EN

Azərbaycanlılar kütləvi şəkildə deportasiya ediləcək?

“Azərbaycanlı miqrantların deportasiyası məsələsi son günlər yerli media subyektlərində kifayət qədər geniş şəkildə tirajlanır. Dünən iki ailə deportasiya olunub. İndi isə bəzi media orqanları bu məsələni kütləvi bir hal kimi dəyərləndirir. Amma reallıq belə deyil”. Bunu “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri, millət vəkili Azər Allahverənov Metbuat.az-a açıqlamasında bildirib. O deyib ki, əvvəllər də bu cür reydlər, miqrantların deportasiyası və digər oxşar hallar mövcud idi. Sadəcə indi bu, müəyyən mənada daha intensiv xarakter kimi dəyərləndirilir: “Amma real olaraq son iki-üç ilin statistikasına nəzər salsaq, görərik ki, Rusiyadan miqrantlar zaman-zaman deportasiya olunur və bu siyahıda azərbaycanlılar da var. Bu da adi hal kimi qəbul olunurdu. Bu gün isə vəziyyət daha həssas dönəmə təsadüf etdiyi üçün baş verənlər Rusiyanın miqrasiya sahəsində həyata keçirdiyi sərt siyasətə bağlanır. Amma reallıq budur ki, Rusiya ərazisində kifayət qədər çox sayda qanunsuz miqrantın yaşadığı bildirilir. Məsələn, 2024-cü ilin noyabr ayında 1 milyon 100 mindən çox qanunsuz miqrantın olduğu qeyd olunub ki, onların da təxminən 7-8 faizini azərbaycanlı miqrantlar təşkil edir. Rusiyanın keçirdiyi reydlər zamanı məhz həmin qanunsuz miqrantlar aşkarlanır və ölkə ərazisindən çıxarılırlar”. A.Allahverənovun sözlərinə görə, əgər qanunvericilik həmin şəxslərin statusunun leqallaşdırılmasına imkan verirsə ki, bu proses həyata keçirilir: “Amma əgər leqallaşdırma mümkün deyilsə və heç bir əsas yoxdursa, həmin şəxslər ölkədən çıxarılır. Bu səbəbdən də, Yekaterinburqda baş vermiş son hadisəyə geniş miqyaslı prosesin davamı kimi yanaşmaq doğru deyil. Elə dövrlər olub ki, Rusiyadan qrup şəklində kifayət qədər çox sayda azərbaycanlı miqrant deportasiya olunub və bu da mətbuatda işıqlandırılıb. O dövrlə müqayisədə bu gün baş verən hadisələr statistik göstəricilər baxımından o qədər də yüksək deyil”. Millət vəkili bu cür deportasiyaların kütləvi hal almayacağı fikrindədir: “Çünki bəllidir ki, əsasən qanunsuz əsaslarla ölkədə yaşayan şəxslər deportasiyaya məruz qalırlar. Qanuni əsaslarla yaşayan şəxslərin isə bu məsələdən ciddi narahatlıq keçirməsinə ehtiyac yoxdur. Amma istənilən halda bütün məsələlər hüquqi müstəvidə həll olunmalıdır. Əgər qeydiyyatla bağlı hər hansı bir problem yoxdursa, məsələn, şəxs qeydiyyata alınıb, amma araşdırmalar zamanı məlum olur ki, bu, saxta sənədlərlə baş verib, bu halda təbii ki, həmin şəxs sərt qərarla üzləşə bilər. Əgər hər şey qanunidirsə və şəxs qanuni əsaslarla ölkədə yaşayırsa, bu halda narahatlıq üçün ciddi səbəb yoxdur. Hazırda Rusiyanın müxtəlif şəhərlərindən aldığımız məlumatlara əsasən, orada kifayət qədər çox sayda azərbaycanlı miqrant yaşasa da, ciddi narahatlıq doğuran hallar müşahidə olunmur”.

Sevinc İbrahimzadə / Metbuat.az

Chosen
38
25
metbuat.az

10Sources