EN

Xankəndi dünyanın sülh tribunası kimi - Söz indi Qarabağındır

Uzun illər bu torpaq həsrət və sükut içindəydi. Bizim üçün Xankəndi xəritədə olsa da, həyatımızda yox idi. Yaddaşımızda qaranlıq bir boşluq kimi qalırdı bu şəhər. Nə dövlət bayrağımız dalğalanırdı orada, nə də xalqımızın səsi eşidilirdi. Nə bir bayram, nə bir tədbir, nə də bir rəsmi səfər... Susurdu Xankəndi, çünki orada Azərbaycan yox idi.

Bu gün isə... Bəli, bu gün o şəhər təkcə türk-müsəlman coğrafiyasının deyil, dünyanın diqqət mərkəzindədir. Qarabağın ad-sanı sayılan Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü işə başlayır. Bu, sadəcə bir beynəlxalq tədbir deyil, mənəvi və siyasi intibahın təntənəsinin səsidir. Bu gün Xankəndi Azərbaycan dövlətinin təkcə hərbi yox, diplomatik zəfərinin də rəmzinə çevrilib.

1964-cü ildə Türkiyə, Pakistan və İran tərəfindən “Regional İnkişaf üçün Əməkdaşlıq” adı ilə yaradılan təşkilat 1985-ci ildən etibarən İqtisadi Əməkdaşlıq Təşkilatı adını alaraq, fəaliyyətini daha da genişləndirdi. ECO-ya üzv olduqdan sonrakı illər ərzində Azərbaycan təşkilatın fəal iştirakçılarından birinə çevrildi, üzv dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmağa müvəffəq oldu.

İndi isə Azərbaycanın qüruru sayılan Qarabağın bağırında ölkələri bir araya gətirən Zirvə görüşü Prezident İlham Əliyevin rəhbərliyi ilə qurulan yeni regional reallığın beynəlxalq səviyyədə qəbuludur. 2020-ci ildə 44 günlük Vətən müharibəsi ilə geri qaytardığımız Qarabağın azadlığına bu gün beynəlxalq diplomatiyanın möhürü vurulur.

Zirvə görüşünə Türkiyə, Özbəkistan, Qırğız Respublikası, İran, Tacikistan və Şimali Kipr Cümhuriyyətinin prezidentləri, Pakistan və Qazaxıstanın baş nazirləri, Türkmənistanın Nazirlər Kabineti sədrinin müavini, xarici işlər naziri, Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri, COP28 Prezidenti, Nigeriyanın büdcə və iqtisadi planlama naziri və digər rəsmi şəxslər iştirak edəcəklər. Onlar artıq Azərbaycandadırlar.

Bu mənzərə dövlətimizin diplomatik xəritədə tutduğu yerin və artmaqda olan nüfuzunun real göstəricisidir. Təkcə regionun yox, İslam dünyasının və türkdilli ölkələrin siyasi xəritəsində də Azərbaycan artıq qlobal mərkəzlərdən biri kimi qəbul olunur. Həmçinin bu zirvə ölkəmizin yalnız siyasi nüfuzunu deyil, beynəlxalq institutlar çərçivəsində kollektiv qərarvermə prosesində aparıcı mövqeyini də təsdiqləyir.

İllərlə Ermənistan tərəfindən mənimsənilən və etnik təmizləməyə məruz qalmış Xankəndidə bu səviyyəli tədbirin təşkili həm də haqq səsimizi boğmağa çalışan bəzi qlobal güclər üçün yeni geosiyasi mesajdır - “Bu torpaq artıq Azərbaycandadır və Azərbaycan burada yeni sabitlik, yeni əməkdaşlıq düzəni qurur".

Zirvə görüşü yalnız səmimi çıxışlar və birgə şəkillərlə yadda qalmayacaq. Burada enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, yaşıl enerji, iqlim dəyişikliyi, iqtisadi inteqrasiya və regional əməkdaşlıq kimi dünyanın aktual gündəminə uyğun mövzular müzakirə olunacaq.

Azərbaycan isə bu müzakirələrdə sadəcə iştirakçı yox, təşəbbüskar, koordinasiyaedici və strateji yol xəritəsi təklif edən ölkə kimi çıxış edir. Bu da təsadüfi deyil. Çünki son illər ərzində dövlətimiz həm enerji diplomatiyası, həm nəqliyyat infrastrukturu, həm də yaşıl keçid sahəsində irimiqyaslı layihələrlə ECO-nun və bütövlükdə Avrasiya məkanının lokomotivinə çevrilib.

ECO-ya üzv ölkələrin Avropa və Çin arasındakı coğrafiyada yerləşməsi geosiyasi və geoiqtisadi baxımdan olduqca əhəmiyyətlidir. Bu, təşkilatın strateji mövqeyini gücləndirir və üzv dövlətlərin birgə fəaliyyətlərini daha da səmərəli edir.

Azərbaycanın 1992-ci ildən tamhüquqlu üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına hazırda 10 ölkə daxildir - Azərbaycan, Türkiyə, İran, Pakistan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan. Bu ölkələrdə ümumilikdə 550 milyondan çox əhali yaşayır və bu, təşkilatın demoqrafik və iqtisadi çəkisini aydın şəkildə göstərir. Bu platformada Azərbaycanın liderliyi yalnız coğrafi deyil, intellektual və strateji təşəbbüskarlığı ilə də fərqlənir.

Chosen
3
10
publika.az

10Sources