
İyulun 4-də Xankəndidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə görüşüb.
Yeniavaz.com xəbər verir ki, Pakistanın Baş naziri İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşünün yüksək səviyyədə təşkil edildiyini deyərək, Təşkilatın daha da güclənməsi istiqamətində Azərbaycanın səylərini yüksək qiymətləndirib.
Məhəmməd Şahbaz Şərif ölkələrimiz arasında qardaşlıq əlaqələrinin daha da inkişaf etdiyini vurğuladı və bu ilin mayında Laçın şəhərinə səfərini, Azərbaycan-Türkiyə-Pakistan formatında keçirilmiş üçtərəfli görüşü məmnunluqla xatırlayıb. Baş nazir Qarabağda, o cümlədən Xankəndi şəhərində aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini qeyd edib. Azərbaycanla Pakistan arasında ikitərəfli əlaqələrin bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, ticarət, sərmayələr, enerji və digər istiqamətlərdə uğurla inkişaf etdiyini vurğulanıb.
Dövlət başçısı dəvəti qəbul edib bu Zirvə görüşündə iştirakına görə Pakistanın Baş nazirinə təşəkkürünü bildirib.
Prezident İlham Əliyev də öz növbəsində Pakistanın Baş nazirinin Laçına səfərini, üçtərəfli formatda aparılmış müzakirələri məmnunluqla xatırlayıb.
Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məmnunluqla qeyd olunub, regional məsələlərə dair fikir mübadiləsi aparılıb.

