Ombudsman Aparatının Mətbuat mərkəzindən Azia.az-a verilən məlumayta görə, Azərbaycan Respublikası Milli Məclisi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, "Regional İnkişaf" İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası təşkilatçılığı, “Nar” şirkətinin maliyyə dəstəyi ilə “Hüquqlarınla parla!” layihəsi çərçivəsində məktəblilərin iştirakı ilə Quba rayonunda maarifləndirmə tədbiri keçirilib.
Layihə şagirdlərin uşaq hüquqları və vətəndaş məsuliyyəti haqqında məlumat əldə etməsi, onların hüquqi maariflənmə səviyyəsinin artırılmasına töhfə vermək məqsədilə həyata keçirilir.
Layihə çərçivəsində keçirilən tədbirdə təlimçi qismində iştirak edən Ombudsman Aparatının Uşaq hüquqlarının müdafiəsi sektorunun böyük məsləhətçisi Azər İsalı təqdimatla çıxış edərək, Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi fəaliyyəti, uşaqların hüquq və vəzifələri, onların zorakılıqdan müdafiəsi, rəqəmsal mühitdə qarşılaşa biləcəkləri təhlükələr, belə hallarla mübarizədə mövcud müdafiə mexanizmləri, uşaqlar tərəfindən yol verilən hüquq pozuntuları və onların nəticələri, eləcə də bu sahəni tənzimləyən mövcud qanunvericilik aktları barədə iştirakçılara məlumat verib, onların suallarını cavablandırıb.
Eyni zamanda, tədbirdə bir sıra dövlət qurumlarının və vətəndaş cəmiyyəti institutlarının nümayəndələri uşaq hüquqları sahəsində aktual mövzular üzrə çıxışlar ediblər.
Tədbirin yekununda “Kahoot” platforması vasitəsilə şagirdlər arasında intellektual yarış təşkil olunub. Yarışda qalib gələn komanda mükafatla təltif edilib,bütün iştirakçılara sertifikatlar təqdim olunub.