EN

Azərbaycan və Özbəkistan: Qədim dostluqdan strateji müttəfiqliyə gedən mənəvi qardaşlıq yolu




2025-ci il iyulun 2-də Prezident İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında keçirilən görüş, iki ölkə arasında münasibətlərin nə qədər dərin və əhatəli olduğunu bir daha göstərdi. Son illərdə Azərbaycanla Özbəkistan arasındakı əlaqələr sadəcə dostluq çərçivəsindən çıxaraq strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Mənim fikrimcə, bu münasibətlərin əsasında təkcə ortaq maraqlar yox, həm də ortaq dəyərlər, qarşılıqlı etimad və səmimiyyət dayanır.

Prezident İlham Əliyevin çıxışında da vurğulandığı kimi, keçən il Daşkənddə imzalanan müttəfiqlik münasibətləri haqqında müqavilə bizim əlaqələrimizin hüquqi əsasını təşkil edir. Bu sənəd sıradan bir razılaşma deyil – bu, iki ölkənin gələcəyini ortaq qurmaq əzminin göstəricisidir. Artıq Azərbaycan və Özbəkistan rəsmi müttəfiqdir və bunu hər iki ölkənin beynəlxalq arenadakı qarşılıqlı dəstəyi, birgə layihələri və koordinasiyalı addımları sübut edir.

Məni xüsusilə sevindirən məqamlardan biri idman sahəsində əldə olunan uğurların yüksək qiymətləndirilməsi oldu. Prezident İlham Əliyevin Özbəkistanın futbol üzrə dünya çempionatının final mərhələsinə çıxmasını vurğulaması və bu nailiyyəti təkcə idman qələbəsi kimi deyil, ölkədə aparılan düşünülmüş siyasətin nəticəsi kimi dəyərləndirməsi məncə, təqdirəlayiq yanaşmadır.
Eyni zamanda iqtisadi sahədə genişmiqyaslı əməkdaşlıq perspektivləri açılmış və 500 milyon dollar nizamnamə kapitalı olan birgə İnvestisiya Fondu artıq real layihələrlə təmin olunub. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu yalnız başlanğıcdır. Bu cür təşəbbüslər göstərir ki, hər iki ölkə sadəcə ticarət tərəfdaşı deyil, bir-birinin iqtisadiyyatına etibar edən və inkişafda birgə maraqlı olan müttəfiqlərdir. Şəxsən mən inanıram ki, kənd təsərrüfatı, energetika, tikinti, turizm kimi sahələrdə əməkdaşlıq yalnız iqtisadi deyil, həm də sosial baxımdan böyük əhəmiyyət daşıyacaq.
Nəqliyyat-logistika sahəsində Orta Dəhliz layihəsi ətrafında aparılan danışıqlar isə Azərbaycan və Özbəkistanın regionun tranzit və kommunikasiya xəritəsində aparıcı oyunçulara çevrilməsinə imkan yaradır. Bu əməkdaşlıq, həm siyasi, iqtisadi, həm də mədəni körpülərin qurulması deməkdir.

Əlbəttə, bu münasibətlərdə Qarabağın bərpasına göstərilən dəstək xüsusi yer tutur. Füzulidə tikilən məktəb və Xankəndidə yaradılan tikiş fabriki təkcə maddi yardım deyil – bunlar ikili dostluğun təntənəsidir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü ilə həyata keçirilən bu layihələr, Özbəkistanın Azərbaycanın dayanıqlı inkişafına verdiyi dəyərin bariz sübutudur.

Diplomatik münasibətlərin inkişafı da konkret addımlarla müşayiət olunur. Səfirlik binasının açılışı və “Ağ şəhər” layihəsində “Özbəkistan” parkının yaradılması, bu münasibətlərin rəmzi təcəssümüdür. Məncə, bu park təkcə bir yaşıllıq sahəsi olmayacaq – bu, bizim xalqlarımızın dostluğunun canlı simvoluna çevriləcək.

Nəticə etibarı ilə, Prezident İlham Əliyev və Prezident Şavkat Mirziyoyevin rəhbərliyi ilə Azərbaycan–Özbəkistan münasibətləri nümunəvi bir inkişaf trayektoriyası üzrə irəliləyir. Bu münasibətlərin təməlində ortaq tarix, mədəniyyət və strateji baxış dayanır. Gələcəyə baxdıqda tam əminliklə deyə bilərik: Azərbaycan və Özbəkistanın birgə yolu parlaqdır – çünki bu yol səmimiyyət, qarşılıqlı fayda və əsl qardaşlıq üzərində qurulub.

Sənan Hüseynov – Nəsimi RİH yanında İctimai Şuranın sədr müavini, ADNSU IV kurs tələbəsi
Chosen
10
50
newscenter.az

10Sources