EN

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü - YENİLƏNİB + FOTO

Xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndi şəhərində keçirilən 17-ci zirvə toplantısı çərçivəsində Pakistan Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Görüşdə Azərbaycan-Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyəti, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.
 
Son dövrlərdə ali və yüksək səviyyəli qarşılıqlı səfərlərin dinamikasının və siyasi dialoqumuzun intensivliyinin ikitərəfli münasibətlərimizin mahiyyətcə yeni mərhələyə keçməsində və daha da zənginləşdirilməsində əhəmiyyətli rol oynadığı vurğulanıb.
 
Görüş zamanı iqtisadi əlaqələr, ticarət, investisiya, enerji təhlükəsizliyi, nəqliyyat və digər perspektivli sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Regional inkişaflar, çağırışlar və fürsətlər barədə fikir mübadiləsi aparılıb, ikitərəfli formatda olduğu kimi, regional məsələlərlə bağlı Azərbaycan və Pakistanın hər zaman bir-birinin legitim maraqlarını dəstəklədiyi, dövlətlərimizin və xalqlarımızın mənafeyi naminə qarşılıqlı faydalı əməkdaşlığı davam etdiricəyinə dair həmfikirlik ifadə olunub.
 
Nazirlər arasında daha sonra Pakistanın Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında (BMT TŞ) iyul ayı üzrə sədrliyi çərçivəsində təşəbbüslər barədə geniş fikir mübadiləsi aparılıb.
 
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və beynəlxalq məsələlərə diqqət yetirilib.
 
09:30
 
Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.
 
Moderator.az xəbər verir ki, o, bu barədə "X" hesabında paylaşım edib.
 
“Azərbaycan rəhbərliyini Zirvə toplantısının uğurla təşkil olunması münasibətilə təbrik etdim və ölkənin ECO-dakı fəal rolunu yüksək qiymətləndirdim. Son dövrlərdə həyata keçirilmiş yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrimizi daha da gücləndirdiyini vurğuladıq və müxtəlif sahələr üzrə əməkdaşlığımızın dərinləşdirilməsinə sadiqliyimizi ifadə etdik”, - o qeyd edib.
Chosen
9
23
moderator.az

10Sources