EN

Eyni gündə baş tutan Tramp-Zelenski-Merz danışıqları: ABŞ Ukraynanın hava hücumundan müdafiəsinə dəstək verəcəkmi?

ABŞ prezidenti Donald Tramp Vladimir Zelenski ilə telefon danışığında Ukraynaya hava hücumundan müdafiəni gücləndirməkdə dəstəyini davam etdirmək istədiyini bildirib.

Musavat.com xəbər verir ki, məlumatı Amerikanın Axios internet portalı yayıb.

Mənbələrindən birinə görə, "Tramp hava hücumundan müdafiə ilə bağlı kömək etmək istədiyini və nəyin dayandırıldığını yoxlayacağını söylədi". Söhbət Amerika hərbi texnikasının bəzi növlərinin Kiyevə çatdırılmasının dayandırılmasından gedir. Söhbət 40 dəqiqəyə yaxın davam edib, onun əsas mövzusu Kiyevin hava hücumundan müdafiə sistemlərinə ehtiyacı olub.

Nəşrin ukraynalı rəsmiyə istinadən verdiyi xəbərə görə, Tramp və Zelenski ABŞ və Ukrayna nümayəndələrinin “hava hücumundan müdafiə və digər silahların tədarükü məsələsini müzakirə etmək üçün tezliklə görüşəcəkləri” barədə razılığa gəliblər.

Bu gün Almaniya kansleri Fridrix Merzlə Donald Tramp arasındakı telefon danışığının da əsas mövzusu Ukraynadakı vəziyyət, xüsusən də Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsi olub. “Der Spiegel” jurnalı hökumətdəki mənbələrə istinadən yazdığına görə, Tramp Merzlə söhbətində Kiyevə silah ötürülməsi ilə bağlı heç bir öhdəlik götürməyib.

“Der Spiegel” yazır ki, hələ may ayında Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-a “Patriot” sistemləri satmağı təklif etmişdi, Almaniya bu sistemlərin pulunu ödəyib Ukraynaya təhvil verəcək. O, bu barədə Pentaqonun rəhbəri Piet Heqsetlə telefon danışığında məlumat verib. Lakin ABŞ NATO-nun Haaqa sammitində də daxil olmaqla bir daha bu məsələni qaldırmayıb. Almaniya Müdafiə Nazirliyinin məlumatına görə, iyulun ortalarında Pistorius, Vaşinqtona gedəcək və orada bu məsələni yenidən müzakirə edə bilər.

 

Musavat.com

Chosen
39
38
musavat.com

10Sources