EN

Tramp-Putin danışığı: kim kimdən şikayət etdi?

Ağ Ev sahibi məyusdur; Rusiya müharibəni davam etdirməkdə israrlıdır - bölgəni nə gözləyir...

İyulun 3-ü axşam saatlarında ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında növbəti telefon danışığı baş tutub. Bu, Ağ Ev və Kreml sahibləri arasında son 20 gündə ikinci danışıq idi. Son zamanlarda intensivləşən bu əlaqələrdən gözləntilər durmadan artmaqda idi. Xüsusilə son telefon danışığına diqqət daha böyük idi.

Təxminən bir saat davam edən söhbətdə Ukrayna müharibəsi, İran-Suriya böhranı və ümumilikdə Yaxın Şərqdəki gərginlik müzakirə olunub. Kremlin açıqlamasına görə, Tramp yenidən Ukraynadakı hərbi əməliyyatların dayandırılmasını gündəmə gətirib. Putin isə Rusiyanın danışıqlara hazır olduğunu, lakin “xüsusi hərbi əməliyyat”ın məqsədlərindən geri çəkilməyəcəyini bildirib.

Tramp bu danışıqların “heç bir irəliləyiş gətirmədiyini” deyərək, Ukraynadakı vəziyyətdən narazılığını ifadə edib. ABŞ-nin Ukraynaya silah yardımlarından danışan Tramp Bayden administrasiyasını sərt tənqid edib: “Biz Ukraynaya kifayət qədər silah göndərmişik və bu proses davam edir. Lakin Bayden hökuməti ölkəni tükətmək həddinə çatdırıb. Əvvəlcə əmin olmalıyıq ki, bizim də silah ehtiyatımız kifayət qədərdir”.

Danışıqda həmçinin İran və Suriya ətrafındakı vəziyyət, eləcə də Yaxın Şərqdəki ümumi gərginlik müzakirə olunub. Putin 4 iyul - ABŞ-ın Müstəqillik Günü münasibətilə Trampı təbrik edib və maraqlı fikir səsləndirib: “Rusiya Amerikanın dövlətçiliyinin formalaşmasında heç də az rol oynamayıb”.

Kreml rəhbəri, həmçinin ABŞ ilə Rusiya arasında “ənənəvi dəyərləri təşviq edən” filmlərin mübadiləsini təklif edib. Prezidentin köməkçisi Yuri Uşakovun sözlərinə görə, Tramp bu ideyanı müsbət qarşılayıb. Uşakov söhbətin kim tərəfindən bitirildiyini dəqiqləşdirməyib, yalnız bildirib ki, “sonda tərcüməçilər dəstəyi yerə qoydu”.

Ukrayna prezidenti Volodimir Zelenski də yaxın vaxtlarda Tramp ilə telefon danışığı aparacağını bəyan edib.

Onu da bildirək ki, Tramp Putinlə apardığı son telefon danışığından sonra jurnalistlərə açıqlama verib.

O, bu söhbətdən dərin məyusluq hissi keçirdiyini bildirib. Onun sözlərinə görə, Putin Ukraynaya qarşı apardığı müharibəni dayandırmaq niyyətində deyil.

ABŞ və Rusiya prezidentlərinin son 20 gündəki ikinci telefon danışığı dünyaya, bölgəmizə nə vəd edir?

Əli

Əli Orucov

AMİP liderinin köməkçisi, politoloq Əli Orucov “Yeni Müsavat”a bildirdi ki, indiyə qədər Tramp və Putin arasında baş tutan telefon zənginin hər biri Ağ Evdən edilib: “Birləşmiş Ştatlar Rusiya ilə işləməyə, əlverişli sövdələşməyə və ticari qazanclar əldə etməyə can atır.  Ağ Ev rəhbəri məsələlərə daha çox iqtisadi-ticari prizmadan yanaşdığından Rusiyanın zəngin təbii resursları və potensialı diqqətdən kənarda qala bilməz. Eyni zamanda, Trampın beynəlxalq reputasiyası da Putinlə razılaşma əldə edə biləcəyindən xeyli asılıdır. Hesab etmirəm ki, Vaşinqtonun bu dəfəki cəhdi müsbət nəticə verəcək və müharibəni ilin sonunadək durdurmaq mümkün olacaq. Çünki Qərb faktoru və Ukraynanın təhlükəsizliyinə təminat verilmədən, həmçinin ərazi bütövlüyünün bərpasına nail olmadan müharibənin bitməsi gözlənilmir. Rusiya da öz əvvəlki mövqeyindən geri çəkilmək niyyətində deyil. Bunu da açıq şəkildə bildirib. Belə olan halda, ziddiyyətlərin yaxınlaşması və hər hansı bir qarşılıqlı etimadın yaranması mümkünsüz görünür. Rusiya bunun qarşılığında Ukraynaya hücumu artırıb, Kiyevə intensiv zərbələr endirir. Ola bilsin Yaxın Şərq məsələsində, Suriya və İran-İsrail qarşıdurması kimi mövzularda Putinlə razılaşmalar mümkün olsun. Ukrayna isə Rusiyanın ”qırmızı xətti" olduğundan və gələcək taleyi birbaşa həmin müharibənin necə bitə biləcəyinə bağlı olduğundan Moskva güzəştləri qəti şəkildə rədd edir".

Niyaməddin

Niyaməddin Orduxanlı

Ədalət, Hüquq və Demokratiya Partiyası sədrinin müavini, politoloq Niyaməddin Orduxanlı sensasion bir iddiadadır. O hesab edir ki, Tramp əslində, Putinin tapşırıqlarını icra edir: “Putinin Trampla tez-tez danışması onu deməyə əsas verir ki, hər iki dövlət başçısı arasında çox yaxın münasibətin olması həqiqətdir. Bir sözlə, Tramp Putinin tapşırıqlarını hansı formada yerinə yetirməsini müzakirə edir. Tramp çox ağıllı formada bu tapşırıqları icra edir. Amerika cəmiyyətinin çox ciddi etirazlarını da nəzərdən qaçırmır. Hər iki dövlət başçısının rəsmi telefon danışıqları haqqında məlumat yayılır. Ancaq ola bilər ki, ictimaiyyətə açıqlanmayan xeyli sayda telefon danışıqları mövcuddur. Həm də çox gülməli situasiyadır. ABŞ dövləti neçə ildir ki, Rusiyaya sanksiya tətbiq edir və bu prosesə Avropa ölkələrini, Qərbi də cəlb edib. Ancaq Tramp prezident seçiləndən sonra isə, Rusiyaya imünasibətin yaxşı mənada dəyişdirilməsinə çalışır. Putin Trampı 4 iyul bayramı münasibətilə təbrik edir və Rusiyanın ABŞ dövlətçiliyinin inkişafına verdiyi töhfəni qeyd edir. O ki qaldı, Ukrayna müharibəsinin yaxın zamanlarda bitməsinə, bu versiya az ehtimal olunur. Putinin şərtləri Ukrayna üçün çox ağırdır. Onsuzda biz ilk gündən qeyd etmişdik ki, ABŞ sonda Ukraynanı Rusiyaya güzəştə getməyə məcbur edəcək. Trampın sülh istəyi Ukraynanın ərazi bütövlüyünün tam təminin həyata keçməsi ilə bitir? Əlbəttə ki, xeyr! Buna görə də, ən yaxşı halda Rusiya-Ukrayna müharibəsi davam etməlidir”.

Onun fikrincə, vəziyyəti uzatmaq siyasətinə üstünlük veriləcək: “Tramp prezident seçkilərində bəyan edirdi ki, bir neçə günə müharibəni bitirəcək. Ancaq artıq yarım il geridə qalıb, müharibəni bitirə bilib? Hər kəs də çox yaxşı başa düşür ki, Trampın o cür bəyanatları məhz seçkiyə hesablanmış bəyanatlar idi. Çox təəssüf ki, Zelenskinin dövlət idarəçiliyi və siyasi təcrübəsinin olmaması Ukrayna dövlətini və xalqını çox ağır vəziyyətə gətirib çıxardı. Müdrik rəhbərlər öz xalqını ağır duruma salıb, sonra həmin vəziyyətdən çıxmaq haqqında düşünməməlidir, ağıllı rəhbərlər, ümumiyyətlə, öz xalqının belə vəziyyətə gəlib çıxmasına imkan verməməliydi! Trampın sülhə nail olması çoxdan iflasa uğrayıb”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Chosen
41
50
musavat.com

10Sources