İyulun 4-də Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri ölkəmizdə səfərdə olan Mərakeş Krallığı Parlamentinin Nümayəndələr Palatasının savadsızlığın aradan qaldırılması proqramlarının qiymətləndirilməsi üzrə tematik parlament qrupunun nümayəndə heyəti ilə görüşüblər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova ölkəmizdə qadınlara dövlət səviyyəsində göstərilən yüksək diqqət və qayğıdan bəhs edib. O, 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən qadınlara seçki hüququnun verilməsinin, eləcə də müsəlman Şərqində ilk qızlar məktəbinin məhz ölkəmizdə açılmasının bu sahədə atılmış mühüm tarixi addımlar olduğunu söyləyib. Komitə sədri vurğulayıb ki, bu gün də ölkəmizdə qadınların ictimai, siyasi və iqtisadi həyatda fəal iştirakı dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Mərakeş Krallığı Nümayəndələr Palatasının tematik qrup sədrinin müavini Həsən Umribt ölkəmizə səfərləri çərçivəsində parlamentdə və digər müvafiq qurumlarda keçirilən görüşlərin səmərəli və məhsuldar olduğunu bildirib. O, Azərbaycan və Mərakeş arasında əməkdaşlığın və təcrübə mübadiləsinin genişləndirilməsi üçün əlverişli imkanların mövcudluğunu vurğulayıb.
Mərakeş nümayəndə heyətinin üzvləri Turia Afifə və Xədduc Slassi qadınların cəmiyyətdə rolunun artırılmasının əhəmiyyətindən danışıblar. Onlar bu sahədə hər iki ölkədə həyata keçirilən layihə və təşəbbüslərin cəmiyyətin inkişafına verdiyi töhfəni qeyd ediblər.
Görüşdə Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva, üzvləri - Günay Ağamalı, Sevinc Hüseynova, Səbinə Xasayeva, Pərvin Kərimzadə, Müşfiq Məmmədli, İlham Məmmədov, Könül Nurullayeva, Mehriban Vəliyeva və Mərakeş parlamentariləri iştirak ediblər.