BAKI, TurkicWorld
Texasda daşqın fəlakəti - Azı 13 nəfər ölüb, 20 uşaq itkin düşüb.
TurkicWorldxəbər verir ki, ABŞ-ın Texas ştatının mərkəzi bölgələrində güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 13 nəfər həyatını itirib, qızlar üçün nəzərdə tutulmuş yay düşərgəsində olan 20 uşağın itkin düşdüyü bildirilib.
Rəsmilər fəlakətin miqyasının geniş ola biləcəyini və itkinlərin sayının artacağından ehtiyat edirlər.
Kerr dairəsinin şerifi Larry Leitha keçirdiyi mətbuat konfransında bildirib ki, axtarışlar davam edir və itkin düşənlərin müəyyənləşdirilməsi bir neçə gün çəkə bilər. O, bölgədə "daşqın xəbərdarlığı"nın qüvvədə olduğunu və təhlükənin tam keçmədiyini əlavə edib.
Texas leytenant qubernatoru Dan Patrikin verdiyi məlumata görə, Hill County-dəki Camp Mystic xristian yay düşərgəsində fəlakətli daşqın nəticəsində 20 uşağın izinə hələlik rast gəlinməyib. Axtarışlara 14 helikopter, 12 pilotsuz uçuş aparatı və 500-ə yaxın xilasetmə əməkdaşı cəlb olunub.
Quadalupe çayının daşması ilə yaranan daşqınlar Texas Milli Qvardiyasını və fövqəladə xidmətləri səfərbər edib. Ştatın qubernatoru Gregg Abbott vəziyyətin ciddi olduğunu vurğulayıb və xilasetmə işlərinin davam etdiyini açıqlayıb.
Qeyd edək ki, ABŞ-ın digər bölgələrində də oxşar fəlakətlər yaşanır. Nyu Cersidə bir gün əvvəl güclü fırtına nəticəsində ağacın avtomobilin üzərinə düşməsi səbəbilə 3 nəfər həyatını itirib.