Beyin cərrahı Pərvin Mirzəliyev 32 saat fasiləsiz davam edən və tibbdə nadir sayılan “Gigant beyin arteriovenoz malformasiya” əməliyyatını uğurla tamamlayıb.
Xezerxeber.az xəbər verir ki, ağır və riskli cərrahi müdaxilədən sonra həkim yorğunluqdan yerə yıxılıb.
O, bu dramatik anı sosial şəbəkədə "Zəfər" başlığı ilə paylaşıb.
Doktor Mirzəliyev sosial media paylaşımında bunları qeyd edib: “Ölüb-ölüb diriltdiklərim, əməliyyatın sonu – Zəfər!”
Hazırda bir çoxları bu həkimdən danışır. Sözsüz, bir insanı sağaltmaq və onu yenidən həyata qaytarmaq böyük işdir. Lakin əməliyyata münasibət birmənalı deyil.
Ölkədə beyin cərrahiyyəsinin peşəkarlarından olan, Azərbaycan Neyrocərrahlar Assosiasiyasının daimi üzvü Rauf Sadıqov deyir ki, bir xəstənin əməliyyatının 32 saat davam etməsi heç də həmin həkimin uğuru demək deyil.
Sözügedən əməliyyat bəzi həkimlər tərəfindən də sosial şəbəkələrdə qınanılıb. Onlar bir həkimin 32 saat əməliyyat etməsini tibbi protokollara zidd və mümkünsüz sayırlar.
"Xəzər Xəbər"ə açıqlama verən əməliyyatı icra edən həkim Pərvin Mirzəliyev isə məsələyə belə aydınlıq gətirib: "Bir cərrahın, xüsusən beyin cərrahının bu qədər təkbaşına əməliyyat etməsi mümkün deyil. Bu xəstə mənim xəstəm idi, mənim adıma olan əməliyyat idi. Burada aparıcı cərrah mən olmuşam. Əməliyuyata başladıqdan 5-6 saat sonra 4-5 dəfə fasilə verilib. Yəni həm mən, həm də digər həkimlər fasilə verib. Mən davam etmişəm, yorulandan sonra isə onlar prosesi icra ediblər. Burada mən hələ rezidentləri qeyd etmirəm. Anestezioloq komandası 3 dəfə dəyişib, tibb bacıları dəyişib”.
Pərvin Mirzəliyev həmçinin bildirib ki, əməliyyatın bu qədər uzanmasının əsas səbəbi xəstədə qanamanın çox olması olub.
Neyrocərrah onu da bildirdi ki, əmliyyat zamanı xəstəyə 13-ə yaxın, reanimasiyada isə 6 qan kütləsi köçürülüb. Xəstənin vəziyyəti hazırda qənaətbəxş hesab olunur.
Bəs aidiyyəti qurumun məsələ ilə bağlı mövqeyi necədir?
Neyrocərrahiyə Assosiasiyasından "Xəzər Xəbər"ə bildirildi ki, məsələ Assosiasiyada müzakirə olunacaq.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.