EN

“Kabar” agentliyi: ECO-nun Xankəndində keçiriləcək Zirvə görüşündə iqlimlə bağlı konkret təkliflər müzakirə ediləcək  

ECO-nun Xankəndində keçiriləcək 17-ci Zirvə görüşündə bir sıra mühüm məsələlərlə yanaşı, həmçinin iqlimlə bağlı konkret təkliflər müzakirə ediləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın rəsmi “Kabar” agentliyində dərc olunmuş məqalədə qeyd olunur.

Materialda diqqətə çatdırılır: “Azərbaycanın Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşü keçirilir. Tədbirdə təşkilata üzv olan Əfqanıstan, Azərbaycan, İran, Pakistan, Qırğızıstan, Qazaxıstan, Tacikistan, Özbəkistan, Türkiyə və Türkmənistanın dövlət və hökumət başçıları iştirak edirlər. İştirakçılar təşkilatın gündəliyində duran cari məsələləri, o cümlədən iqlim dəyişikliyinin qarşısının alınması üçün üzv dövlətlərin həyata keçirdiyi tədbirləri müzakirə edirlər”.

Qırğız ekspert, iqtisad elmləri doktoru Gülnaz Supayeva “Kabar” agentliyinə bildirib ki, birgə layihələrin həyata keçirilməsi iqlim məqsədlərinə nail olmaq üçün ilkin şərtdir. Onun sözlərinə görə, Zirvə görüşünün gündəliyinə iqlim dəyişikliyi mövzusunun daxil edilməsi və üzv ölkələrin təkliflərinin müzakirəsi də böyük əhəmiyyətə malikdir.

Qırğız ekspert əlavə edib: “Son illərdə təşkilata üzv ölkələr birgə əməkdaşlıq vasitəsilə regional inkişafa xüsusi diqqət yetiriblər. Onlar təkcə iqtisadi əlaqələr üzrə deyil, həm də enerji, nəqliyyat, kənd təsərrüfatı sahələrində bir sıra layihələrin həyata keçirilməsi istiqamətində mühüm addımlar atırlar. Hazırkı Zirvə görüşündə də enerji əməkdaşlığına diqqət yetirilir. Xüsusilə, ekoloji dayanıqlılıqla bərpaolunan enerjinin inkişafına, ekoloji davamlılıq və regionun davamlı enerji təhlükəsizliyinin təmin edilməsinə xüsusi diqqət yetirilir. Bütün bunların fonunda iqlim sabitliyi də artır”.

Gülnaz Supaeva əlavə edib ki, Qırğızıstan iqlim dəyişikliyi ilə bağlı beynəlxalq aləmdə öz təşəbbüslərini fəal şəkildə təklif edir və onların həyata keçirilməsinə üstünlük verir. “Xüsusən də Qırğızıstanın dağ ekosistemlərinin mühafizəsi üzrə təşəbbüsləri beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənib. Ölkəmiz iqlim dəyişikliyinin ciddi nəticələrindən biri kimi buzlaqların əriməsinə diqqət yetirilməsinin vacibliyini vurğulayır və dağ dövlətlərinin dəstəklənməsi məsələsini gündəmə gətirir. Həmçinin yaşıl iqtisadiyyatın inkişafı təcrübəsinin tətbiqinə və bərpaolunan enerji mənbələrindən istifadəyə xüsusi diqqət yetirilir”.

Chosen
3
32
azerbaijan-news.az

10Sources