsi doldurulub, ərazidə asfalt qatının tam bərpası üçün aidiyyəti üzrə sifariş verilib". 

Xatırladaq ki, bir həftə öncə 27 yaşlı Cümşüd Cümşüdlü Nərimanov rayonu, Baksol yolu adlanan ərazidən keçərkən yolda çökmə baş verib və o, kanalizasiya xəttinə düşüb, bir neçə gün sonra meyiti tapılıb. Bu hadisə sosial şəbəkələrdə və mediada geniş rezonansa səbəb olub.

Milli.Az

Chosen
6
31
milli.az

10Sources