ain.az, Bizimyol portalına istinadən məlumat yayır.
Fransa prezidenti Emmanuel Makron Böyük Britaniyanın baş naziri Keir Starmerin Fələstini bir dövlət kimi tezliklə tanımasını istəyir.
Bizimyol.info xəbər verir ki, bu barədə Britaniya hökumətindəki mənbəyə istinadən “The Daily Telegraph” qəzeti məlumat yayıb.
"Fransızlar bizi Fələstinin tanınması məsələsinə qaytarmağa çalışırlar. Biz öhdəsindən gələ bilmirik. Siz bunu (dövləti tanıyaraq) o zaman edirsiniz ki, onunla nəyəsə nail ola bilərsiniz, nəinki "biz bunu etdik" demək naminə", - deyə mənbə bildirib.
Qeyd olunur ki, Fransa liderinin iyulun 8-dən 10-dək Böyük Britaniyaya 3 günlük səfəri zamanı Makron və Starmer arasında keçiriləcək görüşdə Fələstin məsələsi müzakirə olunacaq. Fələstinin tanınma vaxtı ilə bağlı tərəflər arasında hələ də fikir ayrılığı var. Nəşrin məlumatına görə, Makron Fələstin dövlətçiliyinin mümkün qədər tez tanınmasının tərəfdarıdır.
“Biz Fələstin-İsrail münaqişəsinin iki dövlətin birgə yaşaması prinsipinə əsaslanan, həm israillilər, həm də fələstinlilər üçün təhlükəsizlik və sabitliyə zəmanət verən həllini dəstəkləyirik. Bizim həmişəki mövqeyimiz ondan ibarətdir ki, biz sülh prosesi üçün ən əlverişli zamanda Fələstin dövlətini tanıyacağıq", - deyə Britaniya Xarici İşlər Nazirliyinin sözçüsü mətbuatda dərc olunanları şərh edərkən bildirib.
“The Daily Telegraph” yazır ki, London Fələstinin tanınmasının “sadəcə simvolik” addımdan daha çox olmasını istəyir. Bununla bağlı Britaniya tərəfinin fikrincə, bu məsələ Fələstinin HƏMAS radikal hərəkatının qarşılıqlı güzəştləri ilə əlaqələndirilməlidir.
Xüsusilə krallıq hökuməti HƏMAS-dan silahlarını yerə qoymağı və İsrailin hərbi əməliyyatlarından sonra Fələstinin bərpası zamanı ona rəhbərlik etməməyə razılıq verməsini tələb edə bilər.
Qəzet Makronun səfərinin əsas nəticəsinin Böyük Britaniya və Fransa arasında miqrantların “bir-bir” prinsipi ilə qovulmasına dair razılaşmanın elan edilməsi olacağını vurğulayıb.
Ehtimal olunur ki, krallıq şişmə qayıqlarla Manş boğazını keçən qeyri-qanuni mühacirləri Fransa ərazisinə qaytaracaq və bunun müqabilində Fransadan sığınacaq axtaran şəxsləri götürəcək.
Bundan əlavə, tərəflər nüvə enerjisi sahəsində birgə layihələr haqqında sazişi elan edə bilərlər. Makron və Starmer, həmçinin münaqişə bitdikdən sonra Ukraynaya “istəklilər koalisiyasının” qoşunlarının göndərilməsi məsələsini müzakirə etməyə davam edəcəklər.
Dövlət səfəri zamanı Fransa prezidentini Böyük Britaniya kralı III Çarlz və xanımı Kamilla Vindzor qəsrində qəbul edəcəklər.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.