EN

18 illik həsrətə son

18 ildir uşaq sahibi olmağa çalışan, lakin uğur qazana bilməyən cütlük, süni intellektin dəstəklədiyi “STAR” üsulu sayəsində ilk körpələrini dekabr ayında dünyaya gətirəcək.

“CNN İnternational” xəbər verir ki, cütlük dəfələrlə in vitro mayalanma müalicəsindən keçsələr də, kişilərdə görülən “azospermiya” adlı bir xəstəlik səbəbiylə qadının hamilə qalması mümkün olmayıb. Bu nadir vəziyyətdə hamiləlik mümkün deyil, çünki kişinin spermasında ölçülə biləni yoxdur. Normal nümunədə yüz milyonlarla sperma olduğu halda, bu vəziyyətdə olan insanlarda mikroskop altında saatlarla araşdırıldıqdan sonra belə sperma tapıla bilməz.

Şəxsi həyatlarının gizli qalmasını istəyən cütlük, bu vəziyyətdən əziyyət çəkdiklərinə görə yeni üsul sınaqdan keçirilməsi üçün Kolumbiya Universitetinin Doğuş Mərkəzinə müraciət edib. “STAR” adlanan bu üsula süni intellekt kömək edib.

Cütlüyün müalicə üçün getdiyi mərkəzdə tətbiq olunmağa başlanan bu üsul, süni intellektin köməyi ilə sperması olmadığı düşünülən kişilərdə gizli sperma aşkar etmək üçün istifadə edilir.

18 ildir uşaq sahibi olmaq istəyən cütlük mərkəzdəki sağlamlıq qrupuna sperma nümunəsi verib. Ana olmaq istəyən qadın e-poçt vasitəsilə etdiyi şərhdə, “Bu qədər xəyal qırıqlığından sonra ümidlərimiz minimum idi”, – deyib.

Mərkəzdəki mütəxəssislər süni intellektlə dəstəklənən sistemlə nümunəni təhlil edərkən üç gizli sperma hüceyrəsi tapıblar. Bu sperma hüceyrələri alınmış və “in vitro” mayalanmada istifadə edilib. Qadın daha sonra STAR üsulu ilə hamilə qalan ilk qadın olub. Körpənin dekabrda dünyaya gəlməsi gözlənilir.

Mövzu ilə bağlı açıqlama verən qadın, “Həqiqətən hamilə olduğuma inanmağım iki gün çəkdi... Səhər oyandığımda bunun gerçək olduğuna, test nəticələrini görənə qədər hamilə olduğuma hələ də inanmırdım”, – deyib.

CNN-in qiymətləndirməsinə görə, bu sahədə hələ də daha çox araşdırma və testlərə ehtiyac olsa da, süni intellekt xüsusilə kişi sonsuzluğunda əhəmiyyətli irəliləyişlər əldə edə bilər.

Chosen
4
50
vaxt.az

10Sources