Stokholm, 4 iyul, Nərgiz Cəfərli, AZƏRTAC
Kanadanın Ontario əyalətinin Vava qəsəbəsi yaxınlığında üzərində Run əlifbası ilə yazılmış dua olan daş lövhə tapılıb. Bu kəşf yerli hakimiyyət orqanları və alimlərin marağına səbəb olub.
AZƏRTAC xəbər verir ki, Uppsala Universitetinin runologiya üzrə professoru, dünyada bu sahədə yeganə mütəxəssis olan Henrik Vilyams tapılan mətni deşifrə edə bilib.
Lövhənin üzərində 255 Run işarəsi var və aydın olub ki, onlar 1611-ci ildə isveçli ilk runoloq Yohannes Bereus tərəfindən Run dilinə tərcümə edilmiş “Rəbbimiz” duasını əks etdirir. Daşüstü yazı onun kitabından götürülüb və yüksək dəqiqliklə daşın üzərinə işlənilib. Vilyamsın sözlərinə görə, bu proses bir neçə həftə davam edə bilərdi.
Yazı hələ 2018-ci ildə, köhnə ağacın yıxılaraq daş plitənin üstünə düşdüyü zaman tapılıb, lakin tapıntı şəxsi mülkiyyətdə yerləşdiyindən və araşdırma ciddi şəkildə elmi standartlara uyğun aparıldığı üçün səlahiyyətlilər məlumatı uzun müddət gizli saxlayıblar.
Ehtimal olunur ki, yazı XIX əsrdə işlənilib, amma onun daha dəqiq tarixini müəyyən etmək çətindir. Müəllif, ehtimal ki, runlar haqqında bir az məlumatı olan bir isveçli olub, çünki daşdakı mətndə hətta kiçik bir düzəliş də var.
Yazının yaradıcısının kimliyi naməlum olaraq qalır. Daşda mümkün bir ipucu da tapılıb, lakin tədqiqat qrupu əlavə araşdırmaya mane olmamaq üçün hələ ki, onu açıqlamır.
Vilyamsın fikrincə, sirri saxlamaq daha yaxşıdır, çünki tapmacalar insanlara qəti cavablardan daha çox maraqlı gəlir.
Tapıntının dəqiq koordinatlarının payızda dərc ediləcəyi gözlənilir.